“Üçüncü kino”nun partizanları...

“Üçüncü kino”nun partizanları...

Məmməd Süleymanov

"Üçüncü kinematoqraf” terminini ilk dəfə 1969-cu ildə Kubanın kino jurnallarından birinə verdikləri birgə müsahibələrində Argentina rejissorları Fernando Solanas və Oktavio Xatino işlədib. Elə həmin ildə də başqa bir Kuba jurnalı ("Trikontinental”) mövzuya xüsusi esse həsr edib və terminin müstəqil ömrü başlayıb.

"Üçüncü kinematoqraf”ı Solanas və Xatino kəşf etməyib, onlar mövcud fenomenə sadəcə ad tapıblar. 

"Birinci kinematoqraf”a Hollivud modeli aiddir - nə müəllif var, nə də problem. Olan problem də sünidir, qəsdən aktuallaşdırılır və istisnasız olaraq kütləvi tamaşaçını əyləndirməyə hesablanır. Məqsəd pul qazanmaqdır və bu filmlər popkorn satmağa daha çox xidmət edir, nəinki düzgün zövqlərin formalaşdırılmasına. Tamaşaçını əyləndirir, bəzən qorxudur, bəzən də qorxutmaqla əyləndirirlər. Mass-kult, bir sözlə.

Ona qarşı dayanan "İkinci kinematoqraf” Avropanın Hollivud şərtiliyindən imtina edən müəllif kinosudur. Problem də var, süjet də, rejissorun fərdi özünüifadəsi də.

Nəhayət, "Üçüncü kinematoqraf” - "mübarizə kinosu”dur. O, passiv tamaşaçını siyasi həyatın aktiv iştirakçısına çevirir. Avropanın müəllif kinosundakı kimi, burada da biz müəllifi, problemi, dirənişi görürük. Ancaq burada müəllif özü də ümumi ideyanın bir hissəsidir. O, bütün qabiliyyətini insanlara ətrafdakı həqiqətləri çatdırmağa sərf edir, seyrçini öz düşərgəsini seçməyə çağırır. 

”Üçüncü kinematoqraf” əvvəlindən antiimperialist, antikapitalist və müstəmləkəçilik əleyhinədir. Üstəlik, bu filmlər savaşan qəhrəmanlara uzaqdan baxıb onlara adi simpatiya bəsləməyi, yaxud qurbanlıqlara vur-tut göz yaşı tökməyi nonsens sayır. Bu kino təlqin edin - sən də dirən, savaş, aktiv ol, ideyanı silaha çevir.

"Üçüncü kinematoqraf”ın ən yaxşı nümunələrini biz Cillo Pontekorovoda ("Əlcəzair uğrunda savaş”), Rene Votyedə, Uqo Santyaqoda ("İşğal”), 1960-ların Qodarında və Alen Renesində, özü partizan olmuş Kodzi Vakamatsunun Fələstin inqilabçıları və "Yapon Qızıl Ordusu” haqda filmlərində görə bilərik. Yaxud, şəhər gerilyasını təbliğ edən Argentina, Çili, Uruqvay, Nikaraquanın Sol rejissorları bu qəbildən əbədi filmlər yaradıblar.

***

Ancaq gəlin bu mövzunu konkret adlar və rejissorlar üzərində nəzərdən keçirək. O kəslərə müracət edək ki, onlar bioqrafiyaları ilə ideyalarını təsdiqləyiblər, təbliğ etdikləri mübarizənin episentrində olublar və bir çoxu bu yolda həyatlarından keçiblər.

Bu, o haldır ki, müəlliflə əsəri fərqləndirmək çətinləşir - ideallar uğrunda fərdi həyat ekranda ümumi obraza çevrilir.

"Üçüncü kino”nun məhz Latın Amerikasında təşəkkülü də təsadüfi deyildi - orada diktatualar əleyhinə dirəniş daha radikal formada və daha ağır şərtlər altında keçirdi, mübarizənin avanqardında isə intellektuallar gedirdi. Onların silahı eyni vaxtda həm avtomat, həm də kinokamera idi.

***

Braziliyalı rejissor və ssenarist Lusiya Murat çox gənc ikən "8 oktyabr İnqilabi hərəkatı”na qoşulur (8 oktyabr - Çe Gevaranın öldürüldüyü gündür). Məhz bu Sol radikal təşkilat 1969-cu ildə ABŞ-ın Braziliyadakı səfiri Elbriki oğurlayaraq 15 məhbusa dəyişir. İnqilabçılar əməliyyatdan sonra həbs olunacaqlarını əvvəldən bilirdilər (o hadisə barədə rejissor Brunu Barretu 1997-ci ildə "Sentyabrın 4 günü” filmini çəkib. Ssenari müəllifi isə səfiri oğurlayanlardan biri - Fernandu Qabeyradır).

Səfir azad olunandan sonra inqilabçılardan 2-si qətlə yetirilir, digərləri isə həbs olunur. 21 yaşlı Lusiya 4 il həbsdə qalır, işgəncələr görür. Ancaq bir çox yoldaşından fərqli olaraq, salamat qalır. Həbsdən sonra Braziliyanı tərk edir, rejissor kimi bir çox bədii və sənədli film çəkir ( o cümlədən, "Uzun yol” və "Əcnəbi baxış”).

Bu, o vaxtlardı ki, diktatura zindanlarında neçə-neçə rejissor yoxa çıxdı. Məsələn, Sol "Xalqın inqilabçı avanqardı” təşkilatının üzvü, 30 yaşlı rejissor Eleni Quaribanı bu cür tale tapdı. Eleni "Avanqard”ın 1970-ci ildəki iki aksiyasınınn - Almaniyanın və İveçrənin Braziliyadakı səfirlərinin oğurlanaraq müvafiq olaraq 40 və 70 siyasi məhbusla dəyişdirilməsi əməliyyatlarının iştirakçısı idi. Mübadilə nəticəsində azadlığa çıxan məhbuslardan biri isə artıq adını çəkdiyimiz Fernandu Qabeyra oldu.

İsveçrə səfiri Byuxnerin girovluqda keşikçilərindən biri ssenarist Alfredo Sirkis idi. Danışıqlar uzananda və şəhər partizanları Byuxneri öldürmək qərarını müzakirə edəndə Sirkis əleyhinə çıxır.

Qabeyra isə ABŞ səfiri Elbrikin keşiyini çəkmişdi. Sonralar Kon-Benditin ("Qırmızı Dani”) "Braziliya naminə sən səfiri öldürərdinmi” sualına Qabeyra belə cavab verəcəkdi: "Mən filmdəki bir səhnə haqqında çox fikirləşirdim. Orada meksikalı inqilabçı amerikalını öldürərkən "Məni bağışla. Səni necə sevdiyimi anlamağın üçün öldürməliyəm” deyir. Mən də həmin əhvaldaydım”.

Braziliya şəhər gerilyası həmin illərdəki ümumdünya gerilyasının bir parçası idi. "Üçüncü kino” isə kameranı silahla eyniləşdirirdi. Ona görə də savaşa bu qədər çox rejissorun qoşulması təsadüfi deyildi.

Oxşar vəziyyət 1969-79-cu illərin Argentinasında idi. Bəzən Argentinanı "Üçüncü kino”nun həm Vətəni, həm də məzarlığı adlandırırlar. Orada rejissorlar "Montoneros”un tərkibində savaşırdılar və İspaniyada mühacirətdə olan Peronun geri qayıda bilməsi üçün fədakarlıq edirdilər. Onların bəxti gətirmədi - qalib gəldilər. Qoca Peron isə qayıdan kimi onu hava limanına qarşılamağa toplaşan montonerosları gülləbaran etdi.

Peron artıq yaxın ətrafındakı Lopes Reqanın - Argentina Antikommunist Alyansının (AAA) rəhbəri, "Qara cadugar” ləqəbli sadistin əlində oyuncağa çevrilmişdi. Və montoneroslar indi də Lopes Reqaya savaş açdılar. Sonrası daha dəhşətli oldu - 1976-cı ildə hərbi çevriliş nəticəsində "Qara cadugar”dan da dəhşətli personaj - general Videla hakimiyyətə gəldi və ölkəni məzarlığa çevirdi. Dəhşətli işgəncələrdən sonra 30 min insan "yoxa çıxdı”.

Onların arasında montonerosların kino departamentinin rejissorları Raymundo Qleyzer və Xorxe Sedron da vardı.

Qleyzer inqilabçıların kommünikelərinə ekran həyatı verirdi. Onun 1971-ci ildə çəkdiyi "Svift” lakonik və obrazlı şəkildə anlatmağa çalışırdı - niyə inqilabçılar "Svift” şirkətinin nümayəndəsini oğurlayıblar. Qleyzer sinfi mübarizənin avanqardında gedən, ən ekstremal şəraitdə çəkilişlər aparan rejissor idi. Videla hakimiyyətə gələndə Qleyzer ABŞ-daydı, Argentinaya dönməyə bilərdi, ancaq döndü və gizli işgəncə mərkəzlərindən birində öldürüldü. İşgəncələr zamanı susmağı yoldaşlarına ölkəni tərk etmək üçün vaxt qazandırdı.

"Qırğın əməliyyatı”nın (1972) rejissoru Sedron çevrilişdən sonra Avropaya getdi və 1979-cu ildə Parisdə, polis idarəsinin binasında bıçaqla qətlə yetirildi.

Həmin filmin ssenaristi Argentinanın o qaranlıq illərinin ən parlaq şəxsiyyətlərindən olan Rodolfo Uolş idi. Uolş bir ildən çox müddətdə gizli fəaliyyət göstərdi, çevrilişin ildönümündə diktaturaya müraciət yazıb yaydı. O,  1977-ci ildə pusquya düşdü və təkrarlamağı xoşladığı prinsipə sadiq qalaraq özünü güllə ilə vurdu. Həin prinsip isə bu idi: "Danışmaq cinayət deyil,cinayət - ələ keçməkdir”.

Çilidə "Üçüncü kino”nun parlaq nümayəndəsi Migel Littin ("Yoldaş prezident”, "Marusia mədənindəki hadisələr”) idi. O, Alyende hökumətində kinodepartamentə başçılıq edirdi. Pinoçetin "qara siyahı”sında çevrilişdən dərhal sonra həbs edilməli şəxslərdən biri idi. Ancaq sırf təsadüf Littinin ölkəni tərk etməsinə imkan yaratdı. O, 1984-cü ildə inkoqnito Pinoçet Çilisinə gələcək, "Çilinin ümumxalq bəyannaməsi” filmini çəkəcəkdi. Onun bu səfəri haqqında Markes "Migel Littinin Çilidə gizli macəraları” əsərini yazacaq və Pinoçetin əmri ilə kitablar Santyaqoda tonqalda yandırılacaqdı.

Çilidə bir çox gənc rejissor radikal Sol "MIR” təşkilatında ("Sol inqilabi hərəkat”) toplaşmışdı. Onun lideri, gənc və xarizmatik Migel Enrikes prezident Alyendeyə xalqı silahlandırmağı təklif edirdi, sosializmin dinc yolla qurulmasına inanmırdı, ancaq təşkilat Alyendeyə olan hörmətinə görə terrora əl atmırdı.

Alyende xalqı silahlandırmadı və həlak oldu. 30 yaşlı Enrikes daha 1 il mübarizə apardı və 1974-cü ildə mühasirəyə düşərək bir neçə saatlıq atışmadan sonra öldürüldü. Həmin vaxt rejissor Karmen Kastilyo da onunla idi. Hamilə Karmen yaralı halda ələ keçdi, işgəncələr gördü və beynəlxalq dəstəyin hesabına azad olundu. Hazırda Fransada yaşayır, sənədli filmlər çəkir.

Almaniyada Xolqer Maynts "Mən Molotov kokteylini necə hazırlayıram” filmini çəkdi və RAF-a qoşuldu. O, 1974-cü ildə məhbəsdə, aclığın 59-cu günündə vəfat etdi. Mayntsın Osventsim məhbusunu xatırladan kaxektik bədəninin fotosu bütün dünyanı dolaşdı və kapitalizm üçün daha bir ittihama çevrildi.

Almaniyanın ən məşhur jurnalisti sayılan Ulrika Maynhof RAF-a qoşulmazdan əvvəl islah müəssisəsində qızların qiyamından bəhs edən filmin ssenarisini yazdı. Rejissoru Eberhard İtsenplits olan televiziya filmi 1970-ci ilin mayında nümayiş etdirilməliydi, ancaq qadağan olundu - həmin vaxt Ulrika artıq əlinə avtomat götürmüşdü.

Türkiyədə "Üçüncü kino”nun parlaq nümayəndəsi Yılmaz Güneydir. Özünün "Yol” filmi ilə 1982-ci ildə Kannda Qızıl palma budağı alan Yılmaz həbsə birinci dəfə hekayələrindən birindəki cümləyə görə girmişdi: "Hamı bərabər olsaydı, Yerdə cənnət olardı”. İkinci dəfə - Mahir Çayanı evində gizlətdiyinə görə. Üçüncü dəfə - müstəntiqini qətlə yetirdiyi üçün.

Və "Yol” filminin qəhrəmanları kimi həbsdən iznli çıxıb, sonra da geri dönməmişdi.

Nəhayət, "Döyüşən kino”nun daha bir nümayəndəsi - yapon rejissor Masao Adati. Onu hətta çoxları ölmüş bilirdi, izi vətəndaş müharibəsinə qərq olmuş Livanda itirdi. Sonra Adati 1997-ci ildə Livanda həbs olundu, Yaponiyaya təhvil verildi, bir müddət də burada məhbəsdə qaldı, yenidən rejissorluğa qayıtdı.

Adati "Yapon Qırmızı Ordusu”nun ideoloqlarından idi, 1970-ci ildə rejissor Kodzi Vakamatsu ilə İordaniyaya yollandı, burada "Dünya müharibəsinin elan olunması”nı (1971) çəkdilər. Vakamatsu filmi nümayiş etdirmək üçün Yaponiyaya qayıtdı, Adati isə fələstinlilərin düşərgəsində qalıb partizan oldu.

Onun bu cümləsini "Döyüşən kino”un dəqiq xarakteristikası saymaq olar: "Kameranı silahla əvəzləməkdənsə, yaxşı olmazmı ki, hər ikisini eyni vaxtda götürəsən?!.” 
XƏBƏRLƏR
BLOGLAR