Ölkə 17:28 16.01.2023

Şəhid ailəsi 11 min manatlıq kompensasiyasını ala bilmir - “Prezidentə müraciət edəcəm”

Ağdamdan məcburi köçkün olan, şəhid ailəsi Aminə Əliyeva şəhid ailələrinə ödənilən 11 min manat məbləğində kompensasiyanı ala bilmir. 

Bu barədə Qaynarinfo-ya Aminə Əliyevanın özü bildirib. Onun sözlərinə görə, həyat yoldaşı Birinci Qarabağ savaşında şəhid olub:

"Həyat yoldaşım Məmmədov Rafael Qaffar oğlu 15 may 1992-ci il tarixda Ağdam rayonunda şəhid olub. Dövlət məni şəhid ailəsi kimi tanıyır. Vəsiqə də veriblər. Amma kompensasiyanı ala bilmirəm. Deyirlər ki, yoldaşınız könüllü gedib müharibəyə. Könüllü gedibsə də, ona şəhid statusu verilib və mən də şəhid ailəsi kimi tanınıram. Vəsiqədə qeyd edilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanundan yararlana bilərəm. Amma şəhid ailəsi kim nə ev ala bilmişəm, nə də kompensasiya”.
 


Şəhid xanımı deyib ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədir: "Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edtməyi düşünürəm. Ümid edirəm ki, onlar problemin həllinə yardımçı olar və nəhayət, bizim də hüquqlarımız bərpa edilər”.

Qaynarinfo məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı müraciətinin araşdırıldığını, lakin onun həyat yoldaşının adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının müvafiq siyahısında aşkar olunmadığı müəyyən edilib:

"Məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur”.

Seyid