Xəbər lenti

Dərsə gedən bir uşağın ağlamaqla görünməkliyi
Məqsəd Nur
Ölkə 09:51 28.09.2024

Dərsə gedən bir uşağın ağlamaqla görünməkliyi

Birinci sinifə mürəkkəbqabı və qələmlə getdim. Sonra mürəkkəblə qələm birləşib "diyircəkli qələm", "avtoruçka"oldu. İlk dəfə "avtoruçka" görəndə çox təəccüblənmişdim. Səhv etmirəmsə, üçüncü sinifdə oxuyurdum. Hələ də bu hadisəni həyatımın "texnoloji inqilab"ı hesab edirəm. Sonra, elə indi də yeni texnologiya və tətbiqlərin mənə nə təqdim etməsindən asılı olmayaraq təəccüblənmirəm. Təxminən 22 yaşımda Azərbaycanda klaviaturada sürətlə işləyən "yeni növ"lərdən biri idim, indi qələmlə kağıza imza atanda belə, əlim dolaşır, süni intellektin haracan gedəcəyini də düşünmürəm. Çünki, "sürət əsri" ilə dostlaşmışam. Lakin sənaye və texnologiya bu qədər dəyişsə də mahiyyətcə heç nə dəyişməyib: yenə valideynlər öz övladlarını birinci sinifə yollayır və onların "adam olması" üçün özlərini fəda edirlər. Biz də valideynlərimizin yolu ilə gedirik. Sanki bütün həyatımız "növ"ün davamlılığını təmin etməkdən ibarətdir... 

O gün kimsə müdrikcəsinə deyir ki, insan doğulanda da ağlayır, yəni, indidən qara gününü qabğarır. Əslində, ekranlarda 15 sentyabrda birinci sinifə gedən uşaqları görüb sadə bir sual vermişdim: "Bu nə ağlaşmadır?" Xüsusilə bu il, medianın hər küncündən gözümə dəyən görüntüləri görəndə keçmişi xatırladım. Yadıma salmağa çalışdım ki, məsələn, bizim sinifdə nə qədər uşaq ağlayırdı? Heç nə qədər. Qızlar bir yana, oğlanlar ağlamazdı, kimsə, tək-tük ağlayan olsaydı, hamı ona güləcəkdi və ömrü boyu məsxərəyə qoyulacaqdı. (Bizim sinifdən beləsini xatırlamıram.) İndi isə gördüklərim çox fərqlidir, əsasən oğlanlar ağlayır, həm də mamalarının ətəyinə sığınaraq, ondan yapışaraq ayrılmaq istəmir. Bu azmış kimi, mama da fəxrlə ətrafa boylanıb gülür, sanki bu "qələbə"ni qeyd edir, üstəlik, media da bu səhnədə gizli bir insan sevgisi, ekzotika, emosiya, hərarət və sədaqət tapıbmış kimi onları görüntüləyir, məhz o fraqmenti həvəslə montajlayıb kütlələrə təqdim edir. Mən indi başa düşdüm ki, mürəkkəbqabı ilə məktəbə gedən uşaqlarla indikilər arasında tarixi uçurumlar yaranıb. Dəyişməyən isə bircə valideyn fədakarlığıdır... 

Fikir vermişəm, son zəngdə ağlayanların sayı azalıb. Əksinə, sevinc, fərəh, ümid artıb. Sinif yoldaşları ilə yolların ayrılması elə də mühüm hadisə deyil. Məktəbdən can qurtarıb yeni həyatın içinə atılmağın fərəhi, qarşıda duran uğurların sevincləri daha cəlbedici görünür. İndustrial sistemin sonrakı əzabları isə yeniyetmələrdən çox valideynlərin dərdinə çevrilib. Oxuyub diplom ala biləcəkmi, iş yeri tapacaqmı, evlənə biləcəkmi, "beş adamdan biri" ola biləcəkmi?..

Görəsən, məktəbə gedən uşaqların ağlaşmasını bu qədər həvəslə yaymaq və trendə çevirmək hansı psixonevroloji əsaslardan qaynaqlanır? Ağlamaqla görünmək və ağlamağı göstərmək nə dərəcədə təbiidir? Bu suallara cavabınız varsa, "Qaynarinfo"ya yazın, mütləq oxuyacam...

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->