İdman 10:59 08.12.2021

"Dolanışığımı italyan restoranlarına yemək satmaqla təmin edirdim"

La Liqa təmsilçisi "Levante"nin baş məşqçisi Alessio Lisçi keçmişdə yaşadığı çətinliklərdən danışıb.

Qaynarinfo xəbər verir ki, bir müddət əvvəl sabiq baş məşqçi Xavyer Pereyranı postunda əvəzləyən italyan çalışdırıcı həyatını "La Gazzetta dello Sport"a danışıb.

"Romada anadan olmuşam, təhsilimi başa vurduqdan sonra işləməyə başladım. Təcrübəmi bitirdikdən sonra La Liqanın 20 klubuna elektron məktublar göndərdim. 2011-ci ildə məşqçi karyerama "Levante"də Villafayna Qameronun köməkçisi kimi başladım, lakin o, 2016-cı ildə işdən qovuldu. Mən də Romaya qayıtdım. Qayıtdıqdan bir neçə ay sonra "Levante"nin ikinci komandası "Juvenil B"yə dəvət aldım. Hələ də buradayam. Amma İspaniyadakı ilk iki ilim çox çətin keçdi. Dolanışığımı italyan restoranlarına yemək satmaqla təmin edirdim".

36 yaşlı Lisçi karyerasına 2011-ci ildə "Levante"də köməkçi məşqçi kimi başlayıb. 2017-ci ildə İspaniyanın gənclərdən ibarət yığmasında çalışan mütəxəssis 2020-ci ildə "Levante"nin ikinci komandasının baş məşqçisi olub. Əsas komandanın baş məşqçisi ilə yollarını ayıran "Levante"yə Lisçi müvəqqəti olaraq rəhbərlik edir. 

Kral Kubokunda "Hurakan Melilla" matçında komandanı meydana çıxaran italiyalı çalışdırıcı 8-0 hesablı qələbəyə sevindi. 16 turdan sonra 8 xal toplayan komanda hazırda La Liqada 20-ci pillədə qərarlaşıb.

Səbuhi Həsənov