İdman 09:36 30.07.2021

Cüdoda yeganə medal ümidimiz Kindzerska oldu

Tokio-2020-də daha iki cüdoçumuz mübarizəyə qoşulub.

Azərbaycan Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə İrina Kindzerska ilə Uşangi Kokauri də tatami üzərinə çıxıb. Kokauri ilk görüşündə Polşa idmançısı Maciej Sarnackiyə qalib gələrək 1/8 finala çıxıb. Ancaq bu mərhələdə braziliyalı Rafael Silvaya uduzaraq Olimpiadada mübarizəni dayandırıb.

Kindzerska isə 1/8 finalda bosniyalı Larisa tseriçi məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/4 final mərhələsindəki rəqibi koreyalı idmançı olub. Cüdoçumuz bu idmançını da mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. Beləliklə, Tokio-2020-də ilk yarımfinalçımız Kindzerska olub. O, final uğrunda yaponiyalı Akira Sone ilə mübarizə aparacaq.  

Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Buna qədər Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) da uğursuz çıxışla yadda qalıb. Onlardan Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.

Səbuhi Həsənov