Rusiya Federasiyasının iştirakı ilə hazırlanmış 28 bəndlik "sülh planı” rusların Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Ağ Evin son cəhdidir.
Qaynarinfo "Politico”ya istinadla yazır ki, Ukrayna və Avropa dünən ABŞ prezidenti Donald Tramp administrasiyasının təklif etdiyi sülh təşəbbüsünün şərtlərini anlamağa
çalışıblar. Nəşr qeyd edir ki, müttəfiqlər ABŞ-ın bu "sülh planı” vasitəsilə Kremlin tələblərinə güzəşt edə biləcəyindən narahatdırlar.
Niyə Avropa çaşqın vəziyyətdədir?
"Avropa və ABŞ rəsmiləri bildirirlər ki, planın bir çox aspektləri hələ də qeyri-müəyyəndir — NATO məsələsi və Ukraynanın mümkün ərazi güzəştləri də daxil olmaqla”, — deyə "Politico” yazır.
Nəşrin məlumatlı mənbəsinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun bu plan üzərində işi ötən ayın sonunda, onun Rusiyanın xüsusi nümayəndəsi Kiril Dmitriyevlə Mayamidə görüşündən sonra başlayıb.
Ukrayna və Avropa rəsmiləri planın mövcudluğu ictimailəşəndə şok yaşayıblar.
"Bu xüsusilə ağrılı idi, çünki onların fikrincə, Tramp nəhayət Putinin razılaşma əldə etməkdə qeyri-səmimi olduğunu başa düşməyə başlamışdı”, – başqa bir mənbə bildirib.
Hazırkı variantda 28 bəndlik plan Ukraynadan ciddi güzəştlər tələb edir — hərbi ehtiyaclara məhdudiyyətlər və ərazilərdən imtina daxil olmaqla. Lakin mənbə vurğulayıb ki, planın müddəaları hələ də danışıqlar mövzusudur.
"ABŞ rəsmiləri hazırda düşünürlər ki, NATO-dan ümumiyyətlə bəhs etmək lazımdırmı və əgər lazımdırsa, bunu necə etmək daha doğru olar”, – deyə mənbə bildirib.
Nəşr vurğulayır ki, NATO məsələsinin ABŞ tərəfindən müzakirə olunduğu barədə daha əvvəl heç bir məlumat olmayıb.
Politico xatırladır:
"Ukrayna Rusiyanın gələcək işğalından sığorta kimi NATO üzvlüyünə can atır. Bəzi Avropa ölkələri bunu dəstəkləsə də, ABŞ bu ideyaya qarşı çıxır, Rusiya isə uzun müddətdir Kiyevdən alyansa qoşulmamağı tələb edir”.
Avropanı narahat edən digər məqamlar
Bundan əlavə, Avropa müttəfiqləri Rusiyaya verilə biləcək ərazi güzəştlərindən də narahatdırlar. Onların fikrincə, bu, Moskvanın aqressiyasını mükafatlandırır və təhlükəli presedent yaradır.
"Biz bu barədə məlumatlandırılmamışıq, – Almaniyanın xarici işlər naziri Yoxan Vadepul bildirib və əlavə edib: - Bütün beynəlxalq tərəfdaşlar prezident Putini danışıqlar masasına gətirmək üçün səylərini davam etdirirlər. Biz, təbii ki, bunu dəstəkləyən hər bir təşəbbüsün yanındayıq. Biz Ukraynanı dəstəkləməyə fokuslanmışıq və bununla Putinə açıq mesaj veririk ki, danışıqlardan başqa alternativ yoxdur”.
Ağ Ev isə yeni plana nikbin yanaşır: administrasiyanın yüksək səviyyəli rəsmilərindən biri bildirib ki, müharibəni dayandırmaq üzrə çərçivə sənədi ayın sonuna, hətta "bu həftə belə” tərəflər tərəfindən razılaşdırıla bilər. Başqa bir rəsmiyə görə, tərəflərin hər ikisi "elastiklik göstərməlidir”.
Ukrayna bu plana dair ictimai açıqlama verməyib.
"Politico”nun mənbələrinə görə, London da planın hazırlanması barədə məlumatlandırılmayıb — baxmayaraq ki, Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell ilə Uitkoff arasında sıx əlaqələr var.
Niyə Avropa Uitkoffa etibar etmir?
Nəşr qeyd edir ki, Avropa və Ukrayna rəsmiləri uzun müddətdir Uitkoffun müharibəyə yanaşmasına ehtiyatla baxırlar. Onlar hesab edirlər ki, onun Rusiya ilə səssiz müşavirələri Moskvanın onu müharibənin real mahiyyəti və Putinin əsl məqsədləri barədə yanlış yönləndirməsinin nümunəsidir.
"Ruslar Uitkoffu öz maraqlarını irəli sürməyi qəbul edən şəxs kimi müəyyənləşdiriblər. Avropalılarla bu barədə heç bir məsləhətləşmə aparılmayıb. Amma Ağ Evdə uzun müddətdir avropalıları "sülh prosesinin pozucuları” kimi görən bir qrup var — buna görə də müəyyən mənada bu, təəccüblü deyil”, – Aİ-nin hərbi rəsmilərindən biri bildirib.
ABŞ və Rusiya arasında "sülh planı”
Bu məchul "sülh planının” hazırlandığı barədə məlumat dünən yayılıb. Bildirilir ki, plan 28 bənddən ibarətdir. Sonradan mediada planın detallarına dair məlumatlar çıxdı — əsas məğz ondadır ki, Ukrayna Donbasdan imtina etməli, Silahlı Qüvvələrin sayını azaltmalı, Qərb silah tədarükünə məhdudiyyət qoymalıdır.
Həmçinin diqqət çəkilib ki, bu plan Avropa və Ukraynanın iştirakı olmadan, gizli şəkildə hazırlanıb, lakin Ağ Ev Kreml ilə məsləhətləşib.
Alpər
Şərhlər