Xəbər lenti

DİN:
Ölkə 16:35 07.11.2019

DİN: "Oktay Gulalıyev səhlənkarlıq edib"

Oktyabrın 29-da küçədə avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin cinayət işi ilə bağlı heç bir məlumat yoxdur. Onu vuran şəxslə bağlı açılan cinayət işi haqqında ictimaiyyətə hər hansı məlumat verilmir.

Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Əlövsət Sadıqlı həmkarını vuran şəxsin hələ də gizli saxlanılması, cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verilməməsinə etiraz edib. O, baş verən qəzanın qəsdlə edildiyi ehtimalını xatırladıb: "Oktay bəyin vurulma anının videosundan aydın görünür ki, sürücü sola dönərkən piyada keçidində saxlayıb piyadalara yol verməli olduğu halda, saxlamır və ya Oktay bəyin qarşısında görünən piyada keçidinin daha geniş hissəsindən manevr etmək imkanı olduğu halda, etmir və avtomobili tam sürətlə Oktay bəyin üzərinə sürür. Bu görüntünü izləyən hər kəsdə, o cümlədən Oktay bəyin ailə üzvlərində, yaxın qohumlarında, həmkarlarında və böyük ictimai fikirdə hadisənin adi yol qəzası yox, terror effekti yaratmaq məqsədilə törədilmiş sui-qəsd olması barədə qənaət formalaşıb”.

AYNA əməkdaşı, mövzu ətrafında Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Orxan Mansurzadə ilə həmsöhbət olub.
 


- Orxan bəy, hadisənin təfərrüatı ilə bağlı nə kimi yenilik var?
- İstintaq gedir, yenilik olsa, rəsmi məlumat veriləcək.

- Yayılan məlum videodan da görünür ki, sürücü səhlənkarlıq edib, piyadanı vurub. Bəs proses niyə belə uzanır? Nəzarət, müşahidə kameralarının görüntüləri niyə ictimaiyyətə göstərilmir?
- Müşahidə kamerası istintaq materialı kimi hələlik saxlanılır, açıq nümayiş olunmur. Burda bir məsələ də var. Bu hadisəni qəza, yol hadisəsi kimi qiymətləndirmək lazımdır. Bəli, videodan sürücünün məsuliyyətsizliyi görünür. Amma Oktay Gülalıyev də səhlənkarlıq edib, yolu keçə-keçə telefonla danışıb. Əgər o, telefonla danışmasaydı, arxadan gələn təhlükəni daha tez hiss edib reaksiya verərdi, nəticədə də daha yüngül xəsarət alardı. Təəssüf ki, qəza zamanı avtomobilin ona çırpılması şəxsin çox pis formada yerə sərilməsinə və başından ağır zədə almasına səbəb olub.

- Oktay Gülalıyev piyada xəttinin üzərində vurulub. Onun hansı vəziyyətdə yolu keçməsinin nə əhəmiyyəti ola bilər?
- Doğrudur, hər halda piyada diqqətli olmalı idi.

- Qəza törədən sürücünün dönmə əməliyyatı səhvdir, bunu yol hərəkəti üzrə ekspertlər də təsdiqləyirlər. Üstəlik, sürət həddi də aşılmayıb...
- İndi hər cür avtomobil idarə edənlər var. Bu sürücü də hansı səbəbdənsə, səhlənkarlıq edib, düz getdiyi yerdə yolundan dönmək qərarına gəlib. Əlbəttə ki, o, birbaşa məsuliyyətsizlik edib.
 


- Qəzanı törədən şəxs, rəsmi məlumatda deyildiyi kimi, dindirilib, narkoloji və alkoloji müayinəyə cəlb olunub. Nəticə varmı?
- Bu da yenə istintaq materialları məlumatıdır, hələlik açıqlanmır.

- Yaxşı olmazdımı, ictimaiyyətin diqqətində olan bu qəza ilə bağlı cinayət işinin detalları barədə məlumat verilsin? Çünki məlum video çoxlu suallar doğurur. Rəsmi məlumat, ən azı bəzi iddialara açıqlıq gətirərdi. Misal üçün, hüquq müdafiəçisinin qəsdlə vurulması iddası kimi...
- Bəli, bu bədbəxt hadisəyə siyasi don geyindirənlər var. Şəxsə qarşı sui-qəsd kimi də qiymət verirlər. Bu, çox səhv fikirlərdir. O şəxsi kim, nə üçün öldürmək istəsin ki? Üstəlik, baş verən onlarla bunabənzər hadisədə belə məqamları axtarsaq, məntiqli olmaz.

- Oktay Gülalıyevin vəziyyəti hazırda ağır olaraq qalır. Hüquqşünaslar onun vəziyyətinin ağır olması ilə əlaqədar cinayət işində irəli sürülən maddənin dəyişdirilməsini - ağırlaşdırılmasını təkid edirlər. Bu, baş verə bilərmi?
- Bu, yalnız istintaq orqanının və müstəntiqin gəldiyi nəticə əsasında ola bilər.



Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində, taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent” markalı avtomobillə, yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Güləliyev vurulub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. 

Onu da qeyd edək ki, Bakıda Oktay Gülalıyevin üzərində kəllə-beyin əməliyyatı keçirilib. Daha sonra o, koma vəziyyətində İstanbula göndərilib. Xəstənin xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->