Ekonomiks 14:23 25.03.2023

Bu nominasiya üzrə Azərbaycan Ginnesin Rekordlar Kitabına düşüb - ÜTT düyünü

"Ümumdünya Ticarət Təşkilatının əsas tələblərindən biri gömrük rüsumlarının yüksək olmaması, mallara və ölkələrə girişinə məhdudiyyətlərin qoyulmamasıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-professor Nazim Bəydəmirli Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzv olmaması səbəblərinindən danışarkən deyib. Ekspertin sözlərinə görə, Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzvliklə bağlı ikitərəfli formatda danışıqlara başlamasından uzun müddət keçib:

"Səhv etmirəmsə, bu proses 1997-ci ildən başlayıb, o zaman ərizə verilib, danışıqlara başlanılıb. Bu nominasiya üzrə Azərbaycan ən uzun danışıq aparan ölkə kimi Ginnesin Rekordlar Kitabına düşüb. Müxtəlif dünya ticarətinin təqribən 98%-dən çoxu Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrlə edilir, demək olar ki, hamı buradadır”. 



Nazim Bəydəmirli deyir ki, Azərbaycanın bu təşkilata üzv olmaması subyektiv faktorlarla bərabər, obyektiv faktorlarla da bağlıdır:

"Nəzərə alsaq ki, bizdə məhdud iqtisadiyyatdır, daha doğrusu, məmur sahibkarlığıdır, inhisarçılıq əsas olaraq məmur oliqarxiyasına şərait yaradır. Ona görə istehlakçıların və vətəndaşların maraqları üstün tutulmur”. 

Ekspertin fikirincə, bu, əslində dünya ticarəti üzərində rəqabəti gücləndirir, vətəndaşlara daha keyfiyyətli mal almağa, az pul xərcləməyə şərait yaradır:

"Ancaq orta hesabla Azərbaycana daxil olan məhsulların ümumi gömrük rüsumu 10% civarındadır. Müqayisə üçün deyim ki, bu Gürcüstanda 3%-dən aşağıdır. Əksər məhsullar Azərbaycana 15% gömrük rüsumuyla daxil olur ki, ÜTT-yə üzv olan ölkələrin heç birində belə bir qayda yoxdur. Mütləq əksəriyyətində orta hesabla 7-8% olur. Nəzərə alsaq ki, Azərbaycan idxaldan asılı ölkədir, beləliklə, vətəndaşlar daha bahalı şəraitdə yaşamağa məcbur edilir. Bu da insanların sağlamlığına ziyandır, zəruri qida və istehlak məhsullarını kifayət qədər ala bilmirlər. Ona görə burada əsas səbəb subyektiv faktordur”.

Ekspert bu gün ixracın neftdən ibarət olduğunu vurğulayıb:

"Azərbaycan hökumətinin əlini-qolunu nə bağlayır? Biz onu rahat sata bilərik. Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələr ona hər hansı məhdudiyyət qoya bilməzlər. Burada söhbət idxaldan gedir. İdxal da bunu bir növ stimullaşdırılır. Dövlətin sahibkarlıqla bağlı apardığı siyasət məmur oliqarxiyasının maraqlarına xidmət edir. Ona görə Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı danışıqlar heç bir çərçivəyə sığmır”.

Bahar Rüstəmli