Orxan Saffari

Blogger
Yazılar
19
Bircə bu Allahsız darıxmaq olmaya...

Bircə bu Allahsız darıxmaq olmaya...

 Orxan Saffari
 
Çoxdandır ki, mülkü şəkildə darıxmıram. Mülkü həyat üçün darıxmaq ayrı, burda özüm üçün mülkü darıxmaq növü də icad eləmişəm. Hətta onu deyim ki, inanmıram bu hərbi hissədə kimsə mənim kimi mülkü şəkildə darıxsın. 

Düzü, bir az yaşımın çox olması, bir az dünya görüşüm, bura gəlməzdən əvvəlki yaşayışım zəmin yaradır ki, hamı kimi darıxmayım, hamı kimi olmayım, amma bütün hallarda bir insanam, əsgərəm. Əsgər kimi darıxmağa da məcburam.

İndi ən çox ədəbiyyat camiəsi, kitablar, yazıçı-şair dostlar üçün darıxıram. Məclislərdən ötrü burnumun ucu göynəmir e, göynəmək başqa şeydir, burnumun ucu artıq yoxdu. Bir az da şaxta tutub. 

Hamımızın yığışdığı "Delikates"-tən ötrü ümumiyyətlə sino gedirəm. Hazırda əziz dostum Rəvan Cavid də hərbi xidmətdədir. Əminəm ki, o da mənim kimi darıxır. Amma onun vaxtına lap az qalıb. Hərbi dili ilə desək "ata prizivimdir". Gələcək, yəqin ki, yenə Orxan Həsəni, Ayxan Ayvazla birgə yığışacaqlar, yenə kitab söhbətləri, yenə hekayə, yenə, yenə... 

Mülküdə hərdən bu kimi söhbətlərdən bezsəm də, indi çox darıxmışam. Ən çox da Həsəninin bezdirici ədəbiyyat söhbətləri üçün. Zalım oğlu aman vermir ki. Lyosa belə gəldi, Keret oyana getdi. Əzizim Orxan, Qərargah rəisi elə gəldi, zampalit elə getdi ki...

Mənim üçün ədəbiyyat həyatın özüdür. Onu heç vaxt kitablarda axtarmamışam. Amma bura gələndən gözüm həyatda cəmi bir kitab da olsa oxumuş adam axtarır. Gənc əsgər olan vaxt yenə bir az çox idi, bu dağ-dərədə isə çətin məsələdir. Oxuyanlar da Rövşən Abdullaoğlu, Çingiz Abdullayev, Elxan Elatlı oxuyur. Neyləyim, "yoxa nəhlət" deyib keçirəm. 

Amma bir əsgər yoldaşım var, Elnur, sağ olsun, Allah canına dəyməsin, Jül Vern, Drayzer, Tolstoy, Hemenquey və.s nə desən oxuyub. Allah onu minbudaq eləsin. Keçənlərdə "Bayrakları bayrak yapan üstündeki kandır, toprak-eyer uğrunda ölen varsa, vatandır" misrasının Bəxtiyar Vahabzadənin yox, Mehmet Akif Ersoyun olduğunu bildiyi üçün ayağa şığıyıb qucaqladım da. Bu dağın başında ən əzizimi gördüm sanki. Ona nə qədər təşəkkür eləsəm azdır. Mənə belə bir sevinc yaşatdığı üçün "çayni" gələndə bir qutu "Ballı arqo" siqareti də boyun oldum. Sağlıq olsun, yazıçı dostlarımla da tanış edəcəm onu. Özü də elə belə oğlan deyil, məni gör, onu gör. 

Hemenquey demiş, burda hərdən özümü onun kimi hiss edirəm. Onsuz da, görünüş cəhətdən, xarakter baxımından sevimli yazıçımla oxşarlığım var, bircə qalıb müharibənin içindən roman yazmaq. Əsgərliyə gələndən özümü elə daha çox müharibə tipli kitablara yükləmişəm. Əlimə düşdükcə, vaxt olduqca tapıb oxuyuram. Hazırda gözümün ağı-qarası Lyosam da var. Qarşıda da 7 ay, oxumaq istədiyim bir xeyli kitab. Sağlıq olsun, hamısı düzələn şeydir.

Bircə bu Allahsız darıxmaq var. Polnu formada necə darıxıramsa... Təkliyə düşəndə silahla, süngü ilə də danışıram. Məsələn, bir axşamçağı ağ donlu xanımla bulvarda çay içməyimi, sonra onu öpməyimi.. Bütün sevdiyim qadınlar üçün darıxıram. Hamısına ayrı-ayrı. İndi onlarla gəzmək, yeyib-içmək, söhbət etmək, siz də məni bağışlayın, əsgər adamam, sevişmək istəyirəm. 

"O şimdi asker, canı neler ister..."

Buralar mənim üçün çox maraqlıdır, maraqlı hadisələr, anlar olur. Bir yazıçı üçün bundan yaxşı nə ola bilər? Hər dəfə maraqlı nəsə yazanda beynimin bir köşəsində köşə yazımı yazıram, hekayə qururam. 

Balaca bir hadisə danışım, hələlik yekunlaşaq. Mən sizinlə məzuniyyətdə, siz də hələlik yaza biləcəyim yazılarda görüşərik. 

Laçınının bir kəndindən başqa bir kəndinə köçmüşdük. Qaldığımız yerlər evlər olduğu üçün məcburən özümüz özümüzə şərait qurmalı olurduq. Çox da dağılmamış bir ev tapır, başqa evlərdən də lazım olan vəsaitləri söküb gətiririk ki, ortaya yaşamaq üçün normal bir ev çıxardaq. 

Yeni gəldiyimiz kəndə 2-3 gün idi yerləşmişdik, mülkülər öz evlərini görməyə gəldi. Pəəh. İndi nətər sevinirik. Siqaretin olmadığı bir vaxtda blok-blok siqaretlə gəliblər, həm də elə aylar sonra mülki nəsə görmək adamı sevindirirdi. Hər şey bir yana, günlərlə siqaretsizlik birtəhər eləmişdi bizi. Burada da bundan böyük xoşbəxtlik ola bilməz. 

Elə yanlarına qoşulub gəzirdik, söhbətləşirdik ki, şəxsən mənim sökdüyüm bir evə gəldik. Kişinin birini ağlamaq tutdu, bir ağlamaq tutdu, gəl görəsən. Başladı nə başladı;

"Ay anam, ay atam, gör erməni oğraşları evi nə günə qoyub, ay Allah, sən özün bunları yer üzündən sil. Şərəfsizlər pola qədər söküb aparıb"

Ağlaya-ağlaya üzümə baxır, sonra yenə söyür. Mən də polu necə sökdüyümü düşünüb sakitcə dayanmışam. Tay bu vəziyyətdə mən sökmüşəm deyə bilmədiyimə görə, məcbur mən də qoşulub söyməyə başladım. 

"Hə e, ağsaqqal, bunlar şərəfsizdi, adam deyillər ki. Qanları xarabdı, qanları. Vəhşidilər".

Hələ üstəlik dayı ilə qucaqlaşıb bir təsəlli də verdim ki, buna söhbət ola bilməz.

"Hamısını düzəldəcəyik, dayı. Biz burdayıq, gəlmişik, narahat olma". 

İçimdə də də dedim, əşşi, onsuz da hərbi biletə yazılmır ha".

OXŞAR XƏBƏRLƏR

X