Azərbaycanda keçirilən prezident seçkilərindən sonra yenidən prezident seçilən İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün ilk rəsmi səfərini Almaniyaya edib. Orada o, Almaniya kansleri Olaf Şolts ilə görüşərək ikitərəfli münasibətləri müzakirə edib, həmçinin ABŞ-nin yüksək səviyyəli rəsmiləri, o cümlədən dövlət katibi Antoni Blinkenlə iqlim dəyişikliyi, karbohidrogenlər və bərpa olunan enerji sahələrində əməkdaşlıq, ticarət əlaqələri, regional sabitlik və Ermənistanla sülh səyləri daxil olmaqla yeni əməkdaşlıq sahələrini araşdırmaq üçün görüşüb.
Azərbaycanın Avropa və Asiya arasında əsas ticarət və nəqliyyat yollarının kəsişməsində yerləşən geosiyasi mövqeyini (ölkə İran, Rusiya və Türkiyə ilə həmsərhəddir) və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolunu nəzərə alsaq, bu görüşlər Xəzəryanı dövlətin arzuolunan tərəfdaş kimi beynəlxalq forumlarda artan strateji əhəmiyyətini göstərir.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan, Almaniya və Ermənistan arasında baş tutan yüksək səviyyəli üçtərəfli görüş İrəvan və Bakının fikir ayrılıqlarına baxmayaraq, tərəflərin yenidən zorakılığa əl atmadan münaqişəni həll etmək öhdəliyini bir daha təsdiqləyib. İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqlara dair artıq əldə edilmiş razılaşmaları xatırladaraq üçtərəfli görüşü konstruktiv və faydalı hesab edib.
Həllini gözləyən problemlər hələ də qalır, lakin tərəflər hərtərəfli sülh sazişinin imzalanması və münasibətlərin prinsipial şəkildə normallaşdırılması istiqamətində (ərazi bütövlüyünə hörmət, ərazi iddialarının rədd edilməsi, beynəlxalq hüquq normalarına riayət edilməsi, dövlətlərarası sərhədlərin delimitasiyası və sərhədlərin açılması) xoşməramlılıq nümayiş etdirsələr, bu problemləri də dəf etmək mümkündür. Dekabrın 7-də Ermənistan və Azərbaycan arasında erməni məhbusların azad edilməsi ilə bağlı əldə edilmiş razılaşmadan sonra Ermənistan tərəfinin Azərbaycanın COP29 sədrliyinə qarşı qoyduğu vetonu qaldırması buna nümunə ola bilər.
Azərbaycan COP29-a sədrlik etməyə və bu ilin noyabrında iqlim müzakirələrində ön sıralarda yer almağa hazırlaşdığına görə o, yeni iqlim maliyyəsinin yaradılması və qlobal həmrəyliyin gücləndirilməsini prioritetləşdirərək "COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında körpü” fəaliyyətini göstərmək niyyətindədir. Bu həm də Azərbaycanın indi müxtəlif xarici siyasət hədəflərinə doğru irəliləmək əzmində olduğunu nümayiş etdirir, çünki Ermənistanla Azərbaycan arasında həll olunmuş münaqişə daha onun beynəlxalq münasibətlər gündəmini kölgədə qoymayacaq.
Ötən ayın əvvəlində böyük xalq dəstəyi ilə 5-ci prezidentlik dönəminə başlayan İlham Əliyev andiçmə nitqində Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kontekstində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunaraq bu çoxvektorlu xarici siyasət yanaşmasına artıq işarə verib.
İlham Əliyevin Xankəndidə səs verməsi ilə bütün Azərbaycan ərazisində ilk dəfə keçirilən seçki Azərbaycan xalqı üçün tarixi bir mərhələdir. 30 ilə yaxın erməni işğalından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasında əldə etdiyi hərbi uğurdan sonra ictimaiyyət arasında etimadını daha da möhkəmləndirən İlham Əliyev Azərbaycan tarixində yeni səhifə açıb və ölkənin inkişafı yolunda, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun bərpası və azərbaycanlı məcburi köçkünlərin öz doğma vətənlərinə geri dönməsi üçün yeni meyarlar qoymağa başlayıb.
Təkcə Azərbaycan yox, bütün region və Avropa İttifaqı daha sıx iqtisadi inteqrasiya, enerji əməkdaşlığı, yeni nəqliyyat və ticarət yolları baxımından bu yeni dinamikada iqtisadi və siyasi cəhətdən daha da inkişaf edə bilər. Azərbaycan Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranmış enerji böhranı zamanı Avropa İttifaqını dəstəkləyib və gələcəkdə də bu dəstəyi davam etdirməyə hazırdır. Avropa İttifaqı Azərbaycanın ümumi ticarətinin təxminən 52%-ni təşkil edərək onun əsas ticarət tərəfdaşıdır.
Mövcud geosiyasi gərginlik həm də Azərbaycandan keçərək Avropa və Asiyanı birləşdirən Orta Dəhliz kimi alternativ ticarət yollarının yaranmasına səbəb olub. Yanvarın sonlarında Avropa İttifaqı Qlobal Tranzit ticarət şəbəkəsinin bir hissəsi olaraq Orta Dəhlizin nəqliyyat əlaqələrinə dəstək və investisiyalar üçün 10 milyard avro ayırmağı vəd edib ki, bu da münaqişə sonrası Cənubi Qafqaz üçün geniş imkanların daha bir göstəricisidir.
Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvü kimi Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə vermək, müdafiə, təhlükəsizlik və terrorla mübarizə sahələrində Qərblə əməkdaşlıq etməklə yanaşı, həm də Qərbin sadiq müttəfiqidir.
Bu Xəzəryanı dövlət bütün vətəndaşlarının tərəqqi və firavanlığı naminə, birlik və möhkəmliyə sarsılmaz öhdəliyi ilə formalaşdırdığı gələcəyə aydın baxışı ilə yeni səhifəyə qədəm qoyur. Bu daxili paradiqma dəyişiklikləri artıq Azərbaycanın yeni xarici siyasət istiqamətində öz əksini tapıb və çox güman ki, bu, orta güc dövlətinin dünya səhnəsində daha fəal və təsirli rol oynamasına gətirib çıxaracaq. Münxen Təhlükəsizlik Konfransında baş verən son hadisələr və qarşıdan gələn COP29 üçün gələcək planlar artıq belə mühüm transformasiyadan xəbər verir. Belə ki, Azərbaycan hazırda xarici siyasət səhnəsində yeni sərhədlər kəşf etmək ərəfəsindədir.
Şərhlər