Milli Televiziya və Radio Şurası (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla Moderator.az-a açıqlamasında həkim və müalicə reklamlarına televiziyalarımızda son qoyulmasının vacibliyini vurğulayıb:
"Ümumiyyətlə, hesab edirəm ki, həkim və müalicə reklamları qadağan olunmalıdır və bu qaydaları pozan adamlar sərt şəkildə cəzalandırılmalıdır. Siz diqqət edin, televiziya ekranlarına bir həkim çıxıb özünü reklam edirsə, hansısa şou verilişində oturub, şoumenlər tərəfindən "bir nömrəli həkim” adlandırılırsa, onun hədəfi ancaq kommersiyadır. Bunların özünüreklamı korporativ maraqlara, xəstəyə müştəri kimi baxmağa xidmət edir. Bunu insanlar görmür, fərqində deyillərmi? Həmin həkimlər utanmırlar verilişə çıxırlar? Dünyanın hər bir yerində həkimin özünü reklam etməsi utanverici bir şeydir. Azərbaycanda da bu biabırçılığa son qoyulmalıdır. Bu qanunda olan boşluqlardan sui-istifadə etməkdir. Bir şoumen kimdir ki, o, həkimi Azərbaycan ictimaiyyətinə bu cür təqdim eləsin. Əslində həkimlərin içində 1-2 nömrəli həkim ola bilməz. Dövlət həkimlərin hamısına diplom verib. İnsanlar üçün ancaq maarifləndirici söhbətlər aparıla bilər. Səhiyyə Nazirliyi buna ciddi nəzarət etməlidir”.
Şərhlər