Sənət 14:36 23.09.2022

Dünya şairləri Şuşa  üçün şeir oxuyacaq - 30 ölkədən 44 şair (VİDEO)

Bu gün Azərbaycan Yazıçılar Birliyində "Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin mətbuat və ictimaiyyət üçün təqdimatı keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ili "Şuşa İli” elan edib.

Yazıçılar Birliyinin Mədəniyyət Nazirliyi və "Space” telekanalı ilə birgə "Şuşaya salam” layihəsi də məhz "Şuşa ili”nə həsr olunub.
 
27 sentyabr-9 noyabr tarixlərində Şuşada 30 ölkədən 44 şair Şuşa üçün şeir oxuyacaq.

Belə ki, Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, ABŞ, İsrail, Macarıstan, İran, Vyetnam, Danimarka, Ukrayna, İtaliya, Qırğızıstan və digər ölkələrdən 44 şairin iştirakı ilə Şuşada poeziya festivalı keçiriləcək.
 
Azərbaycanı festivalda Anar, Ramiz Rövşən, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim Babullaoğlu təmsil edəcək.

Festivalda Mətin Çingiz, Məhməd Can Doğan, Yuri Lapin, Alеksandr Səlimov, İan Pirt, Xurşud Davron, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski, Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Milisa Liliç və digər tanınmış şairlər, ədəbiyyatçılar iştirak edəcək.
 
Layihənin müəllifi və koordinatoru şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, məsləhətçiləri Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, "Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, rejissor İman Məcidovdur.

Təqdimatda çıxış edən layihənin müəllifi və koordinatoru Səlim Babullaoğlu bildirib ki, "Şuşaya salam” ilk növbədə beynəlxalq poeziya layihəsidir, hətta müəyyən mənada onlayn beynəlxalq poetik festivaldır:
 
"Yazıçılar Birliyinin Mədəniyyət nazirliyi, "Space” telekanalı ilə birgə həyata keçirəcəyi "Şuşa ili” çərçivəsində "Şuşaya salam” layihəsi ilk növbədə beynəlxalq poeziya layihəsidir, hətta müəyyən mənada onlayn beynəlxalq poetik festivaldır. Həm əcnəbi şairlər, hər azərbaycanlı şairlər bilinən, dəyərli şair və ədəbiyyatçılardır. Onlar şəhər haqqında, mədəniyyət haqqında, şəhərin və mədəniyyətin toqquşması barədə danışır, Şuşanı salamlayırlar, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı. Bütün əcnəbi şairlər, əlbətdə istisnalar var, Şuşada olmayıblar, bəlkə Azərbaycanda, Bakıda olanlar belə azdır onların arasında. Amma onların hamısı ölkəmizin tarixini, Şuşanın tarixini bilirlər, Şuşanın Azərbaycanın tarixi və mədəniyyətindəki yerindən xəbərdardılar. Bildirmək lazımdır ki, onların səsləndirdikləri şeirlərin heç də hamısı Şuşaya həsr olunmasa da, hamısının oxusu, qiraəti Şuşaya ithafəndir. 
 
Şadam ki, həmkarlarımız bu layihədə iştiraka razılıq verdilər, inanmaq istəyirəm ki, nə vaxtsa onları Bakıya, Şuşaya dəvət edə biləcəyik. Mən Mədəniyyət Nazirliyinin rəhbərliyinə, xüsusən nazirliyin məsul əməkdaşı Akif Marifliyə layihəyə dəstək verdikləri üçün minnətdaram. Layihə "Space” telekanalında translyasiya ediləcək, kanalın rəhbəri Müşfiq Hətəmova, eləcə də Xəyal Məmmədova və rejissor İman Məcidova minnətdaram.

Layihədə 44 şair iştirak edir və 44 gün davam edəcək. 44 gün olmaqla hər şair bir gün öz şeirini oxuyacaq və hər bir oxu gün ərzində "Space” telekanalında translyasiya ediləcək. Layihənin sonunda bütün şairlərin imzasıyla hazırlanmış Memorial löhvə Şuşa şəhərinə hədiyyə ediləcək...”

Qeyd edək ki, layihənin informasiya dəstəkçiləri www. azyb.azwww, edebiyyatqazeti.az, www.litpark.az-dır.