Siyasət 11:51 12.06.2021

Düşmənin sərhəd təxribatları Laçın dəhlizinin bağlanması ilə sonuclana bilər? (ŞƏRH)

"Bu, İrəvanı təxribatlardan çəkindirmək üçün bir vasitədir, amma hələlik tələsməyək, seçkinin sonunu gözləyək”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov "Ermənistanın səngimək bilməyən sərhəd təxribatlarının Laçın dəhlizinin bağlanmasına təkan verə bilərmi" sualını cavablandırarkən deyib. Onun fikrincə, Bakı İrəvanı bu təxribatlardan çəkindirmək üçün bir çox vasitələrdən istifadə edə bilər:
 


"Ermənilərin son zamanlar sərhəd xəttində törətdikləri təxribatların sayının artması onu göstərir ki, düşmən tərəf bu cinayətləri məqsədli şəkildə edir. Belə olan halda Azərbaycan bir çox vasitələrdən istifadə etməklə İrəvanı bu kimi təxribat əməllərindən çəkindirə bilər. Bu istiqamətdə ilk növbədə siyasi vasitələrə əl atılır.  Belə ki, 10 noyabr bəyanatında da göstərilir ki,  belə təxribat halları daha baş verməməlidir.  Bu baxımdan baş verən olaya vasitəçilərin, həm Türkiyə, həm də Rusiyanın diqqətini cəlb etmək olar”.  

Sabiq nazir deyib ki, düşməni belə təxribatlardan çəkindirməyin ikinci yolu hərbi baxımdan onlara lazımı şəkildə cavab vermək və yerlərində otuzdurmaqdan keçir. Digər yol isə Laçın və digər dəhlizlərin ermənilərin üzünə bağlanması yoludur.   

Lakin həmsöhbətimiz Ermənistanda seçki başa çatanadək yuxarıda qeyd etdiyi vasitələr istiqamətində addım atmağa tələsməməyi tövsiyə edir: 
"Ermənistan seçkiərəfəsi dövrünü yaşayır. Hazırkı dövrdə düşmən ölkədə müxtəlif qüvvələr imic baxımından özünü göstərmək istəyir. Bu baxımdan hesab edirəm ki, baş verən təxribatlara görə düşmənə Laçın dəhlizini bağlamaq və yaxud sadaladığım digər addımlarla cavab verməkdə tələsməməliyik. Bunu nəzərə almaq lazımdır. Amma Ermənistanda hakimiyyət formalaşandan sonra, təxribatlar davam edərsə, Laçın dəhlizinin bağlanması və yaxud digər çəkindirici vasitələrdən istifadə etməyimiz öz əlimizdədir”.

Rüfət Sultan