Ekonomiks 17:36 21.01.2022

Bu addım heç də türk lirəsini xilas etməyə hesablanmayıb - Ekspert

"Bu addım heç də türk lirəsini xilas etməyə hesablanmayıb. Sadəcə, xaricdən gələn həmləyə davam gətirməsi üçün lirənın müəyyən dövrdə sabitləşməsinə xidmət edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov Türkiyənin sabit valyuta ehtiyatını gücləndirmək üçün BƏƏ ilə 5 milyard dollarlıq valyuta mübadiləsi sazişi imzalaması, Azərbaycanla isə 1,14 milyard dollarlıq anoloji saziş imzalayacağı məsələsinə toxunarkən deyib. 

Ekspertin fikrincə, bu qərarlar iqtisadi deyil, sırf siyasi qərarlardır: Faktiki olaraq o anlama gəlir ki, adı çəkilən ölkələr Türkiyəyə kömək, yardım edirlər: 
"Hazırda türk lirəsini dəyərdən düşdüyünə görə, almaq istəyənlər yox dərəcəsindədir. Belə olan halda qeyri-sabit valyutanı alan ölkələr, deməli, Türkiyəyə kömək əlini uzadır. Təsadüfi deyil ki, Türkiyəyə köməyi də BƏƏ və Azərbaycan kimi ölkələr edir. BƏƏ üçün valyuta mübadiləsinə 5 milyard ayırmaq heç nədir. Azərbaycan da Türkiyə ilə dost və qardaş ölkədir. Ona görə də Türkiyəyə bu dəstəyi verməliyik”. 

Həmsöhbətimiz düşünür ki, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr də yaxın dövrdə Türkiyəyə münasibətdə anoloji addımlar ata bilərlər: 

"2014-2015-ci illərdə Rusiya eyni problemlə üz-üzə qalmışdı. Qərb dövlətləri faktiki Rusiyaya müharibə elan etmişdi, ona görə də şimal ölkəsinin milli valyutası çökdü. Amma Rusiya zəngin ölkə olduğundan ona təsirləri elə də ciddi olmadı. Türkiyə isə zəngin olmadığından ona bu sayaq köməklər lazımdır. Hətta Səudiyyə Ərəbistanı, Qətər kimi ərəb ölkələri də Türkiyəyə anoloji dəstək verə bilərlər”. 

Rüfət Sultan