Xəbər lenti

Bir sıra rayonların heyvan bazarları bağlandı
Ekonomiks 11:14 17.07.2014

Bir sıra rayonların heyvan bazarları bağlandı


Azərbaycanda nodulyar dermatit virus xəstəliyinin xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AzNews.az-a verilən məlumata görə, bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır.

Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanmış, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirlər aparılır. Bu işlərin yüksək səviyyədə təşkili istiqamətində yerli rayon icra hakimiyyətləri də yaxından iştirak edirlər.

Nodulyar dermatit xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilmişdir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir.

Hələlik heyvanlar arasında tələfat müşahidə edilmir.

Təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir.

Dövlət Xidməti əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatçılıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya tədbirləri davam etdirilsin.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->