Xəbər lenti

Siyasət 14:00 16.07.2024

"Çərçivə sazişi yaxın aylarda imzalana bilər" - Ekspert

"Sentyabr-oktyabr aylarında çərçivə sazişi imzalana bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ABŞ Dövlət Departamenti rəsmisi Metyu Millerin Bakı və İrəvanın sülh danışıqlarında irəliləyiş əldə etdikləri barədə brifinqdə söylədiklərini şərh edərkən deyib.

"Azərbaycan hazırkı mərhələdə Ermənsitandan tələb edir ki, konstitusiyasında dəyişikliklər etsin. Paşinyan isə elan edib ki, 2026-cı il üçün yeni Konstitusiya layihəsi hazırlanacaq. Əlbəttə ki, yeni konstitusiyalarında Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaları çıxartmalıdırlar. Ola bilsin ki, bu istiqamətdə artıq qərar əldə olunub", deyə Mehman Əliyev bildirib.



Mehman Əliyev bildirib ki, söhbət tərəflərin 1991-ci il sərhədlərini tanıması əsasında müvəqqəti çərçivə sülh sazişinin imzalanmasından gedir:

"Bu sənəd sentyabr-oktyabr aylarında imzalana bilər. Sonra tərəflər münasibətləri normallaşdırmağa başlaya bilərlər. Ermənistan tərəfi də 2026-cı ildə yeni konstitusiya qəbul edir. Bir var bunu daxili siyasi çərçivədə deyirlər, bir də var mühüm bir vasitəçinin iştirakı ilə bunu bəyan edirlər. Görünən odur ki, tərəflər bu məqamları razılaşdırıblar. Burada zəmanət verən də ABŞ-dır. Artıq bu məqamlar ABŞ-ın iştirakı ilə deyilir". 

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib. Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir. "Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı”, deyə o qeyd edib. 

Xatırladaq ki, bu günlərdə NATO-nun Vaşinqton sammitində ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü olub. Həmin görüşdən üzü bəri Amerika rəsmiləri sülh danışıqlarında irəliləyişlərin olduğunu bəyan edirlər. Amma nədənsə həmin irəliləyişlərin konkret nədən ibarət olduğu açıqlanmır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->