İdman 11:11 13.10.2017

«Dallas»ın baş məşqçisi milli komandamızda?

Türk mütəxəssis Engin Fırat Azərbaycan millisinin baş məşqçisi ola biləcəyi ilə bağlı iddialara cavab verib. "Qaynarinfo" xəbər verir ki, 47 yaşlı məşqçi AFFA-dan təklif almadığını bildirib.

Hazırda ABŞ-ın "Dallas" klubunu çalışdıran Engin Fırat Moldova və Kosovadan təklif aldığını təsdiqləyib: "Hazırda ABŞ-ın "Dallas" klubundayam. Amma burdan ayrılacam. Tezliklə yeni klub tapmaq istəyirəm. Danışıqlar apardığım klubular var. Milli komandalarla da danışıqlar gedir. Moldova və Kosovadan təkliflər almışam. Azərbaycandan isə hələlik təklif yoxdu. Bu iddialar həqiqəti əks etdirmir. Çin liqası da hədəflərim arasındadı".

Qeyd edək ki, Engin Fırat məşqçi karyerasına 1997-ci ildə - 27 yaşında başlayıb. İndiyədək Türkiyənin "Samsunspor", "Antalyaspor", "Sivasspor", "Ərciyəsspor", "Fənərbaxça", "Karabükspor", Cənubi Koreyanın "İnçeon Yunayted", Almaniyanın "Ayntraxt" (Frankfurt), İranın "Saypa, "Sepahan" və "Qostareş" klublarında məşqçi və baş məşqçi vəzifələrində çalışıb, 2007-2008-ci illərdə İran millisində məşqçi işləyib.

Aydın

Qaynarinfo.Az