Aktrisa Çimnaz Sultanovanın ölümünə cəmiyyətimizin verdiyi reaksiya məni bu yazını yazmağa vadar etdi.
Məlum oldu ki, biz nə sənətin, nə azadlığın, nə də əxlaqın ölçüsünü bilirik.
Xərçəng xəstəliyindən vəfat edən gənc qadın şou-biznes əhli, aktrisa və müğənni idi. Söhbət kimsəyə bir zərəri toxunmayan, dövlətə, millətə xəyanət etməyən, bir dəfə də olsun xəstələyini dilə gətirməyən, son gününə qədər pozitivliyini saxlayan, doğum günündə özünə ölümü hədiyyə edən qadından gedir.
Yanıq kişilər, paxıl qadınlar onun ölümünə sevinir.
Sevinirlər ki, bir gözəllik də torpağın altına getdi.
Elə bilməyin ki, bu yanıqlar və paxıllar həqiqətən əxlaq dərdi çəkməkdən, namus-qeyrət güdməkdən bu günə düşüblər. Yox, yox, bir daha yox!
Bu adamlara əxlaq, vicdan, mərhəmət kimi mənəvi ucalıqlar qətiyyən maraqlı deyil. Birincisi, onlar ümumiyyətlə, əxlaqın nə olduğunu bilmirlər. İkincisi, bu kütlə açıq geyinməyə əxlaqsızlıq kimi baxsaydı, ölkənin ən bərkgedən müğənniləri səhnəyə yarıçılpaq çıxan Aygünlə Röya olmazdı.
Bir sözlə, mərhum aktrisanın ölümü barədə "əxlaqsızların sayı azaldı” rəyini yazanlar boş başlarını Çimnazın başdaşına döyürlər.
İndi gələk məsələnin əsas mahiyyətinə: Sənət və əxlaq münasibətləri necə tənzimlənməlidir?
Sənət - əsrlər boyu insanın duyğusunu, düşüncələrini və ehtiraslarını ifadə etmə vasitəsi olub. Sənətkarlar rəng, səs, söz və maddi materiallar vasitəsilə cəmiyyəti düşündürən və dəyişdirən əsərlər yaradıblar.
Təbii ki, sənət buxovları sevmir, daim azadlığa can atır, azadlıq sənətin mahiyyətində, nüvəsindədir. Bəzən, sənətin hüdudsuzluğu cəmiyyətin əxlaqi qaydaları ilə üst-üstə düşməyə bilir. Ona görə də ara-sıra "sənət əxlaqsızdır”, daha doğrusu, "əxlaqdan kənardadır” kimi fikirlər də ortaya çıxır.
Bu iddianın kökündə, sənətin əksər hallarda cəmiyyətdəki dəyərləri aşıb keçməsi, hətta onlara meydan oxuması dayanır. Sənətkar, çox zaman yeni estetika naminə cəmiyyətin tabu saydığı mövzuları işləyir, çoxluq tərəfindən qəbul edilmiş standartları pozur və orjinal formalardan istifadə edir.
Bu gün sənət tanrıları kimi qəbul edilən Leonardo da Vinçi, Mikalencelo, Rafael kimi böyük rəssam və heykəltaraşları da öz dövrlərində "əxlaqsız”, "kafir”, "şeytan” adlandırırdılar.
İbrətamizdir ki, tarix bu "əxlaqsızlar”ın adını hələ də yaşadır, onları daşlayan "əxlaqlı”ların adı isə heç bir dəftərdə keçmir.
Ümumiyyətlə, əxlaq zamana, məkana, mühitə görə dəyişən, subyektiv bir anlayışdır. Bir cəmiyyətdə qəbul edilən əxlaq sistemi, başqa bir cəmiyyətdə qəbul edilməyə bilər.
Sekulyar düşüncəli birinə görə 12 yaşlı qızın ərə verilməsi əxlaqsızlıqdır, din tərəfdarlarına görə isə əksinə, bu əməl əxlaq göstəricisidir. Dindara görə alt geyimləri reklam edən model əxlaqsızdır, sekulyar düşüncəli birinə görə isə bu, sıradan bir peşədir və bunun insanın əxlaqına heç bir aidiyyatı yoxdur.
Əlbəttə, "hər kəs eyni cür düşünməlidir” – deyə, bir qanun yoxdur. Bu mənada fərqli yanaşmaları, fikirləri də anlamaq olar. Üstəlik, bu düşüncələrin hansının daha çox ictimai ziyan törətməsi, hansının qanunvericiliyə, hüquqa zidd olmasını müzakirə etmək də mümkündür və lazımdır. Ancaq məni daha çox narahat edən məqam sosial şəbəkə çarxlarının nifrət və saxtakarlıqla fırlanmasıdır.
Məsələn, azərbaycanlı Çimnaz Sultanovanın əxlaqını sorğuya çəkənlər erotik filmlərin qəhrəmanı italyan Monika Belluçini ilahə səviyyəsinə qaldıranlardır. Yaxud dünyanın ən cazibəli və çox istedadlı aktrisalarından biri olan Şeron Stouna "Əsas instinkt” filmində göstərdiyi performansa görə "əxlaqsız” damğası vurmaq kimsənin ağlına gəlməz. Yaxşı, bu adları çəkilən xarici aktrisaların filmlərdə oynadığı erotik səhnələrin onda birinə cəsarət etməyən özümüzünkünü niyə daşlayırıq?
Bu gün Azərbaycanda bir aktrisanın ölümünə sevinənlər Əfqanıstanda "ayfon”la daşqalaq videosu çəkənlərin ruh əkizləridir. Müasir texnologiya bunlara çoxdan gəlib çatıb, ancaq müasir düşüncə gəlib çatmayıb, hələ də tində-məhlədə veyillənməkdədi.
Yazdıqca düşünürəm: gör, biz hansı problemlərdən danışmağa məcburuq? Gör, insanımız mədəni, intellektual səviyyənin hansı küncündədir ki, uşağına qarşokda oturmağı öyrədən ana misalı, biz hələ yaşadığımız cəmiyyətə insan ölümünə sevinməməyi, əxlaqı daha ali yerlərdə axtarmağı öyrətməyə çalışırıq. Siz də deyirsiniz, yazıçımız niyə Nobel mükafatı almır? Rejissorumuz niyə "Oskar” gətirmir? Xalqımız niyə parlament qura bilmir?
Necə gətirsin, necə qursun? Görmürsən, Sovetin çomağı başının üstündən çəkilən kimi İranın qara çadrasına meyilləndi?!
Rahat uyu, Çimnaz xanım, daşqalaqçı kütləyə fikir vermə!
Şəlalə Göytürk Niaqara
Şərhlər