Böyük dəyişikliklərin ərəfəsində, yoxsa?..

Böyük dəyişikliklərin ərəfəsində, yoxsa?..

Hüseynbala Səlimov

Bəri başdan deyim ki, mən sosial şəbəkələrdə yoxam. Onu da etiraf edirəm ki, bu sözlərim kiməsə təəccüblü görünəcək, kimisə məni "geridəqalmış” kimi səciyyələndirməyə tələsdirəcək, hətta sövq də edəcək. 

Sadəcə, səmimi şəkildə etiraf edirəm ki, ənənəvi və rəsmi jurnalistika məmin vaxtımı o qədər alır ki, daha şəbəkələrdə fəal olmağa, ictimai jurnalistika ilə də məşğul olmağa məndə nə həvəs qalır, nə də ki güc...

Buna baxmayaraq, 55 yaşlı bir qoca demokrat kimi bəyan edirəm ki, sosial şəbəkələr qarşısında da üzüm ağdır – hər halda, mənə belə gəlir, çünki hər dəfə hamı şəbəkələrə qarşı qarğış və söyüşlər yağdıranda mən ənənəvi jurnalistikanın kasad və ya kasıb imkanlarından istifadə edərək onları müdafiə etməyə çalışmışam.

Amma sözümün canı bunda belə deyil. Gərək, üzrlü sayasanız, yaşlı adamlar hamısı belədir, bir kitablıq söz danışandan sonra qayıdırlar ki, bəs sözüm bunda deyil, sizə tamamilə başqa şey demək istəyirdim. Elə mən də tamam başqa olmasa da, bir az fərqli söz demək istəyirəm sizə...

Qərəz, bu günlərdə mən ilk dəfə olaraq Azərbaycanda sosial şəbəkələrin ünvanına tərif, hətta minnətdarlıqlar da eşitdim. 

Özü də bunu adi insanların yox, dövlət rəsmilərinin, ölkədə seçkilərin keçirilməsinə bilavasitə məsul olan şəxslərin dilindən eşitdim ki, bu da  mənim lap iki qat təəccübümə səbəb oldu, hətta tam əmin olmasam da, mənə elə gəldi ki, gözlərim da yaşardı...

Söz ki, gəldi çatdı seçkilərə, elə buradan da davam edək. Doğrusu, ilk nəticələr elan olunanda bunlar məni azacıq da olsa, qane etmədi. Bəli, ən ilkin məlumatlarda deyilirdi ki, parlamentin indiki tərkibi 80 köhnə və 45 də yep-yeni deputatdan ibarət olacaq. 

Hətta o da deyilmişdi ki, hakim partiya yenə liderlik edir və onun 70 mandatı var. O ki qaldı bizim özünü konstruktiv müxalifət adlandıran bəzi partiyalara (radikallar, qeyri-konstruktiv ünsürlər, ümumiyyətlə, kənarda qalmışdı!), onlar yenə də bir-iki mandata "Bərəkət versin” deyərək çəkilmişdilər bir qırağa...
Odur ki, belə mənzərə mənə əski parlamenti xatırlatdığından qərar verdim ki, yox, mən buna parlament və parlamentarizm sahəsində islahat deyə bilmərəm.

Amma heç iki gün keçmədi ki, tamam başqa şeylər eşitdik. MSK dörd dairədə seçkinin nəticələrini ləğv etdi. Daha sonra dedilər ki, bəs sosial şəbəkələrdəki bütün materiallar araşdırılacaq. O gün də ərz elədilər ki, artıq yüzlərlə şikayət və material nəzərdən keçirilib və yoxlanılmaqçün dairələrə göndərilib. Hazırda şübhəli dairələrin sayı bir neçə dəfə çoxalıb və ehtimal, gözləntilər var ki, ləğv olunmuş dairələrin sayı (əlbəttə, söz seçki nəticələrindən gedir!) bir az da artacaqdır.

İndi hamı kimi biz də gözləyirik. Fəqət bir məqamı artıq nəticə kimi qəbul etmək olar: bu, insanların fəallığı və ictimai nəzarəti təmin etmək sahəsindəki fədakarlığıdır. Bilirsiniz, mən hər şeyi inkar etsəm də, birini inkar edə bilmərəm: hakimiyyət, hətta onun üzvlərinin hamısı olmasa da, böyük bir hissəsi istəyir ki, nəzarət olsun. 

Bunun üçün də ən müxtəlif və ən çeşidli mexanizmlər qurulur, amma gəl, effektiv nəticə alınmır. Ancaq budur, sosial şəbəkələrdə olan fəal insanlar hakimiyyətə də, cəmiyyətin özünə də effektiv nəzarət mexanizmi təklif edir. Biz özümüz də bu günlərdə əmin olduq ki, sözün əsl mənasında dəyərli təcrübədir. Birlirsiniz, hər yaxşılığın içində pislik və ya pisliyin içində bir yaxşılıq, hər qaranlığın işində bir ışıq, hər işığın içində bir qaranlıq olur. Həmişə deyirik ki, adi bir mətbəx bıçağı ilə həm çörək kəsmək olar, həm də adam öldürmək...

Bu baxımdan da sosial şəbəkələrdən də ən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Amma gəlin səmimi olaq: biz həqiqətən də nəzarət, özü də ictimai nəzarət istəyirikmi? İstəyiriksə, ənənəvi jurnalistikadan tutmuş ictimai jurnalistika kimi ən son sosial nou-xaulara diqqət və sayğı ilə yanaşmalıyıq.

O səbəbdəndi ki, gözləyirik. Yanaşsaq və nəticələri nəzərə alıb bəzi "parlament feodalları”na "yox” desək, hamı inanacaq ki, ölkə həqiqətən keçmişə "əlvida” deyir və yenilənmək istəyir. Yox, olmasa, qocalmış parlamentarilərimizin yerlərini onların övladları və ya qohumları tutsa, bu daha islahat yox, siyasi maskarad adlanacaqdır. Odur ki, gözləyirik...
 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR