Siyasət 14:47 31.10.2020

Cenevrə görüşü erməniləri sonrakı məğlubiyyətdən xilas cəhdidir (ŞƏRH)

"Sonuncu erməni əsgəri Qarabağ ərazisindən çıxdıqdan sonra Azərbaycan danışıqlara "hə” deyə bilər".


Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünün nəticələrindən danışarkən deyib. Politoloq Cenevrə görüşündən nəticə gözləmədiyini vurğulayıb:


"Bu görüş böyük dövlətlərin cəbhədə atəşkəs elan edib erməniləri sonrakı ağır məğlubiyyətdən xilas etmə cəhdləridir. Ortaya da yenidən ATƏT-in Minsk Qrupu həmsədlərinin iştirakı ilə danışıqların davam edilməsi fikri atıldı. Yəqin, hazırda ordadırlar, Xarici İşlər Nazirləri onlarla da görüşəcək. Ona görə də mən bu Minsk Qrupunun təklifi ilə hər hansı bir nəticənin əldə ediləcəyinə inanmıram. Hər şey danışıqlar xətrinədir".

 



Qabil Hüseynli qeyd edib ki, ermənilər qalıcı, həmişəlik bir atəşkəsə nail olmaq istəyirlər:


"Bu da Azərbaycan üçün əlverişli deyil. Ermənilər işğal etdikləri torpaqdan çıxacaqlarsa, çıxacaqları vaxtın cədvəlini bizə təqdim edərlərsə, Azərbaycan bu işə Prezident səviyyəsində "hə” deyərsə proseslərin sonrakı gedişini izləmək olar. Amma ermənilər həmişə yalan içərisində yaşayıb, ona görə də onların hər hansı sözünə inanmaq çətindir".


Politoloq sonda bu günə kimi ermənilərin etibarsızlıq qazandığından danışıqların alınmayacağı qənaətində olduğunu bildirib.


Qeyd edək ki, oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşü keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşlə bağlı bəyanat yayıblar.


Bahar Rüstəmli