Fevralın 25-də magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilib. DİM-dən verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 12 min 387 bakalavrdan 146-sı imtahana gəlməyib.
Maraqlıdır ki, imtahanda müəyyən səbəblərdən iştirak edə bilməyənlərin ərizə qəbulu üçün ödədiyi məbləğ (50 manat) geri qaytarılmalıdırmı?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, əgər xidmət göstərilibsə, o xidmət üçün pul ödənilməlidir. Yox, göstərilməyibsə, həmin xidmətin pulu geri qaytarılmalıdır:
"DİM magistraturaya imtahan keçirir Adam 50 manat birinci mərhələyə, 60 manat da ikinci mərhələyə pul ödəyir. İmtahanda iştirak edənə sual kitabçası verilmir. O zaman iştirakçı həmin pulu niyə ödəyir?! DİM deyir ki, bizim xərclərimiz çıxır. Xərclər nəyə çıxır ki?!
Suallar TQDK dövrünün suallarıdır, təzə sual yoxdur. O vaxt da həmin suallar dövılət büdcəsinin vəsaiti hesabına alınıb. İmtahanlar məktəb binalarında keçirildiyindən icarə haqqı da ödənilmir. Maksimum xərc nəzarətçilərə çıxır. Nəzarətçilərin də sayı 400-500, maksimum 1000 nəfər olsun ki, onların da hərəsinə 40-50 manat pul verilir. Deyək ki, sual kitabçasının hazırlanması 50 manata başa gəlir. Amma hər iştirakçı üçün ayrılıqda həmin kitabçadan hazırlanmır. Bir ədəd hazırlanır və imtahan iştirakçılarının hamısına həmin kitabçanın üzü paylanılır. İmtahanların maksimum qiyməti 10 manatdan artıq ola bilməz. Başa düşmək olar ki, DİM publik hüquqi şəxsdir, dövlət tərəfindən maliyələşmir. Amma ərizə qəbulu üçün alınan pul həddən artıq çoxdur, real deyil. Düzdür, dünyada bahalı imtahanlar var. Məsələn, İELTS, YÖS, SAT və s. onların qiyməti 250-300 manatdır. Amma o imtahan nəticələri dünyanın 200-ə yaxın ölkəsində tanınır. DİM-də belə desək məhsul əlinizə gəlmədən onun pulunu ödəyirsiz. Belə ki, ərizəni təsdiq etmisizsə, həmin 50 manatın üstündən su için getsin".
Çingiz Səfərli
Şərhlər