İdman 11:43 19.01.2022

Deputat Naxçıvan Futbol Federasiyasının sədri seçildi

Naxçıvan Futbol Federasiyasının hesabat-seçki yığıncağı keçirilib.

Qaynarinfo xəbər verir ki, yığıncağın gündəliyində Naxçıvan Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı bildirib ki, Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir. 2021-ci ildə nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib, eyni zamanda Naxçıvan idmançıları ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla, ümumilikdə, 82 medal qazanıblar. Bunlardan 27-si qızıl, 32-si gümüş və 23-ü bürünc medaldır və bu, Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.

Futbol Federasiyasının fəaliyyəti haqqında danışan nazir deyib ki, muxtar respublikada 17 stadion, 28 minifutbol meydançası mövcuddur və hazırda 100 qrup üzrə 1244 yeniyetmə və gənc aktiv şəkildə futbolla məşğuldur. Rayon və kəndlərdə əhalinin, xüsusilə də gənc nəslin futbola olan marağının daha da artırılması məqsədilə Şərur rayonunda 4, Culfa və Sədərək rayonlarının hər birində 2, Ordubad və Kəngərli rayonlarının hərəsində 1 olmaqla, ümumilikdə, 10 stadion əsaslı təmir edilərək istifadəyə verilib.

Sonra Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra iclasın gündəliyinə əsasən federasiyanın sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, "Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

Vüqar Abbasov muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya, eyni zamanda göstərilən etimada görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Federasiya sədri Futbol Federasiyasının bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində qurulması, uşaq, yeniyetmə və gənclərin bu növə cəlbinə diqqətlə yanaşılması, nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların yerinə yetirilməsi, eyni zamanda futbolun inkişafı yolunda yeni uğurların əldə olunacağına inamını ifadə edib.

Sonda iclasın qərar layihəsi oxunub və təsdiq olunub.

Səbuhi Həsənov