(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti keçirilib. Bu tədbir fonunda Azərbaycan da yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
Qeyd edək ki, Azərbaycanın D-8-ə üzvlüyü təşkilat yarandığı gündən ilk genişlənmə hadisəsidir. Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Bu təşkilatda dünya müsəlmanlarının 60 faizini təşkil edən və İslam ölkələri arasında seçilən dövlətlər cəmləşib.
Bu mənada Azərbaycanın da D-8-ə təmsil olunması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və Bakıya olan etimadın bariz nümunəsidir.
Birmənalı şəkildə aydındır ki, Azərbaycanın D-8 üzvlüyü, həmçinin İslam həmrəyliyinin möhkəmlənməsinə, İslam dəyərlərinin dünyada təbliğinə və islamofobiya ilə mübarizə sahəsinə böyük töhfə verəcək.
Azərbaycan üzv olana qədər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirib. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, D-8 təşkilatı artıq dünya siyasətində mühüm bir faktora çevrilib:
"Dünyanın müxtəlif bölgələrində yerləşməsinə baxmayaraq, D-8-ə üzv ölkələr inkişaf dinamikası ilə seçilir. Üzv ölkələr arasında Türkiyə, Pakistan, İran kimi inkişaf etmiş ölkələrlə yanaşı, inkişafa can atan, özünün müasirlik modelini axtaran dövlətlər də var. D-8 ölkələri artıq dünya siyasətində mühüm, dünyanın tədricən diqqətini cəlb edən bir faktora çevrilə biliblər. Bir-birilə əməkdaşlığa, birgə layihələr həyata keçirməyə cəhd edirlər".
Deputatın fikrincə, Azərbaycanın D-8 üzv olması həmin ölkələrlə ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə, ölkəmizə investisiya cəlb olunmasına, eyni zamanda Azərbaycan kapitalının həmin dövlətlərin iqtisadiyyatına yönəldilməsinə ciddi təkan verəcək:
"Həmçinin, mədəni, siyasi, humanitar sahədə də əməkdaşlıq güclənəcək. Ölkələr bir-birini daha yaxşı tanıyacaq. Azərbaycan bu ölkələrin ictimai fikrinə artıq müttəfiq, dost ölkə kimi daxil olacaq. Bugünkü dünyada müttəfiqlərin sayının çox olması istənilən ölkənin gücünün göstəricilərindən biridir. Azərbaycan onsuz da dünya birliyində nüfuz qazanıb".
Həmsöhbətimiz hesab edir ki, D-8-ə üzvlüyümüz ölkəmizin dostlar, müttəfiqlər dairəsini daha da gücləndirəcək:
"Həmin ölkələrlə birlikdə Azərbaycan dünyanın simasını müasirliyə, yeniliyə, inkişafa doğru dəyişməkdə iştirak edəcək".
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər