Qaynar.info Bakı İstintaq Təcridxanasında saxlanan REAL hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədovun “Media forum”a müsahibəsini təqdim edir:
Üç aydır həbsdəsiniz. Rəsmi ittihama görə, sizi İsmayıllı hadisələri üstündə tutublar. Bəs özünüz nə deyərdiniz: sizi niyə həbs ediblər? - Əsl səbəb REAL hərəkatının tədricən daha ciddi təhlükəyə çevrilməsi və son bir ildə, sədrliyim dövründə gördüyüm işlərin REAL-ın uğurundakı yeridir. Məni buna görə həbs ediblər. Məqsəd isə siyasi qərarlarımıza təsir etmək, prezident seçkisinə məni ya rəsmən buraxmamaq, ya da namizədliyimin qeydə alınmasına həlledici əngəllər qurmaqdır. Çox adam başa düşür ki, indiyədək səsverməyə qatılmayan potensial seçicilərin səsi, eləcə də başqa variant görməyib keçən seçkidə İlham Əliyevə səs vermiş seçicilərin səsi məhz REAL-ın olacaq.
- Necə oldu ki, bu il yanvarın 24-də İsmayıllıya getməyə qərar verdiniz?- Bunu “məhkəmə” adlandırdıqları tamaşada eşidə biləcəksiniz.
- İsmayıllıya getməsəydiniz belə, həbs təhlükəsi hiss edirdinizmi?- 2009-cu ildə konstitusiya referendumunun (18 mart – red.) sabahısı günü ANS-in canlı efirindəki çıxışımdan sonra məni həbs etmək istəyirdilər. Niyyətlərini dəyişdilər, ancaq canlı efiri birdəfəlik üzümə qapatdılar.
- Sizi həbsdən buraxmaq üçün hansısa şərt irəli sürürlərmi? Siyasi mübarizəni dayandırmaq şərti ilə sizi azadlığa buraxmaq istəsələr, bunu qəbul edərsinizmi?- Bu həbsimlə monarxiya tərəfdarı olan İlham Əliyev cümhuriyyət tərəfdarı olan mənə qarşı şəxsən xarakter davasına çıxıb. Deyirsiniz cümhuriyyətçilər adından təslim olum? Ayıb olar. Əksinə, əgər İlham Əliyev öz monarxist ətrafı ilə birlikdə siyasi fəaliyyətinə son qoyub Vircin adalarına köçsə, indiki bəd əməllərinə baxmayaraq bir çox adamın gözündə hörmət qazanar.
- Saxlanma şəraitiniz, istintaq təcridxanası əməkdaşlarının sizə münasibəti necədir?- Bu sualınıza sərbəst buraxılanda cavab verərəm.
- İlqar bəy, Avropa İnsan Hüquqları Məhkəməsi sizin şikayətə növbədənkənar baxmağa qərar verib. Bunu necə qiymətləndirirsiniz? Gözləntiniz nədir?- Avropa Məhkəməsinin qərarı aydın olandan dərhal sonra prokurorluq mənə qarşı yeni və daha ağır ittiham irəli sürdü. Bunu ona görə etdilər ki, Avropa Məhkəməsinə daha bir şikayət göndərməli olaq. Yəni iş ləngisin və Avropa Məhkəməsinin qərarı ilə bu il sərbəst buraxılmağım mümkün olmasın. Ucuz bir hoqqadır! Hər halda Avropa Məhkəməsinin işimə verdiyi üstünlükdən faydalanmaqda qərarlıyıq.
- Beynəlxalq ictimaiyyətin sizin həbsinizə verdiyi reaksiyanı qənaətbəxş sayırsınızmı? Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobiadan başqa həbsxanada sizə baş çəkən olubmu?- Gərəkli təsirlər həm açıq, həm də qapalı qaydada edilir. Bir mən bilirəm, bir də İlham Əliyev özü bilir ki, həbsimlə bağlı ona hansı beynəlxalq təsirlər var. Həbsimin milli maraqlarımıza vurduğu zərəri də yaxşı bilir.
Görüşlərə gəldikdə, bəli, Avropa Birliyinin səfiri çətinliklə də olsa iki ayın tamamında mənimlə görüşə bildi. Amma Avropa Şurası Nazirlər Komitəsinin səfirlərdən ibarət nümayəndə heyətinə bu imkan verilmədi. Eynilə İlham Əliyevlə görüşən ABŞ dövlət katibi yardımçısının müavini Tomas Meliaya mənimlə görüşmək imkanı verilmədi. O da getdi ailəmlə görüşdü. Buna görə çox minnətdaram.
- Hazırda müxalifət prezident seçkisində hansı formada iştirak etmək məsələsini müzakirə edir. Sizcə, müxalifət seçkiyə hansı formatla getməlidir?
- REAL-ı dəstəkləməlidir.
- Rüstəm İbrahimbəyov Milli Şuranın yaradılmasını təklif edir. Bunu necə qiymətləndirirsiniz?- Təklif haqqında hələlik yalnız ümumi təsəvvürüm var. Əgər o seçkilərin boykotu mexanizminə çevrilməyəcəksə, REAL bu qurumda istədiyimiz genişlikdə təmsil olunacaqsa, hörmətli Rüstəm müəllimin müdrik tövsiyəsini hər zaman qəbul etməyə hazırıq.
- Əgər sizin namizəd kimi seçkidə iştirakınız mümkün olmasa, REAL hərəkatı kimin namizədliyini dəstəkləycək?- “Məhkəmə” haqqımda hökm çıxarsa və beləliklə, seçkidə iştirakımı yasaqlasa, REAL başqa namizəd irəli sürəcək. Birinci sualınıza cavabımdan aydındır ki, niyə. Namizədin adını isə məhkəmədən sonra açıqlayarıq. Ssenarini belə yazdıq ki, heç kim darıxmasın.
- Həbsdən əvvəl azadlıq sizin üçün nə anlam daşıyırdı, indi azadlıq nə deməkdir?- İndi də azadam. Heç əvvəllər bu qədər azad olduğumu bilmirdim. Maraqlı hissdir, onu öyrənməkdə davam edirəm.
- Yaxınlarınıza, dostlarınıza bir mesajınız varmı?- Əvvəlcə, bu üç ayda kiminlə “dostlaşdığımı” deyim, gülün. Az qala hər səhər ANS ÇM-də üzlərini heç vaxt görmədiyim Valid və Aytənin əyləncə verilişinə oyanıram. Onlar Azərbaycan efirinin sonuncu canlı hüceyrələridir. Adamın əhvalını çox açırlar. Onlara salam deyin.
Şüurlu və yorulmaz dəstəyə görə isə, əlbəttə, REAL hərəkatına borcluyam. Hamımızın cümhuriyyətə oyanacağı gün də uzaqda deyil. İndiki mübarizəmizi fəxrlə xatırlayacağıq.
Yeri gəlmişkən, REAL hərəkatı sərbəst buraxılmağım tələbi ilə imza kampaniyasına başlayır. REAL-la əlaqə saxlayın, imza verin, imkan varsa, formanı ofisimizdən götürüb özünüz də imza toplayın. Öncədən hər kəsə bu dəyərli yardıma görə təşəkkür edirəm.
Şərhlər