Dünən əməliyyatda vəfat edən həkimlə bağlı ilginc məlumatlar

Dünən əməliyyatda vəfat edən həkimlə bağlı ilginc məlumatlar

"Siruz Qoçqani deyirdi, bizə təzə aparat gəlib, heç bir emboliya ola bilməz”

Baku Medikal Plazada estetik cərrah Siruz Qoçqaninin liposaksiya əməliyyatı icra etdiyi həkim-ginekoloq Sona Vəliyeva Gürgünün vəfat etməsi barədə məlumat vermişdik.
 
Qaynarinfo xəbər verir ki, medicina.az-ın əməkdaşı vəfat etmiş həkimin ailə üzvlərindən, yaxınlarından hadisənin təfərrüatlarını öyrənib.

Sona Vəliyevanın həm ailəvi dostu, qohumu, həm də həmkarı olan Rəşid İbrahimov bildirib ki, liposaksiya əməliyyatı zamanı xəstədə piy emboliyası baş verib. Ölümün səbəbi də bu olub.


 
Onun sözlərinə görə, cərrah Siruz Qoçqanını əməliyyatın tam risksiz olacağı barədə məlumat verib və bununla Sona Vəliyevanı aldadıb:

"Bizim əsas narazılığımız odur ki, bu Siruz Qoçqanını elə reklam, elə təbliğ edirlər ki, insanlar elə inanır, gözüyumlu ölümə gedir.

Sona xanım həkim idi, mən də həkiməm, o cərrahın whatsaap yazışmalarını oxuduqca şoka düşdüm ki, yəni mənim tibbə oxuduqlarım, bu vaxta qədər bildiklərim səhv imiş?


 
Siruz yazıb ki, bizə təzə aparat gəlib, onunla heç bir emboliya baş vermir.

Liposaksiya piy emboliyası baxımından ən riskli əməliyyatdır. Bir var əməliyyata həyati göstəriş ola, bir də var, sağlam adamı gülə-gülə ölümə aparmaq.
 
Bu əməliyyatın sonunda emboliyanın olması pasiyentə deyilməlidir. Amma xəstələrə yanlış informasiya verirlər”.

Rəşid İbrahimov bildirib ki, baş verən hadisə hamını şoka salıb: "Biz belə bir əməliyyatla bu cür gözəl insanı, həkimi itirməyimizin şokunu yaşayırıq. Xanımın həyat yoldaşı da ürək tutmasından xəstəxanadadır”.

O, cərrahdan şikayət edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib:  "Ailə hələ ki, klinika və həkimin məsuliyyətə cəlb  olunması, hər hansı şikayət barədə düşünmək vəziyyətində deyil”.

Medicina.az-ın əldə etdiyi məlumata görə, vəfat edən həkim öz sahəsi üzrə Azərbaycanda yeganə mütəxəssis imiş. Elmi –Tədqiqat Ağciyər İnstitutunda ginekoloji vərəm üzrə mütəxəssis olan 51 yaşlı Sona Vəliyevanın 2 övladı var. 

Qızı 9-cu sinif şagirdidir. Oğlu isə Türkiyədə tibb üzrə təhsil alır.


XƏBƏRLƏR
BLOGLAR