Xəbər lenti

Cəmiyyətin
Könül Nuriyeva
Sənət 11:38 22.08.2024

Cəmiyyətin "Qala"nın içinə həbs etdiyi bədii obrazlar

Könül Nuriyeva 

Vahid Qazinin "Çöl Qala” povesti haqda

"Böyük ideallar haqqında bir ömür boyu düşünmək lazımdırmı?” sualını bir-birinə verən iki insan təsəvvür edin. Bir-biriylə bu mövzuda danışan, danışa bilən, yaza bilən insanla rastlaşdınızmı?  Əgər, rastlaşdınızsa onda siz bu kitabı dərindən anlayacaqsınız. Axı, müəllif onu "öz dünyasını qurmağa çalışanların hekayəti” adlandırıb. Adamı maraq bürüyür: görəsən, mən öz dünyamı qura bildim? Görəsən, mənim yazışdığım insanla kitabın qəhrəmanlarının toxunduğu mövzular harda çarpazlaşır, harda toqquşur, harda harmoniya yaradır?

Əsərdə Qadının dediyi "mənimçün ən önəmlisi insanlardan aldığım mənəvi qidadır” fikir Rəssamın alman filmi "Qulaqdan qaçış”dan gətirdiyi sitatla uzlaşır. Filmin qəhrəmanının "tənhalıqda səsi itirmək qorxusu var, öz-özünlə danış, lazım gəlsə ağaclarla danış” sözləriylə kitabın qəhrəmanının söhbəti arasındakı tarazlığı görə bilən oxucu, fikrimcə, həyatını sosial- iqtisadi səbəblərdən ritmə sala bilməsə də, mənəvi baxımdan rahatlığını tapıb. Çünki, Vahid Qazinin bu kitabı baxa bilənlərin yox, görə bilənlərin kitabıdır. Baxmağa, oxumağa nə var ki?! Görə bilmək lazımdır, rəssamın ailəsi ola-ola başqasına yazmasını, onun  bölüşmək ehtiyacını oxucunun görə bilməsi, qadının ehtiyatla olsa da öz qəlbinin qapısını açmasına oxucunun bəraət reaksiyası, qadının aldığı həyat zərbələrinə baxmayaraq, yenidən düşüncələrini birinə etibar etməyini sərraf gözlü oxucunun görməsi…

Bəlkə yazıçının istədiyi elə bu idi?

Axı, biz hər kəslə danışa bilmirik. Axı, biz özümüzə uyğun olmayana yaza bilmərik, onun yazdığına qarşılıq verə bilmərik. Axı, biz bu qısa ömürdə sonumuzu düşünmədən yalnız bir nəfərlə bütün xırdalıqlarımızı paylaşa bilirik. Qadın da düşünməmişdi, düzünə qalsa bunu istəməmişdi. O axın adamı idi. O aza qane olan obraz idi. O Rəssamdan demək olar ki, heç nə istəmirdi. Rəssam varlığı ilə ona kifayət edirdi.

Müəllif Qadını fatalist kimi təqdim edir. Məncə qadın taleyini ilk dəfə və yenidən özü yazmışdı: Rəssamla düşüncələrini bölüşməklə!

"Sənə yazdığım taleyin dalınca get, ona zidd çıxarsan, səni taleyin dalınca özüm sürükləyərəm!” Bəlkə bir dəfə bu cümlələləri "Aerosmith” musiqisinin sədaları altında dinləyək: mən və siz…

Bu kitabın mahiyyətini yalnız o halda dərindən anlayacağıq. Axı bizim gizli, açıq, böyük və balaca formalarda olsa da, içimizdə üsyan var. Hər birimizdə var: niyə yanımda ürəyimcə olan biri yoxdur, niyə mənə yazan və ürəyini açan adamı yaxın buraxmadım, niyə ürəyimcə olan adam taleyim olmadı, niyə ta gənclikdən bəri ikimiz qoşa addımlamadıq, niyə əziz bildiklərimiz bizə dönük çıxdı? Niyə təkcə sən məni başa düşürsən?  Niyə yüksək səviyyəli bu yazışmalarımızdan sonra biz əxlaqi dəyərlərə, qohumlara, cəmiyyətin qınaqlarına, özümüzün önyarğılarına, tənbehlərinə qarşı çıxa bilməyib birlikdə ola bilmirik? Niyə?!

Üsyanların çoxsaylı olduğunu fərq edirsinizmi?

Bütün əsər boyu mənə elə gəldi ki, həm kişi, həm qadın yuxarıdakı sualları bütün yazışmaların alt qatından bir-birinə verdilər. İkisi də eyni sözləri demək istədikləri halda bəzən kinodan, bəzən musiqidən, bəzən depressiyadan danışdılar.

Məsələn, Qadın dedi ki, ünsiyyət depressiyanın ən yaxşı dərmanıdır. Rəssam cavab verdi ki, ağıllı olmaq çox oxumaq, çox gəzmək, bilmək deyil, düzgün analiz etməkdir, mənim yanaşmam isə başqadır. Sən "bərabər olmaq şərtiylə az olsun, həmişə olsun” prinsipini qəbul edirsən. Mən isə "bir dəfə olsun, amma tam olsun” prinsipini qəbul edirəm.  Əslində hər ikisi bu mübhəm sakitliyin arxasındakı vulkan kimiydilər. Qadın onu basdırılmış arzularıyla, Rəssam isə sənətiylə ört-basdır edirdi. Biri görüşməkdən qaçır, işi bəhanə edir, biri təklifinə cavab almayıb, əlacsız halda bütün daxili həvəsini, ehtirasını sənətə həsr edirdi.

Adam demək istəyir ki, söz oyunları yetər, dünyanın dərdi sizə qalmayıb, həyat bir dəfə verilir, hər zaman danışa bilərsiniz. Amma bu dünyada toxunmaq adlı tərtəmiz hal var, bu dünyada göz təması adlı dünyanı titrədəcək enerji var, bu dünyada yağışlı havada yanaq-yanağa dəyəcək anlar var. Hər ikiniz bunu bilirsiniz, hər ikiniz bunu istəyirsiniz. Bəlkə hər yazışmadan sonra yeni texnoloji prosesə  – yazışmaya lənətlər oxuyursunuz. Nə bilmək olar, hardan bilək?! Məncə yazıçı da bilmir. Axı müəllif qəhrənanlarını azad buraxıb. Onların bir kəlməsinə belə toxunmayıb, təsir etməyib, əl vurmayıb. Müəllifin kiminsə işinə qarışmaqla arası yoxdur. İntim söhbətlərini belə yazmayıb, yazmaq istəməyib. Mübhəmi mübhəmlə, başqa sözlə desəm pazı pazla çıxarıb.  Məndə belə sual yaranır: müəllifin öz əsərini – öz balasını azad buraxdığı bir dövrdə sizin, yəni danlağa, mühakiməyə meyilli olanların bu iki qəhrəmanı günahlandırmağa haqqı varmı?

Bəlkə qəhrəmanlar şair Vahid Əzizin fəlsəfəsindən baxırlar həyata: bədbin görünmək istəmirlər, qəlblərindəki arzulardan ayıbdır deyə.

Hələ təbiətində gəncliyin xüsusiyyətlərini saxlayan Rəssam Qadını sevimli aktrisası Lilliian Gişə bənzədir. Bu bənzərliyin arxasınca "Gizlətmək istəsələr də, bütün aktrisalarda bir yazıqlıq var…” deyir. Müəllif ustalıqla həmin günün yazışmasına mühit haqqında söhbətini gətirir. Qlamur saraylarda sənətin yaranmamasına aid fikirlər "Azneft çayxanası”nın sənət adamlarının söhbətinə şahidlik etdiyi günlərə qədəq gedib çıxır.

Obrazlar çox az hallarda canlı yazışmaya keçə bilirlər. Bu, alındıqda isə mövzuların bağlılığı, su kimi axıb gəlməsi xoşagələn olur. Belə söhbətlərdə ənənələr unudulmur. Novruza "kasıbın qapı satan ayı” deyən Qadın bizi unudulmuş atalar sözlərinə kimi aparır.

Qadının yazmadığı günlərdə, Rəssamın sözlərindən zülmət yağır. Məsələn, o deyir ki, mitinqləri dağıdan maskalı polislərin ləyaqətinə, şəxsiyyətinə, insafına, məsuliyyətinə pərdə çəkilib, onları qaranlıq dünyanın adamına çevirib. "Canavar” filmindən nümunə gətirən müəllif gecələr canavar olan Cek Nikolsonunun qəhrəmanının gündüzlər əzab çəkən adam olmasıyla, qəddarlıq edən polislərin itirilmiş insanlığını yanaşı qoyur və bütün bunlar  bizi düşündürür.

Estetik sənət əsərlərinin və davranışlara aid ən məzmunlu kitabların olduğu dövrdə vəhşiliyin davam etməsi oxucunu Rəssamla söhbətə çəkir. Qadının olmadığı günlərdə Rəssam oxucuyla dialoqa girir. Çünki, Rəssamın barmaqları kətan üzərində olsa da, ürəyi doludur. O hələ bu qadınla virtual rastlaşana qədər heç kimlə, heç vaxt bu dərinliyə kimi getməyib, düşüncə paylaşmasının kulminasiyasına çatmayıb. Rəssam geriyə dönməz yola başlayıb: o, yazmadan dayana bilmir, o, ürəyindəkiləri açıb söyləmədən özünü saxlaya bilmir. Rəssam böyük səhv edir, o Qadına hədsiz bağlılığı ilə müəllifi də yolundan edir, müəllif qələmə aldığı kişi obrazını unudur, özü rəssamın yerində olur, qadının soyuqqanlı görünən, əslində isti olan təbiətinin vurğununa çevrilir.



"Əziz dostum! Bəs niyə maska altında yalnız gözlər görünür? Həqiqəti çatdırmaq üçün” yazan qadın, kişi və qadın adlı heç vaxt dəyişməyən harmoniyanın təsdiqi kimi bir neçə gün sonra yazır və üslubu, düşüncəsiylə zəkasını ortaya qoyur. Adam müxtəlif nəzəriyyələri meydana gətirmək istəyənlərə demək istəyir: Baxın, qadın və kişinin birlikdə cismani yaxınlığı olmadan bütövləşməsinə baxın! Fikir, düşüncə bölüşməsində bir-birini tamamlamasına baxın! Kişinin bu münasibətdə yüksək roluna, dolasıyla desəm, qadını sətir-sətir aça bilmək qabiliyyətinə fikir verin.

Qadın deyir ki, maska insanı vəhşiliklərə vadar etmir, maska insanın nə qədər qəddar ola biləcəyini gizlədir.

Hərdən mənə elə gəlir ki, Rəssamla Qadının yazışması müasir Azərbaycan tarixinin bəlli dönəmini əhatə edir, həm də səliqəylə və ardıcıllıqla. Taleyinə üsyan qaldırıb onu özünə tabe etdirmək istəyən Qadın siyasi mübarizənin qismətə ümid edərək aparılması, siyasi liderlərin keyfiyyətlərini və siyasətçilərin "belinin qırılma səbəbini xalqı özlərinə borclu olmaq”larıyla  əlaqələndirir.

Rəssam  isə insanlara məğlubların  öz talelərinə hücum çəkməsini, indiki çətin dövrdə müxalif olmağın bir igidlik olduğunu önə çəkir. "Müxalifətçilərə qız verməməkdən, müxalifətçinin qızını almamaqdan tutmuş” onların və qohumlarının  işsiz qalmasına, məhrumiyyətlərlə üzləşməsinə kimi dövrün aydın mənzərəsini göz önünə gətirir.

Bəzən onlar incə şəkildə dalaşırlar: Qadın qaçır, Rəssam onu qovalayır. Qadın işinin çox olduğunu deyir, Rəssam darıxır. Qadın deyir ki, kişini ələ almaq üçün onun ən çirkin hisslərini oyatmaq bəsdir, "əgər kişini Tanrı yerinə qoyub itaət etsən, o, səni tərk edər, əgər kişiylə heyvan kimi rəftar eləsən, onda əllərini yalayar, dizinin dibindən ayrılmaz”.

Kişi danışır, qadınsa söhbətin şirin yerində gedir, hər şeyi sonraya saxlayıb gedir. Bəlkə bir kişi oxucu bilməz Qadının sərhədli davranışlarını, mülayim şəkildə sərhədlər qoymağını. Amma qadın oxucular Qadının hisslərini çox dərində gizlətməsini gözəl başa düşərlər. Onun bundan atıq verə bilməyəcəyini aydın görərlər. Qadın ağıllıdır, o bilir ki, başqası onun ola bilməz. Başqası elə başqasınındır.

"Dul qadını sevmək "second hand”dən palto alıb geyinmək kimidir”. "Kişilər qoyun kimidir, elə bilirlər, gördükləri ot yediklərindən dadlıdır”. "İnsan onu sevənləri öz sevdiklərinə qurban etməyə hazırdır. Bu, əvvəl-əvvəl şirin olsa da, sonda faciədi, morfi məstliyi və morfi faciəsi kimi”.

Amma bütün bunlarla yanaşı Qadın bilir ki, sərt davranış kövrək ürəyin təzahürüdür.

Bundan əlavə əsərdə diqqətimi cəlb edən gözəl nüans var: yüksələn sevgi.

Rəssam Qadının gözlərini günəşin təzə doğulan çağı, bala günəş adlandırır. Rəssam Qadını başa düşür və  "sənə ana qucağıtək təhlükəsiz, qayğısız yer lazımdı, sənə hər şeyi unutmaq lazımdır, sənə qadın olmaq lazımdı, sənə işgüzar qadın yox, sadəcə qadın olmaq lazımdır. Qəlbindəki yaran dərindi, bilirəm. Hələ desən, özündə bu qədər güc tapıb ayaqda qalmağına mat qalıram” deyir.

Müəllif deyir ki, biri ilə, həm də kədərli biriylə təmas üçün  güclü iradə, böyük sevgi, heç olmasa onun daşıdığı ağırlıqda kədərin olmalıdır…

Müəllif yazır, rəssam yazır, qadın yazır, bu mətnin müəllifi yazır. Nəticə etibariylə hər kəsin ürəyi doludur, hər kəs ürəyini müəyyən qədər boşaldır.

"Çöl Qala” haqqında çox uzun danışmaq və bu yazdıqlarımı davam etdirmək olar. Amma bir var yeyəsən, yeməkdən zövq, dad alasan, bir var bu dad haqqında kiminsə söhbətini dinləyəsən. Kitabı oxuyub, bədii mütaliənin zövqünü, dadını yaşamağı sizə arzu edirəm. Son olaraq onu da demək istəyirəm ki, bu dünyada cismani olaraq qovuşa bilməyənlərin, ruh etibariylə birləşməsinə, siz necə, inanırsınızmı?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->