Xəbər lenti

Bu kənd 25 ildən artıqdır suya həsrət qalıb (FOTOLAR)
Foto 20:10 04.08.2019

Bu kənd 25 ildən artıqdır suya həsrət qalıb (FOTOLAR)

Ağstafa rayonu Köçəsgər kəndinin sakinləri 25 ildən artıqdır suvarma və içmək suyuna həsrətdirlər. 

Qaynarinfo Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu problem özünü ötən əsrin 80-ci illərində paylanan yeni yaşayış massivində daha qabarıq göstərir. Buradakı 30-dan artıq ailə kənd yerində yaşamalarına baxmayaraq həyətlərində heç bir tərəvəz, bağlarında isə meyvə yetişdirə bilmir. Ötən əsrdən qalan susuzluğa davamlı ağaclar isə ildən-ilə quruyaraq sıradan çıxır.

Həcər Rəhimova ərazidə ilk məskunlaşan sakinlərdəndir. O, 1988-ci ildə torpaq alıb köçdükdən sonra yalnız ilk 6 ili burada su gördüyünü bildirib: "O vaxt yaxınlıqda, kolxozun fermasının həyətində artezian quyusu vardı. Böyük çən qoymuşdular, oradan istifadə edirdik. Sonra ferma dağıldı, yerini satdılar, özəlləşdirdilər. Ondan sonra o artezianı da söküb dağıtdılar. Elə o vaxtdan suya həsrətik.

Digər sakin Nurəddin Əzizov arteziandan gələn suyun 25 ildir kəsildiyini, fermaya Həsənsu çayından çəkilən alternativ su xəttindən isə hələ də istifadə etdiklərini söyləyib.

"Ərazidən su xətti keçir. Lakin ötən əsrdə çəkildiyindən bərbad gündədir. Məhəllədə yalnız bir yerə ay ərzində 2-3 dəfə su gəlir. 40-a yaxın ailə oradan su götürür. Yığışırıq, şikayətə gedirik, ərizə yazırıq, 1-2 dəfə buraxıb, yenə kəsirlər. Son şikayətimizdən sonra dedilər, həftənin bazar ertəsi və cümə günləri su veriləcək. Lakin ondan bu yana yalnız bir dəfə 1 saat axıb, kəsilib”, - deyə N.Əzizov bildirib.

Ələddin Əliyev kənddə yaşamalarına baxmayaraq bütün tərəvəz məhsullarını bazardan aldıqlarını deyib.

"Kənddə yaşasaq da hər şeyi bazardan almağa məcburuq. Meyvə ağaclarımız ildən-ilə quruyub gedir.10-15 manat verib maşınla 5-6 ton su alırıq, o da bu yayın günündə 3 gün görmür. Suyun dərdindən çox adam torpaq alsa da, ev tikməyib”, - deyərək ərazidə çəpərlənmiş boş torpaq sahələrini göstərib. 

Sakinlər arasında su quyusundan istifadəni təklif edənlər də var. Lakin bunun üçün onlar kəndin mərkəzinə 200-300 metr yaxın hissədə, bir başqa kənd sakininin həyətində quyu qazdırmalı, sonra isə yenə digər sakinlərin bağlarından keçirməklə su çəkib gətirməlidirlər. Bununçün isə həm xeyli vəsait gərəkdir, həm də 5-6 ailənin razılığı alınmalıdır: "Bura elə yerdir ki, 50 metr qazılsa, quyu su vermir. 250 metr məsafədə qazdırmışam bir qohumun evində. 2 min manatdan artıq xərc çəkmişəm həyətə gətirib çıxarmaq üçün. Onu da hər kəsin imkanı çatıb edə bilmir".

Sakinlər çıxış yol kimi ərazidə artezian quyusu qazılmasını istəsələr də, heç yerdən kömək ala bilmədiklərini deyirlər.

Məsələ ilə bağlı Köçəsgər kənd bələdiyyəsinin sədrü Şükran Hacıyevin də fikirlərini öyrəndik. Bələdiyyə sədri problemin nəinki sözügedən yeni massivdə, eləcə də bütün Köçəsgər kəndində yaşandığını bildirib.

"Tək o massiv deyil, bütün Köçəsgər kəndinin ən böyük problemi su ilə bağlıdır. 1400 evli kənddə kimin qapısını döysəniz, içməyə 1 stəkan su tapa bilməzsiniz”.

Ş.Hacıyevin sözlərinə görə, kəndin təsərrüfat suyu Sovetlər dönəmində Ermənistanla sərhəddə tikilmiş su anbarından olub, hazırda oraya ermənilər nəzarət etdiyindən yalnız qış aylarında su buraxırlar. Sədr kəndin içərisindən suvarma kanalı keçsə də, kənd əhalisinin ondan da istifadə edə bilmədiyini söyləyib: "Sovetlər vaxtı kanalın üzərində nasos stansiyası olub. Suyu kanaldan götürülüb arxa tökülürdü və suvarma o suyla həyata keçirilirdi. İndi heç bir təşkilat onun istifadəsini öz üzərinə götürmür. Nəticədə bu problem həllini tapmır".

İçməli suya gəlincə isə bələdiyyə sədri bunu nə kənd, nə də rayon səviyyəsində həll oluna biləcək problem adlandırıb.

"Ötən əsrin 40-cı illərində kəndin yuxarı hissəsində içməli su üçün anbar inşa olunub. Lakin uzun müddət istifadə olunmadığından dağılıb. Haradasa 10 il əvvəl oranın rekonstruksiyasını gəlib hesabladılar. 800 min manata yaxın smeta çıxardılar. İqtisadi cəhətdən səmərəli deyil deyib getdilər. İçməli su problemi də beləcə həllini tapmadı”, - deyə Ş.Hacıyev məlumat verib.

Köçəsəgər kəndini içməli su ilə təmin etməli olan Ağstafa Sukanal idarəsinin rəisi Rövşən Lətifov isə Sputnik Azərbaycan-a açıqlamasında hər il yay aylarında bu çətinliklə üzləşdiklərini etiraf edib. Sözügedən əraziyə içməli suyun çatmamasında həm texniki problemlərin, eyni zamanda kənd əhalisinin səbəb olduğunu söyləyib:

"Oraya gedən su xətti ötən əsrdə çəkilib. İstifadə müddətini başa vurduğundan erroziyaya uğrayıb. İmkanlarımız daxilində bərpa etməyə çalışırıq ki, əhali istifadə edə bilsin. Digər səbəb isə əhaliylə bağlıdır. Belə ki, su xətti bağlardan keçdiyindən oraya nəzarət etmək mümkün deyil. Eyni zamanda sayğaclaşma apara bilmirik. Kəndə su verilən zaman su xətti həyətindən keçən sakinlər kranlarını bağlamırlar. Nəticədə kəndin o biri hissəsinə su gedib çatmır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->