Xəbər lenti

Dünya şöhrətli azərbaycanlı:
Sənət 13:10 08.09.2019

Dünya şöhrətli azərbaycanlı: "Günahımızın bağışlanması üçün Papanın portretini çəkdim"

Dünya şöhrətli azərbaycanlı rəssam Sakit Məmmədov Türkiyədə "Opalizm" sərgisi ilə ölkə mediasının gündəmindədir. "SOCAR Türkiyə"nin dəstəyi ilə baş tutan insəcənət tədbirində rəssamın 160 əsəri nümayiş edilir.

Rəssam türkiyəli jurnalist Olkan Özyurta müsahibə verib. S.Məmmədov balıqçı atasından xəbərsiz Bakı Rəssamlıq Universitetində qeydiyyatdan keçməsindən, Papa II İohann Pavel, Kraliça II Elizabet, Monika Belluççi ilə tanışlığından söz açıb.

Qaynarinfo həmin müsahibəni təqdim edir:
 


- Məşhur rəssamsınız, amma incəsənətin içində doğulmamısınız. Macəranız necə başlayıb?
- Atam balıqçı, anam evdar qadın olsa da, evimizdə böyük kitab rəfi var idi. Atam oxumağı çox sevirdi, mən də sevdim. 12 yaşımda Balzakı, Hüqonu oxumuşam. Deyə bilərəm ki, kiçik yaşlarımda zehnim açıldı. Hamı öz üzərində işləməlidir. Rəsm və ədəbiyyata maraq duyurdum, lakin rəssamlıq mənim üçün daha vacib idi...

- Ailəniz sizə şərait yaratdı?
- Yox, ailəm şərait yaratmayıb. Azərbaycanın mənim yaşadığım bölgəsində rəssamlıq insanlara heç nə ifadə etmirdi. Atama qalsa, ya balıqçı, ya da ədəbiyyat müəllimi olardım. Onu bilirəm ki, rəssam olmasaydım, bədbəxt olardım. Buna görə də, atamı aldadıb rəsm məktəbində qeydiyyatdan keçdim.

- Necə baş verdi?
- Müəllimimlə Bakıda rəsm muzeylərini gəzmək üçün evdən icazə aldım. Lakin Bakıda rəsm məktəbi üçün imtahanlara girmək istəyirdim. İştirak etdim və qəbul oldum. Bu, mənim üçün ağ yalan idi. Atama rəssamlıq üzrə təhsil almaq istədiyimi desəydim, uğursuz olacağımı fikirləşib icazə verməyəcəkdi. Sonra ona vəziyyəti dedim, uğur qazandığımı biləndə, çox sevindi.

- Deyəsən, əzmli insansınız.
- Belə demək mümkündür. Amma mənim əzmkarlığım mənfi deyildi. Məsələn, kimsə Məhəmməd Füzuli haqqında danışanda, onu dinləmək əvəzinə Füzulini özüm oxuyub, özüm danışmağa üstünlük verirdim. Gecə-gündüz Füzuli oxuyurdum. Çalışqanlığın gücünə inanıram. Əvvəlcə potensialımı kəşf etdim, sonra isə çalışdım...

- Peterburq İncəsənət Akademiyasında Lenin təqaüdü ilə təhsil almısınız.
- Ailəm Bakıda qalmağımı istəyirdi, amma əsgərliyə getməli idim. Bakıda əsgərlik yerinə Sankt-Peterburqda rəssam kimi əsgərlik dövrü yaşadım. Həmin dövrdə rəsmlərimi nümayiş etdirdim. Sərgiyə gələn generallarla tanış oldum, onlarla dostlaşdım. O vaxtlar əsgərin generalla tanış olması qeyri-mümkün idi, mən isə portretlərini çəkirdim. Əsgərlikdən sonra Lenin təqaüdü ilə akademiyada oxudum. Təqaüd yalnız bir nəfərə verilirdi, mənə qismət olmuşdu. Akademiyanı bitirəndən sonra orada müəllim kimi çalışmağımı istədilər, amma qəbul etmədim. Məqsədim rəsm çəkmək və insanlara göstərə bilmək idi. Belə də oldu...

- Qərb dünyasında özünə yer etmək çox çətindir, bunu necə bacardınız?
- Alın yazısına inanıram, amma mən alın yazımı alın tərimlə təmizləyib, onu yenidən yazan insanlardanam. İnsanların önyarğıları var, amma mənfi düşüncələri aradan qaldırmaq bizim əlimizdədir. 1990-cı illərin əvvəllərində Qərbdə, Vyanada sərgi açmaq istəyirdim. Qalereyanın sahibi türk əsilli olduğumun bilinməsini istəmirdi. Tarixdəki "Vyana mühasirə"sinə görə türklər sevilmirdi. Onun bu fikirlərinə güldüm və "Əsrlər keçib, bir türk olaraq rəsmlərimlə qalereyanızı işğal etdim", - deyə bildirdim, o da güldü. Həmin sərgi digər Avropa ölkələrində sərgilər açmağım üçün cığır yaratdı. Özünüzü inkar etmədən mövcud olmağa çalışsanız, hörmət edilən birinə çevriləcəksiniz.

- Papa II İohann Pavelin portretini çəkməyiniz əhəmiyyətli hadisədir. Necə baş verdi?
- O illərdə İtaliyada qalereyada işləyirdim. Rəsmlərimi gördülər, təklif etdilər və qəbul elədim. Uşaqlıqda atama Papa ilə tanış olacağımı deyirdim. Həmin zamanda Sovet İttifaqı qapalı ölkə idi. Bu hekayəni Papa II İohann Pavelə danışdım. Keçmişdə bir türk Papanı güllələmişdi, mən də günahımızın bağışlanması üçün onun portretini çəkdim.


 
- Türkiyədə kimlərin rəsmini çəkmək istərdiniz?
- Atatürk, Dədə Əfəndi, Tövfiq Fikrətin rəmslərini çəkmək istərdim, amma mümkün deyil. Fotolara baxaraq rəsm çəkməyi sevmirəm, insanın ruhunu, özünü görüb çəkməyə üstünlük verirəm. Həmin şəxslər həyatda olmadığı üçün istəyim reallaşmayacaq. Müğənni Ajda Pekkanın portretini çəkmişəm.

- Portretini çəkdiyiniz digər məşhurlar kimlərdir?
- Aktrisa Monika Belluççi Bakıya gəlmişdi. Atelyem onun qaldığı hotelin yaxınlığında yerləşirdi. Atelyemə ziyarətə gəldi, onun portretini çəkdim. Bir neçə əsərimi də almışdı.
 
- İngiltərə Kraliçası II Elizabetlə yolunuz necə kəsişdi? Hər rəssam onunla görüşməyə nail ola bilmir, siz isə bir neçə dəfə qarşılaşmısınız...
- Azərbaycanda Atçılıq Federasiyasının rəhbər köməkçisi idim. Kraliçanın şərəfinə təşkil edilən tədbir üçün İngiltərəyə at aparmışdıq. II Elizabet rəsm və rəssamlığa maraq duyurmuş. Rəssam olduğumu öyrənəndə görüşmək istədi. Əlim boş getmədim və Cıdır Düzü rəsmimi aparıb ona hədiyyə etdim. Yarım saat ərzində Azərbaycandan bəhs etdim, maraqla dinlədi. Rəsmin "Windsor Sarayı"nda asılmasını istədi. Bildiyim qədərilə Kraliça uzun danışmağı sevmir. Məndən sonra bir sultanla üç, digər sənətçi ilə beş dəqiqə danışdı. Deyə bilərəm ki, söhbətimiz tutmuşdu. Daha sonra iki dəfə də görüşmüşük. Çay mərasiminə dəvət etmişdi. O zaman "Bahar qızı" adlı əsərimi hədiyyə etdim. Deyəsən, rəsm tərzim onun zövqünə uyğun gəlir.


 
- Digər dövlət rəhbərlərlərindən rəsmlərinizi sevən var?
- Vladimir Putinin kolleksiyasında 5 rəsmim var. Bill Klintonda da əsərlərim var.

- Sizcə, rəsmlərinizi niyə sevirlər?
- Dünyada hər kəsin dərdləri, problemləri var. Mən problemlərdən bəhs etmirəm. Daha ümidverici rəsmlər çəkirəm. Fikirləşirəm ki, bu, insanların xoşuna gəlir.

Tərcümə: Gülşən Mehdiyeva

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->