30 il əvvəl BBC-nin "Sabahın Dünyası" adlı elmi proqramı 2025-ci ildə dünyanın necə olacağı ilə bağlı bir sıra proqnozlar vermişdi. Bu proqnozlar arasında asteroid mədənçiliyinin artıq başlamış olacağı da iddia edilirdi. Hərçənd bu hələ gerçəkləşməsə də, bəzi yeni şirkətlər bu texnologiyanın düşündüyümüzdən daha yaxın bir gələcəkdə mümkün olacağına inanır.
Qaynarinfo xəbər verir ki, Kaliforniyada yerləşən "AstroForge" şirkəti bu sahədə ilk olacaqlarına inanır və artıq ilk addımlarını atıb. Şirkət 27 fevral 2025-ci ildə Floridadakı Kennedi Kosmik Mərkəzindən "SpaceX Falcon 9" raketi ilə 6,5 milyon dollarlıq pilotsuz kosmik aparatını orbitə göndərib. Təxminən doqquz gün sonra "AstroForge" "Odin" adını verdiyi bu aparatın planlaşdırıldığı kimi Ayın kənarına, dərin kosmosa doğru irəlilədiyini açıqlayıb.
Lakin şirkət ciddi rabitə problemləri ilə üzləşdi və aparatla əlaqəni bərpa etmək üçün cəhdlərini davam etdirir. "Odin" missiyasının əsas məqsədi Yerdən təxminən 8 milyon kilometr uzaqlıqdakı 2022 OB5 asteroidini tədqiq etmək və onun tərkibini analiz etməkdir.
Şirkətin şüarı "Tez hərəkət et və qayaları parçala"dır. "AstroForge"un təsisçisi Mett Gialiş bu çətinliklərə baxmayaraq nikbindir. O bildirib ki, missiya bir çox texniki maneələrlə qarşılaşacağını əvvəlcədən bilirdi və hər şey plana uyğun getməsə belə, çox şey öyrəndiklərini düşünür.
Dəyərli metallar və kosmik iqtisadiyyat
Gələn il daha bir buraxılış planlaşdıran "AstroForge"un əsas məqsədi Yerdə bahalı və çətin çıxarılan platin qrupuna aid metalları asteroidlərdən əldə etməkdir. Bu metallar xüsusilə yanacaq elementləri və bərpa olunan enerji texnologiyalarında mühüm rol oynayır. Alimlər hesab edirlər ki, bu metalları Yer üzərində çıxarmaq həm ekoloji, həm də sosial və geosiyasi baxımdan getdikcə çətinləşir.
Gialiş yaxın 10 il ərzində müxtəlif asteroidlərdən əvvəlcə qramlarla, sonra isə kiloqramlarla metal çıxarmağı planlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, ilkin mərhələdə əldə edilən metallar kommersiya məqsədli olmayacaq, lakin sonrakı mərhələlərdə bu istiqamətdə addımlar atıla bilər. Məsələn, cəmi 1 kiloqram rodiumun qiyməti hazırda 183 min dollara bərabərdir.
Buna baxmayaraq, bəzi mütəxəssislər asteroidlərdən əldə edilən metalları Yerə qaytarmağın səmərəliliyini və bunun ətraf mühitə təsirlərini sual altına alır. Kolorado Mədənçilik Məktəbindən İan Lanj asteroid mədənçiliyinin qarşısında texnoloji maneələrin hələ tam bilinmədiyini qeyd edir. O vurğulayır ki, Yer cazibə qüvvəsi olmadan metalları çıxarmaq və emal etmək çox daha çətin olacaq.
Maliyyət və texnoloji irəliləyişlər
Son illərdə kosmik texnologiyaların sürətli inkişafı asteroid mədənçiliyini daha real hala gətirib. Məsələn, Yerdə platin çıxarmaq üçün ətraf mühitə 40 min kiloqram karbon qazı buraxılır, asteroid mədənçiliyində isə bu rəqəmin 150 kiloqram olacağı təxmin edilir. Bununla belə, kosmik mədənçiliyin də ciddi ekoloji riskləri olduğu bildirilir.
Digər mühüm məsələ kosmosda çıxarılan ehtiyatların kimə məxsus olacağıdır. 1967-ci ildə qəbul edilən "Kosmos Müqaviləsi" kosmosu ümumi mülkiyyət olaraq müəyyən etsə də, onun resurslarının istismarına dair konkret qaydalar müəyyən etmir. ABŞ və Ukrayna arasında asteroidlərdə mədənçilik üçün mümkün əməkdaşlıqla bağlı müzakirələr göstərir ki, bu sahədə milli maraqlar ön plana çıxa bilər.
Lakin "AstroForge"un təsisçisi Gialiş asteroid mədənçiliyinin Yer resurslarını qorumaq üçün vacib olduğunu düşünür. O bildirir: "Kosmosda saysız-hesabsız asteroid var, amma bizim yalnız bir Yerimiz var".
Bu sahənin gələcəyi ilə bağlı hələ çox suallar cavabsızdır. Asteroidlərdən əldə edilən tullantılar necə idarə olunacaq? Kosmik mədənçilik ətraf mühitə hansı təsirləri göstərəcək? Bu suallar hələ də mütəxəssislərin diqqət mərkəzindədir.
Buna baxmayaraq, aparıcı investorlar və kosmos şirkətləri bu sahəyə böyük ümidlər bəsləyir. Dünya İqtisadi Forumu 2035-ci ilə qədər kosmik iqtisadiyyatın 1,8 trilyon dollara çatacağını proqnozlaşdırır. Bu da göstərir ki, asteroid mədənçiliyi gələcəkdə kosmik sənayenin əsas sütunlarından birinə çevrilə bilər.
Aydın
Şərhlər