Danimarkanı iki yerə bölən serial: Bütün ölkə iqlim qaçqınına çevrilsə... (VİDEO)
Altı milyon danimarkalı iqlim böhranı nəticəsində qaçqına çevrilir. Tanıdıqları həyat sürətlə məhv olur və insanlar böyük izdihamlar halında gəmilərə doluşurlar. Etirazlar və ümidsizlik yüksəlir.
Qaynarinfo xəbər verir ki, bu səhnələr "Oscar" mükafatlı rejissor Tomas Vinterberqin yeni televiziya serialında təsvir edilib. Vinterberq bunun "gələcəyə bir baxış ola biləcəyini" qeyd edir.
"Bizimki Kimi Ailələr" serialı və böyük müzakirələr
"Familier Som Vores" ("Bizimki Kimi Ailələr") adlı serial, daşqınlar səbəbindən evakuasiya edilən bir Danimarkanı təsvir edir. Bu serial ölkə daxilində böyük müzakirələrə səbəb olub. Venesiya Beynəlxalq Film Festivalında nümayiş olunan əsər göz yaşları, hayqırtılar və alqışlarla qarşılanıb. Tənqidçilərdən biri bu serialı "qəmgin bir peyğəmbərlik" kimi xarakterizə edib.
Tomas Vinterberq 1995-ci ildə Lars von Trier ilə birgə "Dogma 95" manifestosunu elan etmiş və 2020-ci ildə "Druk" ("Sərxoş") filmi ilə "Əcnəbi Dildə Ən Yaxşı Film" nominasiyasında "Oscar" mükafatı qazanmışdı. O, bu serialın iqlim böhranı və qlobal istiləşmənin təsirlərinə dair "iqlim fantastikası" janrında olduğunu bildirib. Serial mədəni və varlı bir cəmiyyətin vətəndaşlarının dostlarını, ailələrini və dəyərlərini tərk etməyə məcbur olduqları vəziyyəti təsvir edir.
İki fərqli fikir: təriflər və tənqidlər
Serial iqlim alimləri arasında ziddiyyətli reaksiyalar doğurub. Bəzi mütəxəssislər, ağdərili və imtiyazlı danimarkalıların iqlim qaçqını kimi təsvir edilməsinin iqlim böhranına diqqət çəkmək baxımından fərqli yanaşma olduğunu qeyd edirlər. Digərləri isə serialın elmi baxımdan qeyri-mümkün olduğunu və ciddi sosial problemləri, o cümlədən Danimarkanın miqrasiya siyasətini gözardı etdiyini bildirirlər.
Danmarks Tekniske Universitetində iqlim və iqtisadiyyat sahəsində çalışan professor Kirsten Halsnes serialı tənqid edir:
"Hamımız bunun mümkün olmadığını bilirik. Dəniz səviyyəsi o qədər yüksəlməlidir ki, bu yalnız üç-dörd əsr ərzində reallaşa bilər. Serial daha çox "danimarkalılar qaçqın olsa nə olar?" sualına fokuslanır".
Bununla belə, "Greenpeace Danimarka"dan Loren Bouey hadisələrin dramatik şəkildə təsvir olunduğunu qəbul etsə də, təhlükənin real olduğunu vurğulayır:
"Danimarka hər tərəfdən - yeraltı sular, 8,500 km uzunluğundakı sahil xətti və artan yağıntılarla təhdid altındadır".
İqlim hadisələrinin təsiri artır
Danimarka Meteorologiya İnstitutu statistik olaraq əsrdə bir dəfə baş verən ekstremal hava hadisələrinin əsrin sonuna qədər hər üç ildən bir təkrarlanacağını və illik 43 milyard kron dəyərində ziyan vuracağını proqnozlaşdırır.
Kopenhagen Universitetindən iqlim və təhlükəsizlik üzrə ekspert Yakob Dreyer serialın ideyasını mümkün hesab edir:
"Bəli, bütün Danimarkanın eyni anda evakuasiyası real deyil. Lakin ölkənin bəzi bölgələrində daşqın və fırtınalar səbəbindən yaşayış mümkün olmayacaq".
Empati və ictimai müzakirələr
Danimarka Qaçqınlar Şurasının baş katibi Şarlotta Slente serialın empatiyə töhfə verəcəyini və tamaşaçıların qaçqınların seçimlərini daha yaxşı başa düşəcəyini bildirib:
"Bu serial insanları başqalarının mərhəmətinə bağlı olmaq kimi mürəkkəb vəziyyətlər barədə düşünməyə vadar edir".
"TV2 Danimarka" kanalından Mette Nelund serialın həm ölkə daxilində geniş, həm də fərdi müzakirələrə yol açdığını qeyd edir:
"Danimarkalıların bu seriala və yaratdığı təsirlərə müsbət yanaşmaları ilə qürur duyuruq".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər