Xəbər lenti

Bizi gözləyən təhlükə...
Vüsal Bağırlı
Ölkə 14:37 14.01.2020

Bizi gözləyən təhlükə...

Vüsal Bağırlı

2019-cu ilin aprelində, Parisin və xristianlığın simvolu sayılan tarixi abidə,  Notr-Dam kilsəsi od tutub xarabazara çevrildi. İnqilablar, islahatlar beşiyi, əsrarəngiz ətirlər, şampan və şərablar diyarı, sevgi-məhəbbət şəhəri odun-atəşin əlində girinc qaldı.

Bu yaxınlarda isə, Avstraliya qitəsində milyonlarla hektar meşə sahəsi bir neçə günün içərisində yanıb kül oldu. Cəhənnəm odu yüksək temperatur və güclü küləyin köməyi ilə qol-qanad açdı və ildırım sürəti ilə hər tərəfə yayıldı. Vaxtilə yaşıllıq, həyat nümunəsi olan yerlər, ormanlar, yanmış, qapqara qaralmış, kömürə dönmüş miskin ərazilərə, cansız səhralıqlara çevrildi. Yanğının təsirindən Avstraliyanın paytaxtı Kanberrada havanın çirklənmə səviyyəsi, "həyat üçün təhlükəli” sayılan kritik həddi nə az, nə çox, 26 dəfə ötdü. 

Sidney şəhərinin tərkibində olduğu Cənubi Uels ştatının minlərlə sakini isə qorxunc ad-atəşdən xilas olmaq üçün dənizkənarı ərazilərə evakuasiya olundular. Yanğın zonasına hərbi texnika cəlb edildi, kömək üçün (avtosisternlərdən istifadə) ABŞ və Kanadaya müraciətlər göndərildi.

İndi qitədə kül olmuş ərazilərin miqyası dərin heyrət və təəssüf doğurmaqdadır. Təsəvvür edin, 157 min kvadrat kilometrlik nəhəng meşə zolağı yerlə yeksan olmuşdur. Bunun nə demək olduğunu gözünüz qarşısına gətirin, təxminən iki Azərbaycan boyda sahə. Bir milyarddan çox heyvan ölmüşdür. Flora və fauna aləmi məhv edilmişdir. Buna yalnız bir ad vermək olar: dəhşət!

Bildiyimiz kimi, müasir dünyada elm və texnika sürətlə inkişaf edir. Alimlər mikrobiologiya, radiotexnika, kosmik tədqiqatlar, DNK, gen və hüceyrə miqyasında araşdırmalar üzrə müxtəlif inqilabi kəşflərə, heyrət doğuran ixtiralara imza atırlar.

Amma, bəşəriyyət, müasir insan övladı  hələ də bəzi ibtidai və qədimi təbii fəlakətlər (zəlzələ, vulkan, meşə yanğınları, sunami və s.) bəzi xəstəliklər (xərçəng, QÇİS və s.) qarşısında aciz qalmaqdadır.

Üstəlik, qos-qoca Yer planetinin kosmik ənginliklərdə süzən hansısa yad cisim, kometa və ya asteroidlərlə toqquşma ehtimalı da yüksəkdir.

Lakin, Yer planeti üçün ən böyük təhlükə məncə, elə bizik. İnsanlardan başqa planetə ziyan vuran, ekologiyanı pozan, müharibələr edən, atmosferi sənaye tüstüsündə boğan başqa bir canlı varlıq mövcud deyildir.

Təsəvvür edin. Tutaq ki, biz insanlar inkişafın elə bir həddinə gəlib çatırıq ki, artıq bütün xəstəliklərə qalib gəlir, genimizi dəyişir, 50-100 il deyil, 1000 il yaşayırıq. Sayımız isə 10 milyarda deyil, 100 milyarda gəlib çatır. Belə olan halda, görəsən Planet bu həngaməyə, bu basabasa, tıxaca dözə biləcəkmi? Görəsən bu qədər insan kütləsini sürətlə tükənən yer resursları hesabına yedirib, içirib, doyurmaq olacaqmı?

İnanmıram!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->