ABŞ alimləri qədim dövrdə Yerə düşən asteroidlərin planetin qabığını parçalayaraq burada geniş yeraltı isti hidrotermal sistemlər yaratdığını modelləşdiriblər. Alimlərin fikrincə, məhz bu cür mühitlər həyatın yaranması üçün ən əlverişli şərait hesab olunur.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "AGU Advances" jurnalında dərc edilib.
Hidrotermal sistemlər yüksək temperaturda olan və minerallarla zəngin suyun dövr etdiyi yeraltı çatlar şəbəkəsidir. Aparıcı elmi fərziyyələrə görə, təxminən 4 milyard il əvvəl ilk üzvi molekullar və ən sadə canlı strukturlar məhz belə mühitlərdə yaranmış ola bilər. Hazırda Yer üzündə ən böyük hidrotermal sistem ABŞ-dakı Yellouston Milli Parkıdır. Burada çoxsaylı qeyzerlər və isti bulaqlar yerləşir.
ABŞ-ın "Southwest Research Institute" institutunun alimləri yüksək sürətlə hərəkət edən asteroidlərin bərk süxurları necə parçaladığını və suyun hərəkəti üçün məsaməli kanallar yaratdığını modelləşdirməyə imkan verən xüsusi fiziki hesablama proqramından istifadə ediblər.
Araşdırma göstərib ki, erkən Yer dövründə baş vermiş bir iri asteroid toqquşması hazırda Yellouston Milli Parkında müşahidə olunan hidrotermal fəaliyyətdən təxminən 100 dəfə güclü sistem yarada bilərdi. Alimlər müəyyən ediblər ki, yaranan çatların miqyası və onların su keçirmə qabiliyyəti əsasən asteroidin ölçüsü və sürəti ilə müəyyən olunurdu.
Tədqiqatın birinci müəllifi Amanda Aleksanderin hesablamalarına görə, Yer qabığının üst 8 kilometrlik hissəsi təxminən 4,3 milyard il əvvəl yüksək su keçiriciliyinə malik olub və bu vəziyyət 3,5 milyard il əvvələ qədər davam edib. Məhz həmin dövr ilk etibarlı həyat izlərinin meydana çıxdığı zaman hesab edilir.
"Dinozavrların mövcudluğu baxımından asteroid bombardmanı fəlakət idi. Lakin çox güman ki, məhz bu proses həyatdan əvvəlki kimyəvi reaksiyalar üçün uyğun mühitin formalaşmasına səbəb olub”, deyə Amanda Aleksander bildirib.
Aydın
Şərhlər