Cənab De Byazi, ən yaxşısı üzüsulu getməkdir...

Cənab De Byazi, ən yaxşısı üzüsulu getməkdir...

Xatirimdədir, Canni De Byazi Azərbaycana gələndə xeyli iddialı idi. Hətta AFFA ilə danışıqlar prosesi gedərkən ölkəmizlə daha yaxından tanış olmaq üçün təyinatından hələ bir neçə ay əvvəl haqqımızda məlumatlar toplamağa başladığını da söyləmişdi. Əlbəttə, Albaniya millisini AVRO-2016-nın qrup mərhələsinə qədər daşımağı bacaran italiyalı mütəxəssis bu uğurunu bizim yığma ilə də təkrarlayacağına böyük ümidlər bəsləyirdi. Elə təyinatından sonra Azərbaycanda da bu arzularını gerçəkləşdirə biləcəyinə böyük inamı olduğunu demişdi.

 

Hazırda yığmamızın uğursuzluqlarına görə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovdan sonra bəlkə də ölkədə haqlı təqnid olunan ikinci şəxs məhz De Byazidir. Əlbəttə, istənilən komanda uğursuzluq yaşayırsa, tənqid qaçılmazdır. Baş roldasansa, daim təzyiqlərlə üzləşəcəksən, hər dediyin söz müzakirəyə çıxarılacaq, ictimaiyyət müsbət və ya mənfi rəylər bildirəcək. Təbii ki, peşəkar məşqçi hansısa komandanı çalışdırırsa, bütün bunların hamısına hazır olmalıdır. Bəzi özündənrazı, amma karyerasında ciddi heç nə ilə yadda qalmayan məşqçilərdən fərqli jurnalistlərin tənqidi suallarına səbrlə, düzgün cavab verməyi də bacarmalıdır. Əslində, De Byazidə bu kimi məsələlərlə bağlı problem yoxdur. Ən azı mən belə halla rastlaşmamışam. Hətta onu Azərbaycana gələn əcnəbi məşqçilərin əksəriyyətindən daha mədəni, Azərbaycana və azərbaycanlılara isti yanaşan, müsbət xarakterli bir insan kimi qələmə verərdim. Xatirimdədir, millimizə yeni baş məşqçi təyin olunan vaxtlarda sosial şəbəkələrdəki şəxsi səhifəsi vasitəsilə mentalitetimizə, insanlarımıza daha yaxın olmağa çalışdığını, yuxarıdan-aşağı baxmadığını daim göstərirdi. Hətta müəyyən siyasi məsələlərdə də məhz bizə dəstək verdiyini aşkar hiss etdirirdi. Böyük zəfər qazandığımız 44 günlük vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza yollanması, şəhidlərin məzarını ziyarət etməsi onun Azərbaycana hörmətlə yanaşmasının göstəricisidir. Bəli, bu kimi addımlar onun insan kimi ölkəmizə qarşı müsbət, hörmətlə yanaşdığından xəbər verir. Amma futbol məsələsinə gəlincə...

 

Bununla bağlı müsahibə aldığım mütəxəssislərə, veteran futbolçulara, futbol ictimaiyyətinin müxtəlif nümayəndələrinə də müəyyən suallar vermişəm. Yuxarıda da qeyd etdim, De Byazi ölkəmizə gələndə yaxşı işlər görəcəyinə, ən azı millimizi bir səviyyə yuxarı daşıyacağına böyük inam bəslədiyini açıqlamışdı. Bəzi iddiaları vardı. Cəmi 1 ildən sonra isə nədənsə fikirləri dəyişdi. Məsələn, yeni gələndə millimizin yaxşı potensialı olduğunu, ümumiyyətlə kifayət qədər yığmada oynaya biləcək futbolçuların varlığını da dilə gətirirdi. Ancaq zaman keçdi, heyətdə azərbaycanlı olmayan, milliləşdirilmiş, müxtəlif ölkələrdən, xüsusən də İrandan gəlmiş keyfiyyətsiz, faydasız futbolçular görməyə başladıq. Onların milliyə soxuşdurulması ilə yanaşı, italyan məşqçinin iddialı fikirlərinin də dəyişdiyinə şahidlik etdik. Güman ki, potensialımızla yaxından tanış olandan və  meydandan kənarda hansısa "oyunların” getdiyini görəndən sonra başqa səmtə istiqamətlənməyə qərar verdi. Sadəcə, müqaviləyə əsasən ölkədə qalıb işini davam etdirmək, oyunları da yola vermək səmtini nəzərdə tuturam. Bəli, ölkəmizə daha yüksək fikirlərlə gələn, sonradan fərqli istiqamətlənən məşqçilərin sırasına De Byazi də qoşulub. Yaxşı məşqçi ola bilər, amma indidən sonra onun millimizə heç nə verə bilməyəcəyini artıq hər kəs hiss etməyə başlayıb. Elə onu millimizə təyin edənlər də bunu yaxşı anlayır...

 

Yaxın illərdə nəticə olmayacaq. Bu ifadələri hələ De Byazi millimizə yeni təyin olunanda köşə yazılarımın birində bildirmişdim. Yenə də tarix təkrarlanır desəm yanılmaram. Əcnəbi məşqçi gəlir, bir-iki tsikl komandanı oynadır, nəticə vermir, əvəzində pulunu cibinə qoyub gedir. AFFA-da oturanlar da beləliklə büdcəni, xeyli miqdarda pulu havaya sovurmuş olurlar. Təbii ki, burada De Byazinin günahı yoxdur. Əsas günahkarlar nəticə olmayacağını bilə-bilə millimizə əcnəbi baş məşqçi təyin edənlərdədir. Qrupda sonuncu pilləni tutmağı istənilən yerli məşqçi, özü də daha az məvaciblə "bacarar”. De Byazi millimizdəki postunu indi tərk etmək qərarı versə, məncə, daha hörmətlə yola salınmış olar. Yox, məsələn, Berti Foqts kimi sırtıqlıq edib uzun müddət baş məşqçi postunda qalmaq istəsə, o zaman ünvanına təhqirlər də söyləməkdən çəkinməyənlər tapılacaq. Ona görə də ən yaxşısı elə üzüsulu getməkdir...

 

Səbuhi Həsənov

XƏBƏRLƏR
BLOGLAR
X