Xəbər lenti

Cəmil Həsənlidən seçkilərin nəticələri ilə bağlı açıqlama
Siyasət 13:10 10.10.2013

Cəmil Həsənlidən seçkilərin nəticələri ilə bağlı açıqlama

“Dünən Azərbaycan xalqı konstitusiyanın birinci maddəsində göstərilən hakimiyyəti formalaşdırmaq hüququndan məhrum edildi”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Şuranın vahid namizədi Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan xalqının bu haqqı bir qrup, bir partiya, bir şəxs tərəfindən əlindən alındı:

“Hakimiyyətin ayrı-ayrı qruplar tərəfindən qəsb edilməsi ən böyük cinayətdir. İlham Əliyev Azərbaycan xalqının iradəsi ilə hakimiyyətə gəlməyib, onu mənimsəyib.  Nəticələr heç bir halda Azərbaycan xalqı adından beynəlxalq aləmə elan edilə bilməz”.

C. Həsənli həmçinin qeyd edib ki, seçki azad və demokratiya anlayışlarına uyğun baş tutmayıb:

"Bu qanunsuzluğun gizli və qapalı keçirilməsinə isə heç cəhd də olunmadı, hər şey açıq şəkildə edildi. MSK informasiya xidməti yanlışlıqla nəticələri bir gün öncə elan etdi və bu da media, sosial şəbəkələrdə yayıldı.İlham Əliyevin adı işarələnmiş büllutenlər bir gün əvvəldən paylandı, topa-topa büllutenlərin atılması faktları oldu. Bizim müşahidəçilərə bütün məntəqələrdə  qeyri-bərabər  şərait yaradıldı, total saxtakarlıq üsullarından istifadə olundu. Bu seçkinin nəticəsi ləğv edilməlidir".

***

Cəmil Həsənli bildirib ki, oktyabrın 12-də mitinq keçirmək üçün müraciət ediblər:

"Əgər müsbət cavab verilməsə, belə biz bütün hallarda seçkinin nəticələrinin tanınmaması üçün mümkün olan və mümkün olmayan vasitələrdən istifadə edəcəyik. Mənim həyatım həbsdə olan heç bir NİDA-çının həyatından üstün deyil.  Mənə qarşı istənilən ittiham, hədələrə də hazıram. Tale mənə 21 gün xalqıma xidmət etmək xoşbəxtliyi nəsib etdi və mən də bundan yararlanacam"./qafqazinfo/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->