Xəbər lenti

Dövlət bu yolla yazıçıların şəraitini yaxşılaşdıra bilərmi? (RƏYLƏR)
Sənət 12:40 23.09.2019

Dövlət bu yolla yazıçıların şəraitini yaxşılaşdıra bilərmi? (RƏYLƏR)

"Dövlət strukturlarında, məsələn, Mədəniyyət Nazirliyində indi də kitab kollektorları var. Amma onun elə imkanı yoxdur ki, əvvəlki illər kimi çox kitab alsın".

Bu fikirləri Qaynarinfo-ya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitab kollektorlarının yeni dövrə uyğun şəkildə bərpa edilməsi ilə bağlı danışarkən deyib.
 
O, nəşr olunan kitabların ədəbiyyatın inkişafına təkan vermək məqsədiylə dövlət tərəfindən alınıb ictimai və məktəb kitabxanalarıına paylanmasını mümkünsüz hesab etdiyini bildirib:

"O dövrdə tamam başqa cəmiyyət idi. O vaxt Azərbaycanda 30 min, 50 min, 100 min tirajla kitablar çap olunurdu. Həmin dönəmlərdə Türkiyədə demək olar, kitab çap olunmurdu, 500-1000 tirajla çıxarardılar. Bu baxımdan türklər bizə həsəd aparırdılar. Zamanla onlarda nəşriyyatlar inkişaf etdi, bizdə isə kitablar cüzi tirajla çıxmağa başladı. O vaxt kitab nəşri və satışı indiki kimi vahid mexanizm deyildi. O dönəmdə kitab çıxarılmazdan 2-3 il əvvəl nəşriyyat planına salınırdı, o plan bir-neçə mərhələdə təsdiq olunurdu: nəşriyyatda, Yazıçılar İttifaqında, bədii ədəbiyyat üzrə nəşriyyat komitəsində. Daha sonra hətta Mərkəzi Komitəyə gedirdi. Kitabların aşağı tiraji 3-5 min, böyük əsərlərin, romanların tirajı daha çox olurdu. Əvvəla, kitab şəbəkəsi vardı. Bakıda 100-ə yaxın kitab mağazası fəaliyyət göstərirdi. Hər bir rayonda iki mərtəbəli kitab mağazası vardı. Təəssüf ki, bunlar hamısı özəlləşdi, təyinatını dəyişdi. 
Siz dediyinizə gəlincə, ona kollektor deyirlər. Məsələn, kitab kollektorları Mədəniyyət Nazirliyinin və Təhsil Nazirliyin nəzdində vardı. Bunların kitabxanalarına da dövlət özü o kitablardan alıb, yayırdı. Buna xeyli vəsait ayrılırdı. İndi demək olar ki, o vəsait yoxdur. Dövlət strukturlarında, məsələn, Mədəniyyət Nazirliyində indi də kitab kollektorları var. Amma onun elə imkanı yoxdur ki, əvvəlki illər kimi çox kitab alsın. Müəyyən dərəcədə olur ki, hansısa müəllifin maraqlı kitablarından dövlət üçün, kitabxanalar üçün bəzisindən 20, bəzisindən 50-100 nüsxə nəşriyyatdan sifariş edib alırdılar. Mən də elə o yaradılmış komissiyanın üzvü idim. Bu kitab çapı kompleks məsələdir". 

Rəşad Məcid dirçəlmənin birinci yolunu rəqabətdə olan, bazara işləyən nəşriyyatların mövcud olmasında görür:

"15 il əvvəl bizdə ümumiyyətlə kitab mağazası yox idi. 10 il əvvəl biz kitab müsabiqəsi keçirəndə bir çox rayonlara tədbirə getdik. Heyrət etdim ki, bizim Mədəniyyət mərkəzləri olan şəhərlərdə belə kitab mağazası yoxdur. Və bunu hamı, Mədəniyyət Nazirliyi də, Təhsil Nazirliyi də deyirdi. Son illərdə kitab mağazalarının sayı artmağa başladı. "Qanun" və "Əli və Nino" kitab şəbəkəsi bu mənada öncül yeri tuturlar. Onlar qayda-qanuna uyğun işləyirlər. Bunlarla paralel çoxlu nəşriyyatlar var, amma təəssüf ki, onların kitab satış mağazaları azdır. Məsələn, "Təhsil" nəşriyyatı mağazasını açmışdı. Orada Azərbaycan Təhsil və Mədəniyyat nazirliklərinin üzvləri də iştirak etmişdi. Yəni Azərbaycada kitab mağazasının açılmasına önəm verirdilər. "Libraff" kitab mağazası... Sağolsunlar, onlar da mağaza açdı. Ötən il Bakıda qlamur Bakı Kitab Mərkəzi açıldı. Bunlar hamısı müəyyən mənada kitab satışının dirçəlməsini göstərir. Ancaq dirçəlmənin birinci yolu rəqabətdə olan, bazara işləyən nəşriyyatların olmasıdır. Belə bir nəşriyyat bizdə sadəcə "Qanun" nəşriyatıdır ki, özünün "Əli və Nino" ilə kitab satışı şəbəkəsi var, özü də kitab çap edir, cüzi də olsa müəlliflərə qonorar verir. Bu proseslər bir neçə nəşriyyatda da başlayıb. Fikrimcə, kitab ticarətini və müəlliflərin qonorarını inkişaf elətdirmək üçün Azərbaycanda 10-15 belə nəşriyyat olmalıdır. Rəqabət yaranmalıdır ki, kitab satışına impuls versin. 

27-29 sentybar tarixlərində Bakıda Beynəlxalq kitab yarmarkası keçiriləcək. Orada nəşriyyatlar öz kitablarını təqdim edəcək. Düzdür, bir çox nəşriyyat olacaq, ancaq satış üçün daha çox çalışan "Qanun" nəşriyatıdır, kitab stendlərinin qarşısında həmişə qələbəlik olur. Bu, hər birimizi narahat edən məsələdir. Dövrün də günahı var, internetin də. Əvvəllər kitab, roman oxuyan insanlar indi Xoşqədəmin verilişlərinə baxırlar. Müxtəlif səbəblər var. Ancaq hər halda biz müqavimət göstərməliyik. Kitabın hər zaman hörmət və ehtiramını saxlamalıyıq". 

Yazar Şərif Ağayar isə problemin həlli üçün tanınan qələm adamlarının toplaşıb ölkə rəhbərliyinə müraciət etməyini təklif edib: 

"Məncə, kitabla bağlı problemləri ayrı-ayrı detallarla deyil, birdəfəlik, kökündən həll eləmək lazımdır. Bunun üçün iki vacib iş var. Birincisi, kitab industriyasını formalaşdırmaq, ikincisi, kitaba və kağıza mümkün olan bütün güzəştləri tətbiq etməkdir. Hər iki məsələ kifayət qədər ciddidir və ayrı-ayrı təşkilatlar, imzalar səviyyəsində deyil, dövlət səviyyəsində həll edilməlidir. Bunun üçün bütün tanınan qələm adamları toplaşıb ölkə rəhbərliyinə müraciət etməli, məsələ qaldırmalıdır. Məncə, səsimiz eşidiləcək. Kitab ümummilli məsələdir. Düşüncəsindən asılı olmayaraq hər kəs kitab ətrafında birləşməlidir. Kitabı qüdrətli olmayan ölkədə heç nə sözün əsl mənasında qüdrətli ola bilməz. Bütün mütərəqqi yollar kitabdan keçir".

"Xan” nəşriyyatının baş redaktoru Müşfiq Xan isə kitab satışını gücləndirmək üçün rayonlarda yarmarka təşkil etməyi məqsədəuyğun hesab edir:

"Ölkədə fəaliyyət göstərən kitabxana kollektorları, mərkəzləşdirilmiş kitabxana sistemi var. Onun da paytaxtın hər bir rayonu üzrə filialı var. Məsələn, Yasamal 1 saylı MK, 2 saylı MK və s. kitabxanalar var. Bakı şəhəri üzrə olan bu kitabxanaların sayı hardasa 50-ə yaxındır. Bu mərkəzi kitabxanalar o cümlədən regionlarda fəaliyyət göstərir. Səhv eləmirəmsə, bir neçə rayonda ən azı bir mərkəzi kitabxana var. Onların da kollektorları fəaliyyət göstərir. Ancaq məncə, onların prinsipləri bir az fərqlidir. Bakı şəhərində olan kitabxana kollektorlarının kitabları alması və filiallara paylaması nəğd alış ilə, yəni köçürülmə yolu ilə həyata keçirilir. Rayon kollektorlarına isə prezidentin sərəncamına əsasən hər il pul ayrılır. Rayon kollektorları mağaza sistemi ilə işləyirlər. Bu prinsip hazırda da var və bu, yekunda kitabların zədələnməsinə səbəb olur. Məsələn, 10 kitabdan birinin satılması, qalanların isə geri qaytarılması halında kitabların sıradan çıxması problemi yaranır. Ona görə də rayon kollektorları ilə işləmək işi çətinləşdirir. 

Həmçinin sovet dönəmində olduğu kimi, məcburi nüsxə iş sistemi var. Nəşriyyatlar Milli Kitabxanaya nəşr etdiyi yeni kitablardan hər ay 5-10 nüsxə verir. Bu işə baxan məsul şəxslə hər ay əlaqə saxlayırıq və yeni çap olunmuş kitablardan aparırıq. Bu, artıq nəşriyyatın dövlətin tətbiq etdiyi məcburi nüsxə sisteminə əməl etməsidir. Nəşriyyatsansa, kitab çap etmisənsə, sərəncama uyğun olaraq bunu etməlisən. Biz bunu edirik. 3-5 sayda kitab olur, o da Mərkəzi Kitabxanaya təhvil verilir. Yəni kənar kitabxanalara verilmir. 

Müşfiq Xan dövlət tərəfindən kollektorlara kitabları ala bilməsi üçün büdcə ayrıldığını deyib:

"Onlara büdcə ayrılır. Ancaq alınacaq kitabları rayon kitabxanaları özləri seçir. Çox təəssüf ki, burada tanışlıq, qohum-əqrəba amili əsas olur. Tutaq ki, kimsə qohum-əqrəbasından kitab yazıb. Ədəbi, bədii göstəriciləri yerində deyil, monoqrafiya tərəfdən yetərli vəsait deyil. Bu kitablar satılır, yeri gələndə məktəblərə qədər gedib çıxır. Elxan müəllimin vaxtında Bakı kitab klubu vardı. Ondan sonra o məsələ də səngidi. Adicə Bakının özündən insanlar kurasiya etməyə tənbəllik edirlər. Biz də bilirik ki, Azərbaycanda yolunu kitab mağazasından salmaq, asudə vaxtını kitab seçməklə keçirtmək kimi adət yoxdur. Səyyar kitab satışları, yarmarkalar daha çox effekt verir. Yəni kitabı oxucunun ayağına aparanda müəyyən effekt görürsən. Yaxşı olardı ki, regionlarda da parklarda, açıq havada, yəni insanların istirahət etdiyi yerlərdə bir-iki gunlük yox, bir həftəlik kitab yarmarkası təşkil ediləydi. Ancaq başqa üsullar effekt verməyəcək. Nə kitab satışında, nə də mütailənin artmasında. Və belə problemlər yenə davam edəcək”. 

Qeyd edək ki, yazıçı Pərviz Cəbrayıl kitab satışını gücləndirmək və yazıçıların maddi durumunu düzəltmək, yazıçının peşəkarlığa aparan yollarını açmaq üçün vasitələrdən birini - qaydaları yeni dövrün reallıqlarına uyğun olaraq formalaşdırmaqla SSRİ zamanı mövcud olmuş kitaba dövlət sifarişi və satınalması sistemini bərpa etməyi təklif edib. Yəni nəzərə alanda ki, ölkədə 6 min ictimai və nə qədər məktəb kitabxanası var, tirajı təsəvvür etmək olur. 

Röya Kərimli
Qaynarinfo


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->