Pensiyasını vermədiyinə görə anasını döyərək başını divara vuran şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Daşkəsən şəhəri, Səməd Vurğun küçəsində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü rayon sakini Etibar Mehdiyev (soyad şərtidir) heç yerdə işləmir və alkoqol aludəçisidir. O, spirtli içki almaq üçün anası, zərərçəkmiş G.M.-dən pul istəyib.
Həmin şəxs hadisə baş verən gün yemək yeyib spirtli içki qəbul etdikdən sonra anasından yenidən araq almaq üçün pul verməsini tələb edib. Zərərçəkmiş qadın isə pulu olmadığını bildirib. Aralarında yaranan mübahisə zamanı oğlu qadının saçından tutaraq başını divara vurub.
Zərərçəkmiş qadın ifadəsində bildirib ki, oğlu hər gün evə sərxoş vəziyyətdə gəlir, onu döyür və incidir. Hadisədən sonra da oğlu evə gələrək yenidən ondan pul istəyib və onunla mübahisə edib. Qadın pensiyasının oğlu tərəfindən alındığını və xərcləndiyini bildirib. O, oğlundan şikayətçi olduğunu bildirib və ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Etibar Mehdiyev Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan, “Qəsdən sağlamlığa yüngül zərər vurma” cinayət əməlini törətməkdə təqsirli bilinib. O, 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Şərhlər