Siyasət 15:55 16.07.2020

"Bəzi xarici ölkələrin qrupları Azərbaycanda iğtişaş yaratmağa çalışdılar"

"Azərbaycan Ermənistan silahlı qüvvələrinin təxribatına həmişə məruz qalır. Eyni vəziyyət yenə təkrarlandı. Artıq günlərdir ki, Tovuz istiqamətində döyüşlər gedir".

Bunu "MediaPost"a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. 

Politoloq bildirib ki, hazırda da davam edən döyüşlərdə yüksək rütbəli zabitlərin həlak olması xalqın həm böyük acısı, həm də fəxridir:

"Torpaqlarımızın 30 il Ermənistanın işğalında qalması və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi iki tərəfi kompromisə gətirə bilmədi. Bugünkü reallıq odur ki, Ermənistan tərəfi torpaqlarımızı danışıqlar yolu ilə qaytarmayacaq, bu, hamıya bəllidir. Beynəlxalq qurumlar da bu məsələyə birmənalı münasibət bildirmirlər. BMT-nin 4 qətnaməsi icra olunmur. Bu da, Azərbaycan xalqının səfərbərlik tələb etməsi ilə nəticələnir. Xalq öz torpaqlarını müharibə yolu ilə qaytarmaq istəyir".

R. Məmmədova vurğulayıb ki, Azərbaycan xalqının milli ruhu yüksəkdir. Müharibə başlayarsa, ordumuz İrəvana kimi irəliləyə bilər: "14 iyul tarixində keçirilmiş dinc aksiya normal qaydada başa çatmaq üzrə idi, ancaq kiçik bir kütlə bəzi şüarlar səsləndirməyə başladı. Düşünürəm ki, bu təxribat məqsədli şəkildə hazırlanmışdı. Çünki Azərbaycanı istəməyən, ona ziyan verməyə çalışan qüvvələr az deyil. Xarici ölkələrin sifarişi ilə belə qruplar ölkədə məhz iğtişaş yaratmaq istəyirlər. Dinc aksiyanı da faciəyə çevirmək istəyən həmin qüvvələr idi. Lakin Azərbaycanı istəməyən qruplar öz niyyətlərinə nail ola bilmədilər. Bütün hallarda, orduya dəstək naminə keçirilən dinc aksiya möhtəşəm idi. Bir neçə savadsız insanın səhvini, bilməyərəkdən təxribata uymasını ümumi aksiyaya neqativ hal kimi qiymətləndirmək olmaz. Bu aksiya azərbaycançılıq ruhunun göstəricisi idi. Buna görə hər bir Azərbaycan vətəndaşına təşəkkür etməliyik".