Sabir Abdullayev... Mərhum xanəndə Vahid Abdullayev və Əməkdar artist Cabir Abdullayevin qardaşı. Qarabağ muğam məktəbinin tanınmış davamçılarından olan xanəndənin 65 yaşı tamam olur.
O, ömrünün 45 ilini Azərbaycan muğam sənətinə həsr edib. Yüzlərlə tələbə yetişdirib, onların arasında "Xalq artisti”, Əməkdar artist” fəxri adına kimi layiq olanlar var. Amma belə bir sənətkar yan-yörəsindən geri qaldı, zəhmətinin qarşılığı verilmədi.
Küsdü, incidi, yeri gəldi qırıldı, amma qruruna sığışdırıb bir kimsənin qapısında boyun əymədi... Umduğu sadəcə haqqı olan idi, onu da çox gördülər.
Xanəndə Qaynarinfo-ya müsahibəsində "yolunu kəsən, adının qarşısına qara xətt qoyan” bəzi məmurların olduğunu açıqladı.
- Baxıram ki, xalq məni çox istəyir, sənətimi qiymətləndirir. Elə bilirdim, məni sevmirlər... Deyirdim yəqin mənimki bitib... Amma bu gün hiss etdim ki, xalq məni sevir.
- 65 yaş... Ömrün yarısı deməkdir...
- Şükür Allaha, bu günü yaşatdı mənə. Oturub axşamı gözləyirəm, uşaqları, nəvələri başıma yığacam. Görək nələr olacaq, nə bişirəcəklər (gülür). Evdə oturub 65 yaşı qeyd edəcəyik və bununla da nöqtə qoyacağıq. Saat 24:00-da ad günü bitəcək, yubiley tamamlanacaq və 66 yaşa keçəcəm.
- Yubiley günü dövlətdən nə gözləyirsiniz?
- Heç nə...
- Niyə?
- 45 ildir gözlədim... Hər ad veriləndə bəlkə mən də yada düşərəm deyə gözlərim yolda qaldı, amma olmadı. O anın sevincini heş yaşaya bilmədim. Gəlmədi, olmadı, vermədilər... Belə olan halda 65 illik yubiley günü nə gözləyə bilərəm. Dəvəsi ölmüş ərəb kimiyəm. Bundan sonra adı olmayan sənətkar kimi tarixə düşəcəyəm.
- Dövlətdən heç nə ummursunuz?
- Dövlətimdi, canımdı, niyə ummayım ki... Amma dövlət neyləsin. Bəzi məmurlar imkan vermir. Daha doğrusu, imkan vermədi. Həmin məmurlardı elə dövlətin işinə əngəl törədən. Onların əlindən bilmirik hara gedək.
- Azərbaycan muğam sənətində Abdullayelər ailəsinin öz dəsti-xətti var. Sizə mane olan məmurlar bu boyda zəhməti niyə görməzlikdən gəldi ki?
- Nə bilim. Mən özüm də bunun səbəbini bilmək istərdim. Bu gün məni kim görürsə, deyir ki, "sən bu ada çoxdan layiqsən”. Nə deyim, nəticə göz qabağındadır. Təzə nazir gələndən sonra ad məsələsi dayanıb. Görək, ümid edirəm. Amma bir yandan baxanda da artıq 65 yaşdayam, ömür gedib, bundan sonra verilən ad kimə lazımdır, nəyimə gərəkdir? Onu adama vaxtında verərdilər.
- Sizə edilən haqsızlıqlara sənət adamları da susdu. Nə əcəb muğam ifaçıları aidiyyatı qurumlara bir müraciət hazırlamadı?
- Nə bilim, hardan bilim... Fakt odur ki, etmədilər. Mənim bütün ömrüm səhnəyə gedib. Çox ümidlə yaşadım. Onlara necə deyim ki, mənim üçün qurumlara müraciət göndərin? İstəsəydilər, edərdilər də. Bu gün hamı özünün hayındadır. Mən bir az özümü arxa planda saxladım, gözə soxmadım. Addan keçdik, heç ev də ala bilmədim... 45 ilin dəyərini-qiymətini ala bilmədim. Peşiman da deyiləm. Çünki bu sənətə nəyəsə görə gəlmədim, şan-şöhrət arxasınca düşmədim. Bu sənəti ailəmizdə gördüm. Böyük qardaşım sənətə necə yanaşdısa, mən də onun davamçısı oldum. Həmin vaxt yadıma heç nə düşmürdü. Baxanda ki, ətrafım hamısı ad, ev alıb, onda bir az qırılırsan. Deyirsən ki, kimdən əskiyəm... Şükür Allaha, mən bu sənəti öyrəndiyim kimi də başqalarına öyrətdim. Adam var, bunu özündən başqa heç kəsə öyrətmir. Qoy sənətim davam etsin, Azərbaycan sənətini qorumuşam, yad nəfəsləri ora qoymamışam. Bu gün mənim tələbələrim də yolumu davam etdirir. Axşamdan bəri düşünürəm ki, 45 ildə səhnəyə, Azərbaycan muğam sənətinə nə verdim?
- Doğrudan da nə verdiniz?
- 15-ə yaxın tələbə yetişdirmişəm. Hamısı da yuxarı başlarda, onların bəziləri müəllim kimi fəaliyyət göstərirlər, "Xalq artisti” fəxri adına layiq görülənləri də var. Muğam sənətinə Güllü Muradova kimi bir xanəndə təqdim etdim, dedim ki, oxumaq belə olar. Yəni əlimdən gələn budur, ayrı nə edə bilərəm. Dövlətimi sevmişəm, ona sadiq bir vətəndaş olmuşam. Amma mənə mane olan məmurlar oldu. Bu məni narahat edir. Bunu çox adamlardan soruşdum, dedim ki, mənim "delom”u araşdırın, bəlkə mən dövlətə xəyanət etmişəm, heç bilməmişəm səhvən nəsə olub? Dedilər ki, sənin "delon” gül kimidir. Bəxtim yoxdur, dövlət quşu başıma qonmadı.
- Rəhmətlik xanəndə Sabir Mirzəyev demiş, "Heç bilmədim ömrüm necə gəldi, necə getdi”...
- Çox düz deyib... Çox adam istəyir ki, mənə də ad versinlər. Elə adamlara ad verilib ki, axtaranda onların biri də həmin təltifə layiq deyil. Səhnəyə gəlir, iki-üç il keçir, bir də baxısan ad aldı, sonra da eşidirsən ki, mənzil də veriblər. Əvvəlki sənətkarlar 50 yaşdan sonra ad alıb. İndikilər isə 50 yaşa kimi bütün imtiyazlarını alır. İndiki uşaqlar tez bir zamanda başımızın üstündən fırlayır. Məsələn, televizorlara dəvət edirlər, baxırsan ki, dünən səhnəyə gələn biri ilə yan-yana oturmusan. Mən Asəf Zeynallıda dərs deyəndə onlar qapıda dayanıb baxırdılar, gözləyirdilər, mən deyəm ki, orda dayanma, gəl sinifdə otur. Nədir ki, məndən nəsə öyrənsin. Aparıcı muğam sənəti ilə bağlı sualı ona verir, qalırsan mat-məətəl. Yaxşı, məni tanımırsansa, məni qoyub ona sual verirsənsə, onda efirinə niyə dəvət etmisən. Belə günlərdə yaşayırıq.
Bahar Rüstəmli
Şərhlər