Xəbər lenti

Şəlalə Göytürk Niaqara
Sənət 11:50 16.09.2024

"Tarixin sonu", yoxsa böyük illüziyanın gözlənilməz finalı?

(Frensis Fukuyamanın "Tarixin sonu və sonuncu insan” kitabına subyektiv-analitik baxış) 

Amerikalı politoloq, futurist Frensis Fukuyama 90-cı illərdə "Tarixin sonu və sonuncu insan” adlı bir kitab yazdı. Əsər qısa zamanda bestsellərə çevrildi. Fukuyama bu kitabında belə bir ideya irəli sürdü ki, dünyada siyasi ideologiyaların təkamülünün son nöqtəsi liberal-demokratiyadır və bu idarəetmə tipi insan sivilizasiyasının son kəşfi olacaq. Fukuyamaya görə ikinci dünya müharibəsində faşizmin məğlubiyyəti, daha sonra SSRİ-nin dağılması ilə birgə sosializmin çöküşü Qərb demokratiyasının alternativsiz yayılmasına yol açırdı.   

Fukuyamanın iddiasına görə heç vaxt, heç bir xalq bir daha mühafizəkar və ya mürtəce rejimlərə qayıtmayacaq, liberal yol tutmayan istənilən rejim iqtidarda çox qala bilməyəcəkdi. Ən azı, 90-cı illərin təlatümündən baxanda vəziyyət belə görünürdü. Ona görə həmin illərdə  Fukuyamanın bu əsəri ilə siyasətin peyğəmbərinə çevrilməsi təəccüblə qarşılanmamalıdır. 

Lakin tarixi gedişat professorun proqnozlaşdırdığı xətt üzrə  getmədi. 

Qatıldığı son tele-debatlarda, verdiyi müsahibələrdə Fukuyamanın özü də bunu etiraf edir. 

Müəllifin öz nəzəriyyəsini "Tarixin sonu” adlandırması da intellektual dairələrdə kifayət qədər mübahisə doğurub və tənqid edilib. 

Həqiqətən də bir ideologiyanın digəri üzərində qələbəsi niyə "tarixin sonu” kimi qələmə verilməlidir? Üstəlik, bu qalibiyyətin baş tutmasına əsaslı şübhələr hər zaman olub. Ümumiyyətlə, "tarixin sonu” nə deməkdir? 

Fukuyama bu suallara müxtəlif cür cavablar verib. Məsələn o, "tarixin sonu” dedikdə, bəşəriyyətin sonunu deyil, müharibələrin, münaqişələrin, ideoloji dartışmaların, hətta fəlsəfənin və sənətin sonunu nəzərdə tutduğunu qeyd edirdi. Lakin onun bu cavabları çox da qənaətbəxş sayılmaz. 
Yeri gəlmişkən qeyd edim ki, şəxsən mən də bir dünya vətəndaşı olaraq, liberalizmin öz alternativlərindən daha üstün olduğunu düşünürəm, ancaq bütün dünyanın liberalist olmaq istədiyinə inanacaq qədər sadəlöhv də  deyiləm. 

Başqa bir sual: müəllifdə sonuncu siyasi-sosial sistemin liberal-demokratiya olacağına bu qədər əminlik haradan idi? Bəlkə zamanla liberal demokratiyadan daha güclü, dayanıqlı sistem(lər) ortaya çıxacaqdı? 

Necə ki çıxdı da. Artıq belə bir sistemin yarandığını Qərbdə etiraf edirlər. Bu yeni modelin müəllifi Çindir.

Bəli, Çin nə tamamilə bir sosialist dövlətidir, nə də bütöv şəkildə azad bazar iqtisadiyyatına əsaslanan kapitalist dövləti. Heç liberalizm yolunda da irəliləmir, ölkədə təkpartiyalı sistem mövcuddur. Üstəlik Çinin iqtisadi yüksəlişi heç də Fukuyamaçıların iddia etdiyi kimi qısamüddətli, keçici bir tendensiyaya bənzəmir. Bəs qərbyönümlü liberalizmdən başqa uğurlu alternativ necə ortaya çıxdı? 

Fukuyamanın özü bu suala belə cavab verir: 

"Mənə əsasən Çinlə bağlı sual verirlər. Bu suallar Çin dövlətinin iqtisadi və siyasi baxımdan güclənməsi ilə əlaqəlidir. Çin hakimiyyəti ictimai institutların real siyasətdə iştirakına imkan vermədən onları bu durumla razılaşmağa məcbur edir. Etiraf edirəm ki, onların modeli, mən də daxil olmaqla, çoxlarının düşündüyündən daha stabil görünür. Amma bu sistemin uzun müddət effektiv işləyəcəyini düşünmürəm”. 

Xatırladaq ki Çində sənayenin 66%-i dövlətə məxsusdur. Bank sistemi milliləşdirilib. İqtisadiyyatın əsas istiqamətləri hökumət tərəfindən planlaşdırılır və əsas sahələr subsidiyalaşdırılır. Müəssisələrin 86%-də kommunist partiyasının ənənələri qalmaqdadır. Lakin buna baxmayaraq, Çin iqtisadi və elmi-texniki nailiyyətləri ilə dünyanı qabaqlayır. Qərb mütəxəssislərinin hesablamalarına görə Çin iqtisadiyyatı 2032-ci ilədək iqtisadi artıma görə ABŞ iqtisadiyyatını üstələyəcək. 

Bu da sənə alternativ sistem! 

Daha maraqlı bir məqam: son illərdə Fukuyamanın nəzəriyyəsini iflasa uğradan digər yeni tendensiya nə Afrikada, nə də Yaxın Şərqdə baş qaldırıb. Liberalizmin sərhədlərini sıxışdıran yeni dalğa məhz elə Avropanın Qərbində güclənməkdədir. Söhbət Avropada ultra millətçilliyin dirçəlməsindən gedir. 
Məlum olduğu kimi Avropa İttifaqı ölkələrində keçirilən son hökumət, eləcə də parlament seçkilərində ifrat sağçılar və millətçi qruplar digər partiyaları üstələyərək daha çox səs topladılar. Bir vaxtlar "inqilablar beşiyi” olan Fransa indi dövlət səviyyəsində neokolonist siyasət yürüdür. Almaniyada neofaşizm yenidən dəbə çevirlir,  bütün Avropa qitəsində anti-immiqrasiya birlikləri yerli xalqlar tərəfindən dəstəklənir. Avstriya, Hollandiya və İtaliyada da sağçılar daha çox səs toplayaraq parlamentdə üstünlük qazanıblar. 

Bu il iyunun 6-9-da Avropa Parlamentində keçirilən seçkilər də ifrat sağçıların qələbəsi ilə başa çatıb. 

Beləliklə, bu tərs gedişatı öncədən hiss edən cənab Fukuyama bütün dünyanın liberalizmə can atdığı düşüncəsinə məcburən əl gəzdirməli oldu. Müəllifin ölmüş elan etdiyi imperialist nasionalizm kapitalist Rusiyasında elə xortladı ki, Ukraynanı xarabalığa çevirdi, Avropanın sərhədində tozanaq qopardı. 

Bizim pozitiv futurist artıq, bir şeylərin yolunda getmədiyini dəqiqliyi ilə anlamışdı. Elə həmin ildə, Rusiyanın Ukrayananı işğalı ərəfəsində (2019) o, yeni kitabını çap etdirdi. Fukuyamanın yeni dövrə baxışını ifadə edən kitabı belə adlanır: "Liberalizm və onun tənqidi”. Müəllif bu kitabda "Tarixin sonu”nda irəli sürdüyü bir sıra iddiaları geri götürmüş kimi çıxış edir. Bu kitabda Fukuyamanın ABŞ mərkəzçilikdən  avropamərkəzçiliyə, liberal demokratiyadan, sosial demokratiyaya meyilləndiyini görürük. 

Müəllif "Liberalizm və onun tənqidi” kitabında yazır: 

"Hazırda klassik liberalizm böhran içindədir. O, "neoliberalizm” və "proqressivizm” çətiri altındakı sağ və sol təmayüllü qeyri-liberal qruplar tərəfindən mənimsənilir və yanlış təqdim olunur. Və bu tendensiya demokratiyaya, qanunun aliliyinə, fərdi muxtariyyətə, iqtisadi səmərəliliyə, eləcə də sosial rifahın təminatına  ekzistensial təhlükə yaradır”. 

Fukuyama yeni kitabında sol demokratiya yolunu tutmuş Skandinaviya ölkələri modelini daha çox bəyənir və son müsahibələrində də bu ölkələri nümunə göstərir. Beləcə hiss olunur ki, dostumuzu ifrat liberalizmdən sol demokratiyaya tərəf sürüşdürən nüanslar maddi nemətlərin ədalətlə bölüşdürülməsi, təbəqələşmənin yumşaldılması, sosial rifahın fərdi azadlıqlardan üstün tutulması kimi məsələlərdir. 

Piramidavari inkişaf tempini əsas götürsək, liberal demokratiyanın inkişafının son nöqtəsi anarxizmdir. Ona görə də bizim nikbin liberal dostumuz "maşını geri verib saxlamalı” olur və sosial demokratiyanın cazibəsinə uyur. Burada liberal və sosial demokratiyaların əsas fərqini qeyd etmək istərdim. 

Liberal-demokratların əsas dərdi bütün sahələrdə dövlətin rolunun  azalması, fərdi azadlıqların bütün dəyərlərin və qanunların fövqünə qaldırılmasıdır. Sosial- demokratların isə əsas məqsədi bazar iqtisadiyyatı şəraitində hədsiz varlanan qrupla kasıb təbəqə arasında kəskin disbalansı mümkün qədər azaltmaqdır. Məsələn, sosial-demokratların ümumi tələblərinə görə varlılardan daha çox vergi alınmalı, kasıb və işsiz təbəqədən isə cüzi məbləğdə və ya heç alınmamalıdır. Təhsil ocaqları, xəstəxanalar, digər sosial xidmət müəssisələri varlıların ödədiyi vergilər hesabına pulsuz xidmət göstərməlidir. Liberallardan fərqli olaraq, sosialistlər dövlətə ehtiyac duyur, çünki bu münasibətləri tənzimləyən, sözügedən mexanizmləri həyata keçirən operator məhz, dövlətdir.
 
Fukuyama 1989-cu ildə "Tarixin sonu”  adlı essesini (sonradan bu esseni kitaba çevirdi) yazanda dünyada müharibələr müvəqqəti olaraq susmuşdu. O zaman bizim müəllif bəhrələndiyi Hegel fəlsəfəsinə əsaslanaraq belə bir nəticəyə gəldi ki, artıq dünyanın bütün əsas gərginlikləri həll olunub. Daha böyük münaqişələr başa çatıb, təcrübədən keçirilmiş bütün qeyri-insani ideologiyalar tarixin arxivinə atılıb. Yalnız liberal-demokratiya, rasionalist qlobal düşüncə və qanunun aliliyi kimi dəyərlər öz qüvvəsində qalır. 

Bu mövzuda Hegeli və Marksı tarixən ictimai-iqtisadi sistemlərin biri-birini əvəz etməsi düşüncəsi birləşdirirdi.  

Fukuyamanın da qeyd etdiyi kimi təbii ki, nə Hegel, nə də Marks yer kürəsində hər hansı iqtisadi və siyasi sistemin sonsuza qədər davam edəcəyinə inanmırdı. Onlara görə bəşər sivilizasiyası tamamilə öz idelına uyğun siyasi quruluşu yaratdıqda klassik dövlətin tarixi təkamülü sona çatacaqdı. Yəni, hər iki filosofun nəzəriyyəsində "tarixin sonu” ideyası var. Hegelə görə son iqtisadi-siyasi quruluş liberal dövlətlə, Marksa görə isə kommunizm cəmiyyəti ilə yekunlaşacaqdı. Beləliklə, 1992-cı ildə Fukuyama öz xələflərinin eskatoloji (dünyanın sonu) tələsinə düşərək  "Tarixin sonu” barədə kitab yazmağa tələsdi. Kitabda yoğurub yapdığı liberal dünya düzəni nəzəriyyəsini yenidən işləmək üçünsə ona təxminən, 30 il vaxt lazım oldu. 

Əlbəttə, "fikrini dəyişməyənlər yalnız ölülər və dəlilərdir” prinsipindən çıxış etsək, cənab Fukuyamanı başa düşmək olar. Bəs bundan sonrakı dünyada əks-ideologiyaların qarşıdurması hansı müstəvilərdə davam edəcək? Yaşayarıq, görərik. Ancaq mənə elə gəlir ki, bütün hallarda "tarixin sonu” barədə danışmaq hələ tezdir...

Şəlalə Göytürk Niaqara 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->