Siyasət 18:14 28.01.2022

Ceyhun Bayramov İrəvanın hansı ilkin şərtlərini qəbuledilməz adlandırıb? (TƏHLİL)

 "Bakının qəbul etmədiyi, İrəvanın delimitasiya prosesinə başlamaq üçün irəli sürdüyü ilkin şərtlər Azərbaycanın Ermənistanla sərhəddə yerləşən tarixi əraziləriylə bağlıdır”.  

Bunu Qaynarinfo-ya açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin direktoru Xəyal Bəşirov sərhədlərin delimitasiyasına başlamaq üçün Ermənistanın irəli sürdüyü və Azərbaycanın qəbul etmədiyi ilkin şərtlərin nədən ibarət olduğuna aydınlıq gətirərkən deyib:

"Hələ də Ermənistan Azərbaycana məxsus Qazax rayonunun 7 və Naxçıvanda Kərki kəndini tam şəkildə boşaltmayıb. Həmçinin, İrəvan sonradan sərhəddə erməni toponimlərilə əvəzlənən Azərbaycanın tarixi ərazilərinə iddiadan da əl çəkmək istəmir. Ona görə də Bakı İrəvanın həmin məsələdə irəli sürdüyü şərtləri qəbul etmir. Bu müstəvidə İrəvan beynəlxalq hüquqa əməl etmək istəyirsə, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə maneə olmamalıdır”. 

Ekspert bildirir ki, İrəvanın bu açıqlaması onu göstərir ki, onlar delimitasiya və demarkasiya prosesinin həllini uzatmaqla təxribata can atırlar:  
"Ermənistandan fərqli olaraq Azərbaycan bütün fikirlərini açıq şəkildə bəyan edir. Bakının əsas məqsədi Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin reallaşdırılmasıdır. Delimitasiya və demarkasiya prosesini ədalətli şəkildə özündə əks etdirə bilən xəritələr Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılır. 

Ermənistan bu məsələdə də təxribata gedir. Bununla onlar prosesi mümkün qədər uzatmağa, bu yolla hələ də münaqişənin həll olunmadığı görüntüsünü yaratmağa çalışırlar. Eyni zamanda, üçüncü, dördüncü tərəfləri prosesə cəlb etmək istəyirlər”. 

Paşinyanın Bakı və Moskvaya təkliflər verdiyini və burada sərhədlərin demarkasiyası deyil, sərhəddə təhlükəsizlik və sabitlik məsələsinin yer almasına gəldikdə isə X. Bəşirov qeyd edir ki, erməni baş nazirinin bu açıqlaması da absurddur:

"Sərhəd yoxdursa, delimitasiya və demarkasiya müəyyənləşməyibsə, hansı sərhəd əraziləri və yaxud sərhəd ərazisindəki təhlükəsizlikdən söhbət gedə bilər. Ona görə də ilk öncə sərhəd anlayışı müəyyən olunmalıdır, yalnız bundan sonra hansı sərhəddə hansı təhlükəsizlikdən söhbət getdiyindən danışmaq olar. Ona görə bu açıqlaması da Paşinyanın növbəti populist çıxışının tərkib hissəsidir. Növbəti dəfə dünya publikasına hesablanmış addımdır. Bununla sanki guya sülh təşəbbüsü ilə çıxış edirlər”. 

Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Armen Mirzoyan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunarkən bu məsələdə Azərbaycan üçün nəyin qəbuledilməz olduğunu anlamağa çalışdığını deyib. Bununla bağlı hələ yanvarın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, İrəvanın delimitasiya prosesinə başlamaq üçün ilkin şərtləri Azərbaycan üçün qəbuledilməzdir. Ancaq o həmin ilkin şərtlərin nədən ibarət olduğunu açıqlamayıb. 

Rüfət Sultan