Xəbər lenti

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir
Sənət 13:58 12.09.2025

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Aktyor və rejissor, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərovun vəzifəsindən çıxarılmasından 3 ildən yuxarı vaxt keçir. Bu müddətdə sözügedən teatra hələ də direktor təyin edilməyib.

Teatrın baş rejissoru Musa Eyyubov olsa da, direktor səlahiyyətlərini icra etmək aktyor Allahverdi Musayevə həvalə edilib. Maraq doğuran elə budur: Teatrın baş rejissoru olduğu halda, səlahiyyətlər niyə Allahverdi Musayevə həvalə edilib?

Musa Eyyubov Qaynarinfo-ya açıqlamasında ona direktor səlahiyyətlərinin təklif olunduğunu bildirib:



"2023-cü ilin aprel ayında Saqif İsgəndərovun 65 yaşı tamam oldu. Yaş həddi ilə bağlı teatrın direktor vəzifəsindən azad edildi, hazırda pensiyadadır. Ondan sonra 6 ay teatrın direktor səlahiyyətlərini mən icra etdim. Məndən sonra isə teatrın rejissoru var idi, onun təqdimatını verdik. 2023-cü ilin noyabr ayından bu günə kimi teatrın direktor səlahiyyətlərini Allahverdi Musayev icra edir. Mən yaradıcı adamam, həmin müddətdə yaradıcılıqla məşğul ola bilmirdim, ancaq inzibati işlərlə məşğul idim. Baş rejissor tamaşa hazırlamalıdır, ona da vaxtım qalmırdı. Direktor vəzifəsi hardasa 25-il əvvəl mənə təklif olunmuşdu. İmtina etdim, yaradıcı işim mənə yetər".


Allahverdi Musayev

Bu mövsümdə teatra direktor təyini gözlənilir?

Musa Eyyubov Allahverdi Musayevin direktor olmasının tərəfdarı olduğunu qeyd edib:

"İki ildən artıqdır ki, teatrda direktor səlahiyyətlərini icra edir. Cavandır, əlaqələri genişdir, teatr sahəsində təcrübəsi var. Əvvəl teatrda aktyor işləyib, sonra da rejissor, inzibati işlərdən başı yaxşı çıxır. Hər halda bu teatra bələd olan biri direktor olmalıdır".

Baş rejissor hazırda yeni mövsümə hazırlaşdıqlarını xatırladıb.

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->