Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olunması üzrə həyata keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilən odlu silahlar aşkar olunub.
Bu barədə Qaynarinfo-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən "Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilən 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və "Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında gizlədilən istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan "TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.
Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər