Xəbər lenti

Sənət 13:38 13.10.2022

Çox istəyərdim ki, Dədəyə Xalq artisti fəxri adı verilsin - Qızı

"Bir övladı olaraq çox istəyərdim ki, Dədəyə Xalq artisti fəxri adı verilsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, xanəndə Dədə Süleymanın (Süleyman Abdullayev) qızı Aygün Abdullayeva deyib. Qızı deyir ki, Dədə heç bir vaxt ona Xalq artisti fəxri adının verilməməsinə görə gileylənməyib, bunu dilinə belə gətirməyib:

"Atam şan-şöhrət ardınca qaçan olmayıb. Onu tanıyanlar bunu yaxşı bilir. Dədə o qədər qürurludur ki, heç vaxt istədiyini dilinə gətirməz. İnsan zəhmət çəkir, onun bəhrəsini görəndə çox sevinir. Mən övladı kimi hiss etmişəm ki, Dədə hardasa ürəyinin dərinliyində ona bu adın verilməsini umur. Təki atam yaxşı olsun, ayağa qalxsın”.

Aygün Abdullayevanın sözlərinə görə, bu saat hər şeydən vacib onun ayağa qalxmasıdır:

"Yanında oturub bütün günü əlini əlimə alıb ağlayıram, gözünü açıb məni ağladığımı görəndə soruşur ki, bala, niyə ağlayırsan? Deyirəm, balanam, sənin halına yanmayım? Bizə onun sağlamlığı daha vacibdir”.

Qeyd edək ki, Əməkdar artist Süleyman Abdullayevin səhhəti ağırlaşıb. Həkimlər onun ayaq barmağını amputasiya edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->