Xəbər lenti

Britaniyanın Baş naziri ümumi seçkiləri iyul ayına təyin etdi - Reaksiyalar
Dünya 15:51 23.05.2024

Britaniyanın Baş naziri ümumi seçkiləri iyul ayına təyin etdi - Reaksiyalar

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ümumi seçkiləri iyulun 4-nə təyin etdiyini açıqlayıb. O, kral III Çarlzdan rəsmi prosedura uyğun olaraq seçkilər öncəsi parlamenti buraxmağı xahiş etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır.

"Bu gün səhər saatlarında mən Əlahəzrətlə parlamentin buraxılmasını xahiş etmək üçün danışdım. Kral bu xahişi yerinə yetirdi və iyulun 4-də ümumi seçkilər olacaq”, - Baş nazir bildirib.

Qısa nitqində Baş nazir hökumətinin çətin dövrlərdə əldə etdikləri ilə fəxr etdiyini bildirib.

Baş nazir, xüsusilə, koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə və Ukraynadakı müharibəyə reaksiyadan bəhs edib. Onun sözlərinə görə, sonuncu təkcə qlobal təhlükəsizliyi təhdid etmir, həm də Britaniyada elektrik enerjisi ödənişlərinə təsir edib.

"İqtisadi sabitlik istənilən uğurun təməlidir" deyən Sunak, Böyük Britaniya iqtisadiyyatının böyüməyə davam etdiyini və inflyasiyanın normal səviyyələrə qayıtdığını qeyd edib.

Mühafizəkar baş nazir leyboristləri tənqid edib və yaxın gələcəkdə hər səs üçün mübarizə aparacağını bildirib.

"Mən sizə sübut edəcəm ki, mənim rəhbərliyimlə Mühafizəkarlar hökuməti bizim iqtisadi sabitliyimizi təhlükə altına qoymayacaq", - Britaniyanın baş naziri söz verib.
Leyboristlər partiyasının lideri Kir Starmer bütün Britaniyanın bu anı gözlədiyini bildirib. Onun sözlərinə görə, ölkəni, cəmiyyəti dəyişməyin vaxtı çatıb və bu seçkilər belə bir fürsət yaradacaq.

"Leyboristlərə səs vermək sabitliyə səs verməkdir”, - qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün yaxşı şansları olan ölkənin əsas müxalifət partiyasının 61 yaşlı lideri bildirib. 

"Birlikdə qarışıqlığı dayandıra, yeni səhifə çevirə və Britaniyanı yenidən qurmağa və ölkəmizi dəyişdirməyə başlaya bilərik", - Kir Starmer deyib. 

Sunakın növbədənkənar seçki təyin edə biləcəyi ilə bağlı şayiələr çərşənbə günü fövqəladə kabinet iclası çağırıldıqdan və nazirlər tədbirləri ləğv etdikdən və xaricə səyahətləri azaltdıqdan və ya təxirə saldıqdan sonra yayılmağa başlayıb. 

Xüsusən də xarici işlər naziri Devid Kemeron Albaniyaya səfərini yarımçıq kəsərək Londona qayıdıb, müdafiə naziri Qrant Şapps isə Baltikyanı ölkələrə səfərini təxirə salıb.

Sunak və komandası gün ərzində şayiələri nə təsdiq, nə də təkzib ediblər. Baş nazir yalnız seçkilərin 2024-cü ilin ikinci yarısında keçiriləcəyini təkrarlayıb.
Bundan əvvəl əksər ekspertlər onların oktyabr və ya noyabr aylarına planlaşdırılacağını ehtimal edirdilər. 

Mühafizəkarlar rəy sorğularında leyboristlərdən ciddi şəkildə geri qalırlar (20%-dən çox) və inflyasiyanın 2022-ci ilin sonuna doğru çatdığı tarixi maksimumdan düşməsinə baxmayaraq, fərqi bağlaya bilmirlər.

Çərşənbə günü məlum olub ki, inflyasiyanın tempi demək olar ki, üç illik minimuma enib - illik ifadədə qiymət artımı 2,3%-ə düşüb. İnflyasiyanın azaldılması Böyük Britaniyanın Baş nazirinin 2022-ci ilin oktyabrında vəzifəyə gəldiyi zaman verdiyi əsas vəd olub.

Siyasi müşahidəçilər hesab edirlər ki, Sunak qarşıdan gələn seçkilərdə ölkənin iqtisadi vəziyyətindən yararlanmağa çalışır, lakin tənqidçilər deyirlər ki, müsbət proqnozlar Britaniya hökumətinin siyasətindən daha çox qlobal iqtisadiyyatdakı dəyişikliklərlə bağlıdır.

Çərşənbə günü Leyboristlər Partiyası bildirib ki, seçkilərin təyin olunma vaxtından aslı olmayaraq seçkiyə tam hazırdır.

BBC-nin siyasi şərhçisi Nik Erdli Böyük Britaniyada təyin olunan növbədənkənar seçkilərlə bağlı aşağıdakıları bildirib:

"Ümumi seçkilər çətin yarış olacaq. Onun mahiyyəti aşağıdakılardan ibarət olacaq: 

Rişi Sunak iqtisadiyyatın düzəldiyini, ölkə üçün planının işlədiyini və insanların bunu həyata keçirmək üçün ona etibar etməli olduğunu iddia edəcək.

Leyboristlərin arqumenti sadə olacaq: dəyişiklik. Partiya hökumətin planının işləmədiyini və hakimiyyətə yeni simaların gəlməsinin vaxtının gəldiyini iddia edəcək.
Ayrı-ayrı məsələlər barədə çox sayda mübarizələr olacaq: Milli Səhiyyə Xidməti (NHS), immiqrasiya və milli təhlükəsizlik kimi məsələlər. 

Şotlandiyada da qızğın mübarizə gedəcək. Leyboristlər inanırlar ki, Şotlandiya Milli Partiyasının (SNP) üstünlüyünü dəyişdirə biləcəklər. 

İngiltərənin özündə mübarizə olacaq. Liberal demokratlar mühafizəkarlardan səsləri almağa ümid edirlər”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->