Cəlil Cavanşir

Blogger
Yazılar
4
Dəyişməz ritorika, hiyləgər taktika

Dəyişməz ritorika, hiyləgər taktika

Cəlil Cavanşir

AYB sədri Anarın son günlərin aktual müzakirələrinə cavab xarakteri daşıyan "Bir qalmaqala sözardı” adlı yazısını oxudum.

Təəssüf ki, Anarın otuz illik ritorikası dəyişməyib.

Yenə də israrla Sovet dönəmində ona qarşı təşkil edilən hücumları sadalayır, hələ də onu tənqid edənləri "bədxahlarım” adlandırır.

Musa Yaqubla bağlı işlətdiyi cümləyə aydınlıq gətirməkdənsə verdiyi cavabla əslində onu tənqid edənləri haqlı çıxarıb:

"...O gecə də gec yatmışdım. Səhər doqquzda məni cib telefonum oyatdı, hansı saytdansa soruşurdular: Musa Yaqubun vəziyyətiylə bağlı Yazıçılar Birliyi nә tәdbirlər görmәk fikrindәdir? Yuxulu-yuxulu cavab verdim ki, Musa Yaquba nə olub ki, yubileyini keçirdik, indi istədiyi nədir?”

Azərbaycan yazıçılarının "səksən neçə” yaşlı başqanı özünə bu şəkildə haqq qazandırır: "Yatmışdım, yarıyuxulu idim, o gün sol tərəfimdən qalxmışdım...”

Keçməz e, Anar müəllim.

Şəxsən mən sizin səmimiyyətinizə inanmadım. 

***

Yazının bura qədəri zatən "köhnə palan içi tökmək”di, burdan o yana isə yenə "altını vurmusan”, "böyrünü cızdırmısan”, əziz ustad!.

Adını çəkmədiyin, amma nə vaxtsa təriflədiyin şairdən gileylənirsən Anar müəllim.

Bu nə cığallıqdır?

Guya nə zamansa təriflədiyin, istedadına inandığın, qabağa çəkdiyin şairin adını çəksən nə dəyişəcək? 

Bu nə kin, bu nə nifrət?

"Vaxtilə bir uğurlu şeir yazmış...” 

Türklər demiş, hadi lan!

Olmadı ki, əfəndim. 

İllər əvvəl bu gəncləri üzünüzə tutub AYB-nin fəaliyyətini göylərə qaldırmırdınız?

Bütün bunlar sovet dövründə baş verməyib axı, cəmisi 6-7 il əvvəlin söhbətidir.

Bu qədər kinlə "səksən neçə” yaşa necə gəlib çıxa bilmişsiniz, təəccüb edirəm.

***

Mənim üçün ən ağrılısı AYB adlı qaraguruhun səhhətində ciddi problemlər olan Musa Yaqub kimi kövrək, saf adamı xalqın içində yüngülsaqqal etməkləridir.

Bunun üçün də uzunsaqqal gənc yazıçı Ömər Xəyyamdan istifadə edirlər. 

Ömər Xəyyam da gedir, öz təbirincə desək "Musa dədə” ilə görüşür, bütün cəmiyyətin narahatlığına son qoyacaq açıqlamanı Rəşad Məcidə, "səksən neçə” yaşlı Anar müəllimə ötürür:

"Məlum açıqlamanı Musa Yaqubun adından yayıblar, özünü xəbəri yoxdur...”

Anar müəllim də gəncimizin bu xidmətini yazısında xüsusi şəkildə yad edir. 

İşinə yaradığı üçün gənc yazıçını unutmur, onun da adını çəkir.

Amma, adamın başının üstündə tərtəmiz səma var, Anar müəllim istəsə yazıda sadəcə "gənc yazarlardan biri” deyib keçə bilərdi.

Amma adını çəkib.

Şərəfləndirib gəncimizi.

Bizim AYB-yə təqaüd işığına yığışan gənclərimiz də borclu qalmağı sevmirlər.

Daha doğrusu borclu qala bilmirlər.

Gənc yazıçı Ömər Xəyyam da Anar müəlliminin yazısında adını çəkməyini bir təsadüf hesab etməyərək riqqətə gəlib və yazı yazıb.

Maşallah!

Gənc yazıçımız Anar müəllimin qapı ağzına ötürdüyü topu yüngül toxunuşla qapıya göndərib...və QOL!

***

Yazının Şəhriyar Del Geraniyə həsr olunmuş hissəsi əməlli-başlı komediyadır:

"Mənə Sizin ilk bəyanatınızı gətirəndə del Gerani soy adınız (ya qəbul etdiyiniz təxəllüs) mənə italyan familini xatırlatdı və odur ki, bu kimdir, nə millətdir deyə soruşdum.. Sonra izah etdilər və mən əlbəttə Sizi xatırladım...”

İcazənizlə bu hissəni şərh etməyək.

Anar müəllim, bu hissədə şərhə yer qoymayıb, sağ olsun.

***

Anar müəllimin "səksən neçə” yaşında, "otuz neçəsə” ildir AYB adlı təşkilatın başında dayanmasının acı nəticələrini bir daha təkrarlamayacam.

Bu barədə yazmağın bir mənası qalmayıb.

Mənə sadəcə bir məqam maraqlıdır, Anar müəllim də daxil AYB üzvləri niyə təqaüd məsələsi ilə bağlı mənim qaldırdığım problemə toxunmaqdan qaçırlar?

Sualım çox sadədir: Niyə prezidentin xüsusi təqaüdçüləri olmuş 770 nəfər yazıçı və şairin siyahısı cəmiyyətə açıqlanmayıb? Və nə üçün bu il prezidentin xüsusi təqaüdünü alacaq şəxslərin siyahısını açıqlamırsınız?

Beləliklə, Anar müəllimin daha bir fiaskosunu izləməkdən xeyli kədərləndiyimi etiraf edirəm.

Hə, bir də "gənc yazçılara”, "gənc şairlərə”, "gənc tənqidçilərə”, "gənc təaüdçülərə” çox üzülürəm.

OXŞAR XƏBƏRLƏR