İdman 22:09 19.01.2022

Bolqarıstan klubu “Neftçi” ilə oynamaqdan imtina etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi”nin Bolqarıstanın 
"MOİK 1948” komandası ilə yoxlama oyunu baş tutmayacaq.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi "ağ-qaralar”a qarşı matçdan imtina edib. Klub bunu texniki səbəblərlə əlaqələndirib.

”MOİK-1948” həmin tarixdə Şimali Makedoniya "Borets”i ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Neftçi” Antalyada artıq iki yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan "Kişvarda”sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla” (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.