Xəbər lenti

Siyasət 19:22 21.12.2024

"Sülh sazişi yeni geosiyasi vəziyyətdən asılıdır" - Politoloq

"İki ölkə arasında sülhün əldə edilməsi geosiyasi vəziyyətdən asılıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Türkiyə XİN rəhbəri Hakan Fidanın Almaniyalı həmkarı Annalena Berbokla görüşdə Azərbaycanın və Ermənistanın arasında sülh sazişinin imzalanması üçün tarixi fürsətin yaranığı barədə fikirlərini şərh edərkən deyib.

"Türkiyə XİN rəhbəri Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması ilə bağlı səsləndirdiyi fikirlər doğru və yerində qeyd edilmiş fikirlərdir. Onun vurğuladığı tərəfsiz və obyektiv dəstək anlayışı altında çox mətləblər vardır. Tərəfsizlik bu məsələdə əsas rol oynayır. Çünki illərdir problemin uzanması iştirakçı ölkələrin tərəfsizliyi səbəbindən uzanır və onlar da öz maraqlarını güdürlər. Obyektivlik isə ondadır ki, hər iki münaqişə tərəfinin maraqları nəzərə alınmaqla məsələ həll olunmalıdır. Bura Ermənistandan qaçqın düşmüş insanların öz dədə-baba torpaqlarına qayıtmasından tutmuş Ermənistanın Azərbaycana işğal zamanı vurduğu ziyanın ödənilməsinə kimi bir sıra məsələlər aiddir", deyə Azər Qasımov bildirib.
 


Həmsöhbətimiz qeyd edir ki, məsələnin mahiyyəti elə də sadə deyil:

"İki ölkə arasında sülh böyük ölçüdə geosiyasi durumla bağlıdır. Məsələnin mahiyyəti elə də sadə deyildir. Tərəflərdən hər birinin deyilən və deyilməyən istəkləri, beynəlxalq konyukturdan gözləntiləri fonunda atmaq istədiyi addımlar var. Formalaşan yeni dünya düzəninin beynəlxalq arenaya gətirəcəyi yeniliklər köhnə düzənin stereotiplərini qırmağa qabildir. Məsələn, Rusiyanın Ukraynadan alacağı torpaqların beynəlxalq aləm tərəfindən qəbul edilməsi və ya Suriya ərazisində formalaşması mümkün görünən yeni torpaq bölgüsü kimi. Bunların olacağı durumda dünyada güc yolu ilə sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyü stereotipinin qırılması baş verəcək ki, bu da digər ərazilərə sirayət edəcək. Məsələn, Cənubi Qafqaza".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniya xarici işlər naziri Annalena Berbokla görüşdə Azərbaycanın və Ermənistanın arasında sülh sazişinin imzalanması üçün tarixi fürsətin yaranığını bildirib. Fidan görüş zamanı iki ölkə arasında sülhün əldə olunmasının vacibliyini vurğulayıb və bildirib ki, bu prosesdə üçüncü tərəflərin dəstəyi böyük əhəmiyyət kəsb edir. 

Onun sözlərinə görə, sülh sazişi tərəfsiz və obyektiv dəstək ilə təmin edilməlidir. Nazir, həmçinin, bölgədə davam edən gərginliklərin azaldılması və uzunmüddətli sülhün qurulması məqsədilə beynəlxalq cəmiyyətin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->