Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan "Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillər iyunun ayından etibarən satışa çıxarılıb.
Bu barədə Modern.az-a məlumat verən "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov satışın hələlik Bakının Badamdar qəsəbəsində aparıldığını bildirib:
"İlkin olaraq satışlar Badamdar maşın bazarında nəzərdə tutulduğundan orada açılış etdik və satış başlandı. Orada "Khazar” LD və "Khazar” SD markaları alıcıların ixtiyarına verilib. Növbəti mərhələdə şəhərin müxtəlif nöqtələrində satış mağazalarımız fəaliyyətə başlayacaq. 2018-ci ilin sonunadək bütün mağazalarımızın açılmasını nəzərdə tutumuşuq”.
E.Axundovun sözlərinə görə, 1 ay müddətində zavodda 100 maşın istehsal olunub və satılıb:
"Hazırda 50 maşın istehsal prosesindədir. Növbəti ay üçün 200 ədəd də sifarişimiz var”.
Sədr deyib ki, İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası ilə yanaşı, digər dövlət qurumları tərəfindən də sifarişlər daxil olmaqdadır:
"Hazırda daxil olan sifarişlərin hansı modeldən olması və ona uyğun istehsala başlanılması nəzərdə tutulur”.
Qeyd edək ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd "Khazar” LD və 100 ədəd "Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır.
"Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, "Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. "Khazar” avtomobillərini nağd, köçürmə və 20 faiz ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.
Şərhlər