Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
Oxu.az-ın məlumatına görə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.
2019-cu il üçün isə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.
2020-ci il üçün ehtiyac meyarının həddi də məlum olub.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub.
2019-cu ildə isə bu rəqəm 143 manat məbləğində idi.
Qeyd edək ki, sənədlərə Milli Məclisdə 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı baxılacaq.
"Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Ehtiyac meyarı isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Şərhlər