Xəbər lenti

Daş karxanalarında hüquq pozuntuları aşkarlandı
Ekonomiks 16:06 07.05.2014

Daş karxanalarında hüquq pozuntuları aşkarlandı

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən "NFT" MMC-yə və fərdi sahibkar Babayev Atabəy Mirbaba oğluna məxsus daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə yoxlama aparılıb.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yoxlamada İqtisadiyyat və Sənaye Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak ediblər.

Yoxlama zamanı daş karxanalarında işçilərlə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, həmçinin işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib.

Aşkar olunan hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutulmaqla daş karxanalarında daş kəsən maşınların fəaliyyəti qeyd olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb.

Əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi və əməyin mühafizəsi qaydalarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq göstərişlər verilib və protokol tərtib edilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->